Danimarkanın Arhus şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının sədri Kərim Urmulu uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Qeyd edək ki, Kərim Urmulu 1986-ci ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağına rəhbərlik edirdi. Danimarkada Azərbaycan diasporunun təşkilatlanmasında, soydaşlarımızın birliyinin yaranmasında əvəzsiz xidmətlər göstərib. Danimarkada Qarabağ həqiqətlərinin, Ermənistanın təcavüzkar siyasətinin çatdırımasında böyük işlər görüb.
Onun Azərbaycan dəyərlərinin qorunub saxlanmasında və təbliğində də fəaliyyəti güclü olub. Ocaqda dil kurslarını təşkil edib. 1996-cı ildən Danimarkanın ikinci böyük şəhəri sayılan Arhus və ətraf şəhərlərdə həftədə iki saat canlı olaraq Azərbaycan dilində yayımlanan “BizimRadio” adında radio verilişləri aparıb. 1999-cu ildə isə Azərbaycan dilində və altyazıları danimarkaca bir il müddətinə həftədə 5 dəqiqəlik televiziya verilişləri hazırlanaraq yayımlayıb. Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlərin təşkilatçısı olub.
Kərim Urmulu əslən Güney Azərbaycandandır. 2006-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olub.
Musavat.com






