İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Çin münasibətləri yeni səviyyəyə qalxır- BİZİ QARŞIDA BUNLAR GÖZLƏYİR

1314 23.12.2023 14:10 İqtisadiyyat A A

 

Si Cinpindən İlham Əliyevə: “Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm”

 

Azərbaycan Prezidenti  İlham Əliyevə doğum günü münasibətilə dünya liderlərindən təbriklər gəlməkdədir. Onların arasında Çin Xalq Respublikasının sədri Si Cinpinin təbriki diqqəti xüsusilə cəlb edir. Çinin dövlət başçısı Azərbaycan və Çinin dost və tərəfdaş ölkələr olduğunu vurğulayır, Azərbaycan Prezidentinin ölkələr arasındakı münasibətləri möhkəmləndirmək üçün səylərini yüksək qiymətləndirdiyini bildirir: “Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram”.

1690198370_1681723790_cin-azer.jpg (33 KB)

Çinin dövlət rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan dünyanın əsas güc mərkəzi olan Çinlə strateji dostluq münasibətlərinin daha da dərinləşməsi dövrünü yaşayır. Bu münasibətlərin inkişaf dinamikasını ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin səviyyəsi ilə daha yaxşı görmək mümkündür. Azərbaycan Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2023-cü ilin yanvar-noyabr ayları ərzində ölkələr arasında qarşılıqlı ticarətin həcmi  2 milyard 832 milyon 128.98 min  dollar təşkil edib. Bu məbləğin 2 milyard 756 milyon 226.72 min dolları Çinin Azərbaycana ixracı, 75 milyon 902,26 min dolları isə Azərbaycanın Çinə ixracının payına düşür. Beləliklə, Çin Azərbaycanın idxalında 17,43 faiz payla ikinci yerə yüksəlib. Ötən ilin eyni dövründə Çindən idxalımız  1 milyard  871 milyon 218.95 min dollar təşkil etmiş, Pekin bu göstərici ilə 3-cü yerdə qərarlaşmışdı. Göstəricilərdən aydın olur ki, Azərbaycanın Çindən mal və məhsul idxalında illik ifadədə 47,3 faizlik, Çinə ixracında isə 19,5 faizlik artım qeydə alınıb.

Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında yürüdülən iqtisadi siyasət Azərbaycanın Çinin son on ildə uğurla həyata keçirdiyi qlobal “Bir kəmər bir yol” layihəsinin tərkib hissəsinə çevrilməsini təmin edib. 2019-cu ildə layihəyə həsr olunmuş ikinci beynəlxalq konfransa dəvət olunan azsayda ölkələr arasında Azərbaycanın da olması təsadüfi seçim deyil. Çin əlverişli coğrafi mövqedə yerləşməklə bərabər, beynəlxalq səviyyədə nəqliyyat və logistika sahəsində uğurlu əməkdaşlığına görə Azərbaycanı layihədə görmək istəyir. Xüsusilə Rusiya ilə Ukrayna arasında başlanan müharibə nəticəsində Avropa ilə Asiya arasında ticarət yollarının yeni marşrutlarının yaranması prosesi Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini qat-qat artırır. Məsələ burasındadır ki, Çindən Avropaya quru yolla çatdırılan illik 250 milyard dollarlıq mal və məhsulun mühüm bir hissəsi Rusiya üzərindən daşınırdı. İndi təyinat nöqtəsinin – Avropanın Rusiya ilə münasibətləri uzunmüddətli dövr üçün kəskin pisləşdiyinə görə bu marşrut səmərəsiz hala gəlib. Bu isə Rusiyadan yan keçən marşrutlara tələbatı son dərəcə artırıb. Belə marşrutlar arasında Azərbaycandan keçən Orta dəhlizin əhəmiyyəti getdikcə güclənir. Artıq Çin hökuməti bu dəhlizin inkişafı məqsədilə region ölkələri ilə əməkdaşlığa başlayıb. Ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan və Xəzər dənizi arasın­da yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb.

ipek_yolu_xerite.jpg (49 KB)

Hesablamalara görə, Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min km deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dollardan yuxarıdır. 2020-ci ildən etibarən Orta dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir. Yalnız 2021-ci ildə Çin-Avropa arasında qarşılıqlı dəmir yolu daşımalarının həcmi 84,9 milyard dollar təşkil edib. 2020-2021-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-530 min ton arası olsa da, təkcə 2022-ci ildə bu rəqəm 3,2 milyon tona qədər artıb. Orta dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. 

Çin Azərbaycanı “Bir kəmər bir yol” layihəsində görməyi həm də ona görə istəyir ki, ölkəmiz üzərinə götürdüyü öhdəlikləri axıra qədər icra edir. Bu gün region ölkələri arasında tranzit yükötürmə infrastrukturuna görə Azərbaycan ilk yerdədir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1 400 km dəmir yolu tikilib və yaxud əsaslı təmir edilib. Ölkəmiz 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmasına malikdir. Ölkəmizdə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və 2024-cü ildə onların ümumi sayı 9-a çatdırılacaq. Bütün bunlarla yanaşı, Azərbaycanın 115 min tonluq “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adlı tankerləri Qara dənizdə daşınmaları həyata keçirir. Azərbaycan regionda ən böyük gəmiqayırma zavoduna malikdir və Bakı gəmiqayırma zavodu bütün növ gəmiləri istehsal edə bilir.

train_140612.jpg (200 KB)

Məhz infrastruktura yatırılan irihəcmli sərmayələr nəticəsində Azərbaycanın tranzit gəlirləri ildən-ilə artır. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük daşımalarından Azərbaycanın gəlirləri 2021-ci illə müqayisədə 36,1 faiz - 734 milyon 912,5 min manatadək (432,3 milyon dollar) artıb. Hesabat dövründə Azərbaycanın bu nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarından gəlirləri 59,3 faiz artaraq 312 milyon 402,9 min manat (184 milyon dollar) olub. Sərnişin daşımalarından gəlirlər 27,9 faiz artaraq 43 milyon 435,8 min manat (25,5 milyon dollar) təşkil edib.

Ötən ildən Avropanın aparıcı logistika şirkətləri, xüsusən Da­nimarkanın “Maersk”, Avstriyanın “Rail Cargo Group”, Finlandiyanın “Nurminen Logistics” və Niderlandın “Rail Bridge Cargo” şirkətləri Orta Dəhlizə az da olsa, yüklər cəlb edir. Noyabrda açıqlanan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner” MMC "Maersk" və "Cosco" yükdaşıma şirkətləri ilə əməkdaşlığa başlayır. "ADY Konteyner” elan edib ki, bu layihələr çərçivəsində dəniz xətləri və dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev noyabr ayında “Azərbaycan Respublikasının ərazisin­dən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşı­maların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” adlı sənəd imzalayıb. Planda müvafiq qurumların qarşısında 24 istiqamət üzrə konkret vəzifələr qoyulub.

Sənəddə qeyd olunur ki, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək üçün mövcud nəqliyyat xidmətləri və infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, yeni infrastrukturun yaradılmasına, eləcə də tranzit daşımalar zamanı sərhəd keçid prosedurlarının müddətinin minimuma endirilməsi və buraxılış qabiliyyətinin artırılmasına zərurət var. Bu zərurətə uyğun olaraq Fəaliyyət Planında dövlət qurumlarının yaxın 3 ildə görəcəyi işlərin bölgüsü aparılıb.

Fəaliyyət Planının hədəf göstəriciləri mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları (qurumları) arasında koordinasiyanın yaxşılaşdırılması və vahid platforma üzərindən tətbiqi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi, eləcə də sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10.7 milyon tondan 13.6 milyon tona çatdırılmasıdır.

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsi üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Lakin iki ölkə arasında münasibətlər bu gün “Bir kəmər, bir yol”la yanaşı, digər iqtisadi sahələrdə də sürətlə inkişaf edir. Azərbaycanın  elekroenergetika sektorunda Çin şirkətlərinin fəal iştirakı enerji əməkdaşlığını getdikcə möhkəmlədir. Bununla bərabər Çinin enerji müəssisələri ilə uzunillik əlaqələr hazırda “yaşıl enerji” və “yaşıl texnologiya”lar üzrə layihələrlə münasibətlər yeni inkişaf mərhələsinə daxil olur. Bu xüsusda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakı, “China Gezhouba Group Overseas Investment” müəssisəsinin 2 QVt gücündə bərpaolunan enerji layihəsinin icrasında fəaliyyəti respublikamız tərəfindən yüksək dəyərləndirilir.    

7.jpg (209 KB)

Onu da xatırladaq ki, Çinin innovasiya yönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Dost ölkə Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiya sahələrinə xüsusi maraq göstərir. Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki–iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. 

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda  Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.  

Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Dost ölkənin 1995-ci ildən indiyədək respublikamıza yatırdığı birbaşa investisiyanın həcmi isə 920 milyon dollara çatır. 

Azərbaycan Çinlə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Pekin də belə marağını öz rəsmi nümayəndələrinin ölkəmizə səfərlərini sıxlaşdırmaqla büruzə verməkdədir. 2023-cü ildə ölkələr arasında rəsmi nümayəndələrin qarşılıqlı səfərləri indiyədək olmayan qədər intensivləşib. Bu isə yaxın və ortamüddətli dövrdə Azərbaycan-Çin münasibətlərinin daha üst səviyyəyə çatacağını göstərir.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR