Tramvay ekoloji cəhətdən təmiz olmaqla yanaşı, həm də şəhərə bir gözəllik, estetika verir. Bundan başqa, dünya praktikasında tramvay ən ucuz və daha səmərəli nəqliyyat vasitəsi hesab olunur. ABŞ-ın paytaxtı Vaşinqtonda belə 54 ildən sonra yenidən tramvay işləyəcək. Novator.az xəbər verir ki, bu şənbə hələlik 3,5 kilometr uzunluğunda ilk tramvay xətti ilə sərnişinlərin daşınmasına başlanacaq.
Burada tramvayın bərpası məsələsi 10 il əvvəl gündəmə gəlsə də, layihənin icrası ləngiyib. Son məlumata görə, indiyə qədər Vaşinqtonda tramvayın bərpası işlərinə 200 milyon dollar xərclənib.
Azərbaycanda da tramvay xəttinin yenidən bərpa edilməsi barədə uzun illərdir müzakirələr gedir. Ancaq ortada hələ ki bir nəticə yoxdur. Ümumiyyətlə, ölkəmizdə tramvay ilk dəfə 1924-cü ildə meydana gəlib. 1924-cü ilin fevralında Bakının küçələrində özünə möhkəm yer tutan tramvayın meydana gəlməsi ilə əlaqədar konka aradan çıxmışdı. Bu tramvayın əsasında ilk dəfə olaraq elektrik dəmir yolu çəkmişdi. 1926-cı il 6 iyulda istifadəyə verilən bu yol Bakı-Sabunçu-Suraxanı xəttini birləşdirirdi. SSRİ vaxtı Bakı şəhərinin küçələrini bəzəyən tramvaylar sovetlər birliyi dağıldıqdan sonra öz çətin zamanlarını yaşadı. Belə ki, 2000-ci ildən başlayaraq əvvəlcə mərkəzi, sonra isə kənar küçələrdən tramvaylar yığışdırıldı. Bakı Tramvay Parkı 2003-cü ilin noyabr ayında öz fəaliyyətini tam dayandırdı.
Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. Hazırlanıb Nazirlər Kabinetinə təqdim olunan “Böyük Bakının regional inkişaf planı”nda da artıq bu məsələ öz əksini tapıb. 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir sıra istehsal sahələrinin də inkişafına təkan verəcəyi bildirilir.
Nəqliyyat eksperti Ərşad Hüseynov tramvay xətlərinin yenidən bərpa edilməsi üçün küllimiqdarda vəsait və uzun bir zaman lazım olduğunu dedi: “Tramvayların yenidən bərpa edilməsi çətin işdir. Çünki tramvay üçün olan infrastruktur dağılıb məhv edildi. Tramvay elə bir şeydir ki, onun hərəkəti üçün gərək dəmir yolu xətti çəkilə. Dəmir yolu xəttinin kontruksiyası adi asfaltın konstruksiyasından fərqlənir. Gərək yollar yenidən qazıla, şpallar düzülə, şpalların üstünə dəmiryol xətləri qoyula. Bax problem ordadır. Bakının hər küçəsində bu işləri aparmaq təbii ki, mümkün olmayacaq. İdeya var ki, ”Ağ şəhər" deyilən yerdə qısa məsafədə tramvay yaradılsın. Belə olan təqdirdə onun əslində şəhərin nəqliyyat yükü üçün heç bir əhəmiyyəti olmayacaq. Şəhərin sərnişin daşıma yükünü götürmək üçün tramvay xətlərinin şəbəkəsi olmalıdır. Heç olmasa Bakı, Sumqayıt, Gəncə, Mingəçevir kimi böyük şəhərlərdə bu olmalıdır. O vaxt tramvay xətlərini dağıtdılar. İndi həmin xətləri yenidən bərpa etmək üçün külli miqdarda vəsait və uzun bir zaman lazımdır. Təsəvvür edin ki, Bakının hansısa yolunda adi konstruksiya işləri gedəndə həmin zonada tıxac yaranır, şəhərdə bütün nəqliyyat bir-birinə qarışır. Tramvay xətti tikmək üçün gərək küçələr bağlana, orada tikinti işləri gedə. Daha sonra tramvay xətti buraxılandan sonra digər nəqliyyat vasitələri üçün yolun hansı səviyyədə qalıb qalmamasına baxmaq lazım gələcək. Bir sözlə, bu asan olmayacaq. Amma indi olmasa da gec-tez Azərbaycan bu məsləyə mütləq qayıdacaq".

Ekspert bir neçə böyük şəhərdə də tramvaya ehtiyac olduğunu dedi: “Azərbaycanda bu dəqiqə tramvayın rentabelliyi də olmalıdır. Tramvay rentabellik baxımından yalnız Bakı, Sumqayıt, bir də Mingəçevirdə bəlkə özünü doğrulda bilər. Tutaq ki, Kürdəmirdə, Ağcabədidə tramvaya ehtiyac yoxdur. Bu yerlərdə heç avtobus düz-əməlli işləmir. Gəncədə isə tramvaya ehtiyac var. Çünki Gəncənin faktiki olaraq 400 min əhalisi var. Ümumiyyətlə, perspektivi nəzərə almaq lazımdır. Biz 20 il bundan qabaq perspektivi nəzərə almadıq. Dəmiryol şpalları kiməsə lazım idi deyə müxtəlif bəhanələrlə sökdülər. İndi onu yerinə qoymaq üçün yaxşı planlar, külli miqdarda vəsait lazımdır”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov tramvayın yenidən bərpasının müsbət addım olacağını dedi: “Tramvay çox sərfəli nəqliyyat növüdür. Ekoloji baxımdan da təmizdir. Həmçinin şəhəri gözəl göstərən bir sıra minik maşınları var ki, onlardan da biri tramvaydır. İnsanlar sürət baxımından mənzil başına da daha tez çatar. Əgər hökumət istəsə, gələcəkdə bunu yenidən bərpa edə bilər. Bu bizdən asılı deyil, bu işə biz baxmırıq”.
Günel MANAFLI