İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ərazindəki qanunsuz qaz kəməri və ya Qarabağ ermənilərini “qaza gətirən”lərin sükutu  

5496 22.03.2022 20:43 Yazarlar A A

 

Ermənistanın Xarici İşlər Nazirliyi “xaric səslər” buraxmaqda davam edir. Bu dəfə vay-şivən salıb beynəlxalq aləmə müraciət ediblər ki, qoymayın, Azərbaycan Ermənistandan (!) Xankəndiyə verilən qazı kəsib, Qarabağdakı ermənilər soyuqdan donur!

Həyasızlığın həddi-hüdudu yoxdur bu hay tayfası üçün. O gün də BMT-nin İrəvandakı nümayəndəsini XİN-ə çağırıb, nota təqdim etmişdilər ki, bəs niyə qurumun Bakı ofisinin təmsilçisi Şuşaya səfər edib, BMT bayrağı Şuşada qaldırılıb.

İndi də deyirlər ki, Azərbaycan Ermənistandan Qarabağa çəkilmiş qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılmasına imkan vermir. Artıq açıq danışmağın zamanıdır, özü də ən kəskin şəkildə. Demək lazımdır ki, ay filan-filan şüdə, sən Azərbaycana imkan verərsənmi 43 km-lik Mehri bölgəsindən keçməklə Naxçıvana qaz kəməri çəksin, hansısa qəza olanda da sərbəst şəkildə gedib təmir eləsin? Yaxud Ermənistan 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il üçtərəfli anlaşmalarına əməl etdimi ki, hələ Azərbaycandan Qarabağ erməniləri ilə bağlı hansısa humanist addım gözləyir?

Rəsmi Bakının mövqeyi birmənalıdır: Qarabağdakı erməni terrorçu-separatçı qüvvələr dərhal bölgəni tərk etməli, Azərbaycan Konstitusiyasını, bayrağını qəbul edən erməni əhali isə qanunların imkan verdiyi çərçivədə orada yaşaya, Azərbaycan vətəndaşları olaraq bütün hüquqlardan yararlana bilərlər. 10 noyabr 2020-ci il tarixli anlaşmaya əsasən, bu gün Qarabağda hansısa erməni qanunsuz silah gəzdirməli deyildi, amma erməni canilər hələ indi “özlərini müdafiə” adı altında silahlanırlar. Deyirsiniz yəni rəsmi Bakı Xocavənddən Azərbaycan əsgərinə səsgücləndirici ilə müraciət edib, “atəş açmayın, sizi evdə gözləyirlər”, deyəcək qədər boşboğazlıq, uzunqulaqlıq edənlərin nazı ilə bundan sonra da oynamalıdır?! Yox, olmayacaq, oyunlar bitdi! 

Hələ də başa düşmək, reallığı anlamaq istəmirlərsə, başa salacağıq! Prosesləri diktə edən Azərbaycandır, Qarabağda da Azərbaycan qanunları işləməlidir, vəssalam! Martın 8-də Şuşanın Zarıslı kəndi yaxınlığından keçən qaz xəttində qəza baş verib. Qaz xətti haradan çəkilib? Ermənistandan! Niyə? Hansı əsasla? Bəlkə Ermənistanla Azərbaycan dövləti arasında hansısa əməkdaşlıq sazişi imzalanıb, xəbərimiz yoxdur. Azərbaycan çox humanist dövlətdir. 30 illik işğala, başımıza gətirilən müsibətlərə, Gəncənin dinc sakinlərinin yatdığı yerdə qətlə yetirilməsinə görə Qarabağ erməniləri müharibədən sonrakı il yarım ərzində Ermənistandan maneəsiz qaz almağa haqq etmirdilər! Baş terrorçu Araik Arautyunyan “Gəncənin bombalanmasını mən əmr etmişdim”- dediyi halda, Azərbaycan onun fasiləsiz qazla təmin olunmasına – özü də qeyri-qanuni olaraq – imkanmı tanımalıydı?!

Arutyunyan və digərləri barədə cinayət işi qaldırılıb,  Azərbaycan ərazisində özlərini “respublika” sayacaq qədər həyasızlıq edənlərin qazı kəsilib? Belə cəhənnəmə ki?! İşıqsız qalırlar? Belə gora ki! Elektrik işığında, qaz sobasının yanında, kreslolarında oturub, Azərbaycanın ünvanına hürəcəklər, biz də sakitcə seyr edəcəyik?! Yox, daha keçməz!

Ermənistan rəsmiləri və Qarabağdakı “vaxtsız banlayan xoruzlar” deyirlər ki, martın 19-da Rusiya sülhməramlılarının köməyi və Azərbaycanla apardığı danışıqlardan sonra qaz kəməri təmir olunubmuş, amma 21 martda yenidən qaz kəsilib. Yenə də Azərbaycanı ittiham edirlər, guya hansısa müdaxilə olub. Lap belə əcəb olub! Necə olmalıdır? Araik Arutyunyan Ermənistan prezidentinin andiçmə mərasimində yayxananda anlamırdımı ki, Qarabağda rahat yata bilməyəcək. Rusiya sülhməramlıları da öz işləri ilə məşğul olsunlar, Azərbaycan dövlətinin daxili işlərinə qarışmasınlar! Qarabağ erməniləri qaz istəyir? Bakıya nümayəndə heyəti yollasınlar, yaxud müraciət ünvanlasınlar, tövbə eləsinlər, qanunlarımız qarşısında cavabdehlik daşısınlar. Avropa ölkələrinin qaz təchizatında böyük rolu olan Azərbaycan dövlətinin bir ovuc erməni üçün də qazı olar, yetər ki, ermənilər məsuliyyətini dərk eləsinlər.

Məsələnin başqa tərəfi var: Ermənistan qaz tədarük edən ölkə deyil, heç “ördək-qaz ixrac edən ölkələr” sırasında da adı yoxdur. Deməli, Qarabağ ermənilərinə qanunsuz şəkildə ötürülən mavi yanacağın mənbəyi digər ölkələrdir. Ya Rusiya qazıdır, ya da İran. Bu günlərdə məlum oldu ki, 1 apreldən etibarən Rusiyanın “Qazprom” şirkəti Ermənistanda mavi yanacağın qiymətini 6 faiz qaldıracaq. 1 000 kubmetr üçün 266.71 ABŞ dollarından 282.6 ABŞ dolları. Deməli, Ermənistanın özünü növbəti fəlakətlər gözləyir. Amma di gəl ki, Azərbaycanın Qarabağ bölgəsinə burun soxur, qaz verir, maliyyə ayırır.

Ümumiyyətlə, Ermənistan elektrik enerjisi və təbii qaza olan ehtiyacını İran və Rusiya vasitəsilə təmin edir. Rusiyadan başqa, İran da hər il Ermənistana 400-500 milyon kubmetr mavi yanacaq ixrac edir. Tehran bunun əvəzində Ermənistandan bir kubmetr qaza görə 3 kilovatt/saat elektrik enerjisi alır. Deməli, Xankəndiyə qanunsuz ötürülən qaz Rusiya və İrandan gəlir və faktiki olaraq onlar da bu qanunsuzluqda iştirakçıdırlar. Nəyahət,  Azərbaycana qarşı hərəkətlərə son qoyulmalıdır. Xüsusilə ona görə ki, İranla bu günlərdə saziş imzalamışıq, əməkdaşlığın növbəti mərhələsi başlayıb, Rusiya ilə də bir-birinin ərazi bütövlüyünə hörmətin əks olunduğu müttəfiqlik sazişi var. 44 günlük müharibədən sonra Qarabağa Ermənistan vasitəsilə qanunsuz daşımalar həyata keçirən İran maşınlarına “stop” qoyuldu, Rusiya tərəfə də vacib xəbərdarlıqlar edildi. İndi növbəti müdaxilələrlə bağlı son sözü deməyin vaxtıdır! Moskva və Tehran İrəvana bəyan etməlidir ki, bizim sizə verdiyimiz qaz və ya elektrik enerjisindən Qarabağa ötürülə bilməz, o halda...

Bəli, Azərbaycan Rusiya ilə saziş imzalamadan Dərbəndə, yaxud Tehranla razılaşdırmadan Ərdəbilə nəsə göndərə bilərmi? Təbii ki, yox. O halda beynəlxalq hüquqa əməl olunsun!

Nəhayət, SOCAR Qubadlıda, Qərbi Zəngəzurda yanacaqdoldurma məntəqəsi açıb, ermənilər də benzin axtaranda ora üz tutur, belə olan halda Xankəndi, ya Xocavəndə qaz Ermənistandan niyə gəlməlidir?

Ermənistanı təkcə ötən il ərzində 100 minədək vətəndaş tərk edib, amma bu ölkənin XİN-i həyasızcasına iddia edir ki, Azərbaycan Qarabağdakı 120 min insanı qazsız qoyub. 120 min e! Yoxsa Ermənistandan “xoş gün dalınca” qaçanlar Qarabağa köçüb? Ya bəlkə 25-30 minlik əhalinin sürətlə artımı rus sülhməramlılarının “humanizmi”nin məntiqi nəticəsidir?

Bunlar təbii ki, cəfəngiyatdır, Qarabağda kim hansı dəlmə-deşikdədir, ondan da kifayət qədər məlumatımız var, nağıllara vaxt sərf etməyək. Amma Qarabağa Ermənistandan heç bir kommunikasiya xətti çəkilə, yaxud bu bölgənin təchizatı Ermənistanın hesabına həll oluna bilməz! Sadə səbəbi var: Qarabağ Azərbaycandır! Bir az da qudurğanlıq edəcəklər, Laçın dəhlizi də qapadılacaq, giriş viza ilə olacaq. Bəs, necə? Üçtərəfli razılaşmaya əməl etməyən, Zəngəzur dəhlizinin tikilməsinə əngəl olan Ermənistan lazımi cavabını almalıdır! Azərbaycan niyə əlavə xərclər çəkib İran vasitəsilə Naxçıvana çıxış əldə etməli idi? Təbii, burada bizim üçün əlverişli məsələlər də var, alternativ yoldur. Amma bunun Ermənistana dəxli yoxdur, İrəvan öhdəliklərinə əməl etməlidir!

Digər tərəfdən, 16 martda xəbər yayıldı ki, “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəməri təmirə dayandığından Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən ixrac ediləcək. Bununla bağlı Rusiyanın “Qazprom” şirkəti SOCAR-la qısamüddətli müqavilə də bağlayıb. Yəni indiki halda Ermənistana qaz Azərbaycan ərazisindən ötürülürsə, demək Bakını qeyri-humanist addımda ittiham etmək şərəfsizlikdir. Sən Xankəndidə Rusiya bayrağını qaldır və Moskvaya müraciətlə “məni də müstəqil dövlət kimi tanı”- de, Donbas və Luqansk separatçılarına yardım göndər, sonra Azərbaycandan dünyaya qaz şikayəti elə! Absurd deyilmi? Hansısa beynəlxalq təşkilat təşkilat, ya paytaxt buna görə Azərbaycana bir kəlmə deyəcəksə, onda ikiüzlü simasını göstərəcək. Qarabağ ermənilərini yenə “qaza gətirmək istəsələr”, o halda Donbas, Abxaziya, ya Osetiya separatçılarına da qaz hədiyyəsi hazırlasınlar. Azərbaycan dövləti Avropaya bu qədər kəmərlər çəkib, aylarla danışıqlar gedib, anlaşmalar imzalanıb. Ermənistanın Qarabağa çəkdiyi qanunsuz qaz kəməri niyə işlək olmalıdır ki?!

Rusiya quru qoşunlarının sülhməramlılar üzrə komandanlığının Bakı görüşündə erməni silahlılarının çıxarılması ilə bağlı müzakirə həm də o deməkdir ki, Azərbaycan dövlətinin sözü qətidir! Yox bir, erməni terrorçuları qazın istisində xumarlanacaq, sonra da əsgərimizi atəşə tutacaq...

Elşad Paşasoy,
Musavat.com
237160_3mukv90bk9.jpg (28 KB)

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR