Ermənistan ona verilən maddi dəstəklərə rəğmən nəinki Cənubi Qafqaz regionunda, dünya miqyasında müasir inkişafdan geridə qalan, əhalisi ağır durumda yaşayan bir ölkəyə çevrilib. Azərbaycanın dünya miqyasında gördüyü işlər və Qarabağla bağlı qərəzli, ədalətsiz beynəlxalq təzyiqləri yenməsi nəticəsində Ermənistan özünün işğalçılıq siyasətinin qurbanı olub. Düşmən ölkənin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etməsi faktı bütün dünya ölkələri tərəfindən rəsmən qəbul olunub.
Ancaq ortada maraqlı və eyni zamanda təəssüf doğuran bir fakt da var; işğalçılığı təsbit olunan və bu üzdən inkişafdan qalmış dövlətin dünya miqyasında müəyyən havadarları mövcuddur. Onlar bəlli səbəblərdən Ermənistandan Azərbaycanın işğal etdiyi ərazilərini qeyd-şərtsiz tələb etmək əvəzinə, müəyyən manevrlər edirlər, de-fakto Qarabağ məsələsində Azərbaycana münasibətdə ikili standartlar çərçivəsində davranırlar. Bu isə nəticə etibarı ilə ona gətirib çıxarır ki, Ermənistan rəzil durumda olmasına baxmayaraq, özünü müəyyən qədər arxayın və arxalı hiss edir, Azərbaycanın ərazilərini könüllü boşaltmaq istəmir.
20 ildən artıqdır bu vəziyyət hökm sürür. Hansı ki, beynəlxalq aləm bu müddətdə etnik və milli zəmində, həmçinin torpaq iddiası ilə dünyanın müxtəlif bölgələrində baş verən digər münaqişələrə bu şəkildə göz yummayıb...
Hətta vəziyyət o həddə çatıb ki, Avropa, Qərb ekspertləri özləri də dünyanın “ikili standart” mövqeyini tənqid etməyə başlayıblar.
Britaniya parlamentinin üzvündən etiraf...
Bu yaxınlarda Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis bu barədə sərt açıqlama ilə çıxış edib. O, “artıq Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin və yüz minlərlə məcburi köçkün düşmüş azərbaycanlının evlərinə qayıtmasının tam zamanıdır”, - deyə çağırış edib.
D.Deyvis Avropa Azərbaycan Cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatında bildirib ki, Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilir.
Bəyanatda deyilir: “Ukraynada baş verən son hadisələr bizə bir daha sabitliyin Avropa üçün nə qədər önəmli bir ünsür olduğunu xatırlatdı. Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Deyvid Kameron, Angela Merkel də daxil olmaqla Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə haqlı olaraq yekdil mövqe göstərirlər. Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi eşitmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik”.
Böyük Britaniya parlamentinin üzvünün bəyanatı heç də təsadüfi deyil. Onun narahatlığı başadüşüləndir; çünki Azərbaycanın erməni işğalına və ikili standartlara heç də sonadək dözüm nümayiş etdirmək fikri yoxdur! Azərbaycan bu gün həm diplomatik baxımdan, həm iqtisadi və hərbi gücü sayəsində ikili standartlara müqavimət göstərmək, eyni zamanda öz torpaqlarını işğaldan azad etmək gücündədir.
Təbii ki, Azərbaycan dövlətinin son illərdə informasiya savaşında Ermənistanı üstələməsi, haqq səsimizi dünyaya daha intensiv və keyfiyyətli şəkildə çatdıra bilməyimiz də çoxlarını düşünməyə vadar edir. Dövlət və onun rəsmi şəxsləri, diaspor təşkilatları, jurnalistlər, ictimaiyyət nümayəndələrinin bu sahədə apardıqları işlər Qarabağ məsələsində bizi dəstəkləyənlərin, ikili standartlar tətbiq edənləri və Ermənistanı qınayanların artmasına səbəb olub...
Ölkə başçısının sərt mesajları
Məsələ ondadır ki, Azərbaycan artıq konkret mövqe və tələb ortaya qoyur. Faktiki olaraq Azərbaycan beynəlxalq güclərin “nə hərb, nə sülh” siyasətinə “ya ədalətli yanaşma, ya da hərbi yolla həll” tezisi ilə cavab verir. Bu, müəyyən güclər üçün ciddi siqnaldır. Konkret olaraq ölkə başçısı İlham Əliyev 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunan iclasda daha sərt mövqe sərgiləyib və dünyaya açıq mesajlar verib: “...Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır... Bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. "Nə hərb, nə sülh" vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər.
Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi... BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur.
Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.
Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir. Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir. Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq..."
Ölkə başçısının bu mövqeyi heç şübhəsiz ki, daha çox Azərbaycana qarşı ikili mövqe tutanları təşvişə salıb. Onlar başa düşürlər ki, bu proseslər sonda Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü təmin etmək hüququndan yararlanacağına səbəb olacaq. Bunun baş verməməsinin bircə yolu var; həmin güclər hərəkətə keçməli, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə sövq etməlidirlər.
Ermənistana qarşı NATO sanksiyası tələbi
Azərbaycan eyni zamanda hücum diplomatiyasında ikili yanaşmalara son verilməsinə nail olmaq üçün konkret tələblərlə çıxış edir. 2014-cü il iyunun 17-də Azərbaycan Ermənistan nümayəndə heyətinin NATO Parlament Assambelyasından çıxarılması məsələsini qaldırıb. Bununla bağlı rəsmi təklifi qurumun Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov təqdim edib.
Z.Əsgərov tələbi onunla əsaslandırıb ki, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir: “Siz NATO olaraq Rusiya ilə əlaqələri kəsdiniz, NATO PA-da iki il müddətinə səsvermədən məhrum etdiniz. Bəs bu qədər işğalın və terrorun qarşılığında niyə Ermənistan qurumdan uzaqlaşdırılmır? Ona görə bu məsələyə birdəfəlik aydınlıq gətirilməsini NATO PA-dan tələb edirik”.
Baş verənlərin təhlili onu deməyə əsas verir ki, münaqişə ilə bağlı yaranmış durum beynəlxalq güclərin ikili standartlardan əl çəkməsi üçün yetərlidir.
Faktiki olaraq Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən əl çəkməməklə, bəzilərinin müdafiə etdiyi Ermənistan faktiki olaraq özünütəcrid siyasəti yürüdür. Nəticədə, bu ölkə yoxsulların, bədbəxtlərin yaşadığı qeyri-hüquqi məmləkətə çevrilir: Azərbaycan isə regionun lider ölkəsidir, kifayət qədər təbii sərvətlərə malikdir, regional və beynəlxalq əhəmiyyətli layihələrin əsas təşkilatçısıdır, iştirakçısıdır. Dünyaya məlumdur ki, Azərbaycanın razılığı olmadan bölgədə hər hansı bir proyekt həyata keçirilə bilməz. Təbii ki, bu statusumuz günü-gündən daha da möhkəmlənir. Azərbaycanın çəkisi, iqtisadi və hərbi gücü artmaqda ikən, Ermənistanın sürətlə geriləməsi açıq aydın müşahidə olunur. Faktiki olaraq Ermənistan işğalçılıq siyasətini davam etdirməklə, ən böyük zərbəni özünə vurur. Əgər kimlərsə ikili standartlarla Azərbaycana təzyiq etmək istəyirsə, bunun çox yanlış strategiya olduğu da öz təsdiqini tapıb.
İndi artıq elə bir məqam yetişib ki, bu faktlardan dolayı öz inkişafını əngəlləməklə yanaşı bütövlükdə regionda sülhün, əmin-amanlığın qarşısında sədd olan Ermənistan birmənalı şəkildə dünyanın qınaq obyekti olmalıdır. Zatən ikili standartlar davam etdikcə Azərbaycan buna qarşı daha amansız mübarizə aparacaq, birmənalı şəkildə barışmaz mövqeyini davam etdirəcək. Ötən müddətdə təsbit olunub ki, Azərbaycana qarşı ədalətsizlik, ikili standartlar tətbiq etməklə onu öz haqlı mövqeyindən çəkindirmək mümkün olmayıb. Əksinə, Azərbaycan dövləti daha barışmaz mövqeyə keçib, daha sərt addımlar atıb.
Dünya gücləri çoxdan onun da fərqindədirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız Ermənistan maraq göstərmir. Azərbaycan isə bu müddətdə özünün tam haqlı tərəf olduğunu isbatlayıb. Ona görə də beynəlxalq aləm maksimum tez bir müddətdə ədalətli həll variantına “hə” deməlidir və Ermənistanı da buna məcbur etmək taktikası seçməlidir. Əks təqdirdə, məhz ikili standartlar və Ermənistanın işğalçılıq siyasətindən çəkindirilməməsi regionda vəziyyəti gərginləşdirə, sabitliyi poza bilər.
Elşad MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.