İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCAN HÖKUMƏTİ ZORƏN QİYMƏT SİYASƏTİ YERİDİR

1795 24.11.2010 09:39 İqtisadiyyat A A
Bu proseslərin içərisində müşahidə olunan maraqlı məqam ondan ibarətdir ki, hakimiyyət ölkədə zorən qiymət siyasəti yeritməkdədir. Məsələn, qiyməti artırmaqla-artırmamaq arasında qalan sahibkarlar düşdükləri vəziyyətə görə daha çox gömrükdən şikayətlidirlər. Gömrükdəki qeyri-rəsmi ödənişlər artırıldıqca onlar da məcbur olub qiymətləri qaldırmalı olurlar. Baha qiymətə isə vətəndaşların alıcılıq qabiliyyəti olmadığı üçün qazanc əldə etmək mümkün olmur. Hökumət qiyməti endirəndə də zor tətbiq edir. Çörəyin qiyməti ilə bağlı baş verənlər bunu deməyə əsas verir. Bu cür zorlu qiymət siyasətinə rəvac verən nədir? İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, əsas bahalaşma idxal mallarında və mövsümi amillərlə bağlı olaraq meyvə-tərəvəz məhsullarının qiymətində baş verir: “İdxal malları kifayət qədər xüsusi çəkiyə malikdir və təbii ki, onların qiymətinin bahalaşması inflyasiyanın səviyyəsinə əhəmiyyətli təsir göstərir. Əslində 2005-ci il mayın 31-də verilmiş ”Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" prezident fərmanı icra olunsaydı, yəqin ki, bu gün bu hallarla çox rastlaşmazdıq. Mövsümi amilləri iqtisadi vasitələrlə, yaxud da idarəetmə üsulları ilə tənzimləmək mümkün deyil. Burada prosesləri daha çox bazar idarə edir. Eyni zamanda mövsümi amillərlə bağlı qiymət artımının arxasında monopoliyaları axtarmaq o qədər də düzgün deyil, bu bazar rəqabətli bazardır". İdxal mallarının qiymətinə gəlincə, ekspert bildirir ki, bu istiqamətdə artımlar sırf monopol şəraitdə baş verir: “Yuxarıda xatırlatdığımız sərəncamda da bildirilir ki, Vergilər Nazirliyi və Statistika Komitəsi idxal, topdansatış və pərakəndə satış qiymətlərinin cədvəlini ildə bir dəfə mətbuatda dərc etməlidir. Təəssüflər olsun ki, prezidentin fərmanında olan bu müddəanı bu iki dövlət qurumunun heç biri yerinə yetirmir. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyinin də burada üzərinə müəyyən vəzifələr düşür. Xüsusilə də rəqabətin təmin edilməsi, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi, bazarlara giriş baryerlərinin aradan qaldırılması kimi məsələlərin öhdəsindən həmin nazirlik layiqincə gəlmir. Fərmanda həm də əmtəə bazarında monitorinqin aparılması və ildə bir dəfə ölkə prezidentinə məlumatın verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bunu da etmirlər. Çünki bunu etsəydilər, ölkə başçısı səviyyəsində qiymətlərin hansı tələbatla bahalaşdırılmasını müəyyənləşdirmək o qədər də çətin olmazdı. Mən demirəm ki, bütün qiymətləri bahalaşdıran monopoliyadır. Elə bazarlar var ki, orada monopoliyanın təsiri yoxdur. Məsələn, Azərbaycanda taksi, bərbərxana qiymətləri bahadır, amma bunu monopoliya ilə əlaqələndirmək düzgün deyil. Amma bu gün sürətlə bahalaşan qiymətlər ya monopoliya, ya da olqopol fəaliyyət nəticəsində bahalaşır. Məsələn, yumurtanın qiymətinin son dövrlər bahalaşmasının əsas səbəblərindən biri məhz olqopoliyanın nəticəsi idi. Bildiyiniz kimi, broyler fabriklərinin birliyi mövcuddur və sövdələşərək qiymətləri diktə edirlər. Bütün bunlar da ondan irəli gəlir ki, Azərbaycan hökuməti, xüsusilə də İqtisadi İnkişaf Nazirliyi qarşısında duran vəzifələrin icrası ilə, ən əsası isə antiinhisar siyasəti ilə bağlı fəaliyyətini düzgün qura bilmir. Bunun da bir səbəbi bilirsiniz ki, antiinhisar siyasəti ilə bağlı hüquqi bazanın mükəmməl olmamasıdır. Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı təşəbbüs oldu, layihə hazırlandı, hətta parlamentdə bir neçə dəfə oxunuşa çıxarıldı, amma yekunda qəbul olunmadı. Halbuki bu, qiymət bahalaşmasına qarşı aparılan mübarizədə istinad olunmalı vacib sənədlərdən biridir”.
Ekspert daha bir maraqlı məqama toxundu. Bildirdi ki, Mərkəzi Bankın ilin 9 ayı ilə bağlı hesabatında da inflyasiya artırıcı amillərin daha çox qeyri-monetar amillər olduğu meydana çıxır. Belə ki, qurumun açıqlamasına görə, ötən müddət ərzində inflyasiya yaradıcı millərin 26,5 faizi monetar, 73,5 faizi isə qeyri-monetardır. Bu amillər isə daha çox monopoliya, inhisar, rəqabətsizliyi ehtiva edir. MB-nin hesablamalarına görə, ilin 9 ayında meyvənin qiyməti 22,4 faiz bahalaşıb.
Q.İbadoğlunun sözlərinə görə, İTM-in müşahidələri göstərir ki, qiymətlərin bahalaşmasının iki səbəbindən biri idxaldakı inhisarçılıqla əlaqədardır: “Bizdə olan məlumatlara görə, idxaldakı qeyri-rəsmi ödənişlərin həcmini kifayət qədər artırıblar. Bizim təşkilatın araşdırmaları göstərir ki, bununla yanaşı, gömrükdə həm də kifayət qədər yüksək olan qeydiyyatsız dövriyyə var. Qiymətlərin şişməsində qeydiyyatsız dövriyyə də əsaslar yaradır. Bütün bunlara rəğmən, qarşıda duran əsas vəzifələrdən biri də Azərbaycanın Dünya Ticarət Təşkilatına girməsi və bu kontekstdə gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflaşdırılmasıdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR