Ekspert: “Dəstək mexanizmlərini mümkün qədər qısa müddət ərzində işə salmaq lazımdır”
Koronavirus pandemiyasının ilkin vaxtlarda gözlənildiyinin əksinə olaraq, daha uzun müddət davam edəcəyi görünür. Dünyanın müxtəlif bölgələrində sərt karantin rejimindən çıxılandan sonra yoluxmaların artması bəşəriyyətin hələ xeyli müddət COVID-19-la birlikdə yaşamalı olacağını göstərir. Buna görə də getdikcə daha çox mütəxəssislər dövlətlər və cəmiyyətlərin bu amili nəzərə alaraq yaşamağı, fəaliyyət göstərməyi öyrənməli olduqlarını qeyd edirlər.
Pandemiya və ona görə tətbiq olunan məhdudiyyətlər davam etdiyi müddətdə iqtisadiyyatların zərərlə üzləşməsi qaçılmazdır. Buna görə də yüksək yoluxma göstəricilərinə rəğmən, bir sıra ölkələr açılıma gedirlər. Azərbaycanda da məhdudiyyətlərin aradan qaldırılması yoluxma hallarını artırdığına görə hökumət yenidən karantin tədbirlərinə əl atmalı olub. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası ilə bağlı yeni çağırışlarla üzləşib.
Bu çağırışlar fonunda istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır: “Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir”.
M.Cabbarov sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirmə alətlərinin genişləndirildiyini diqqətə çatdırıb. Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60 faizinə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılır.
Yeni mexanizmlər biznes krediti vəsaitinin alınması prosedurlarının asanlaşdırılması və inzibatçılığın sadələşdirilməsini də nəzərdə tutur. Dövlət zəmanətli kreditləşdirmənin vasitəçisi kimi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu çıxış edir. Sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az ttp://www.e-edf.gov.az/). Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edəcək.
Ölkə Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası təsdiq olunub və fondun nizamnaməsində dəyişikliklər edilib. Yeni qaydalara əsasən, daşınmaz əmlak girovu olmayan sahibkarlara güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlər veriləcək. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 faiz təşkil edir.
Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məsələn: çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.
Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrasına möhlət verilməsidir.
Dövlət zəmanəti verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına (www.e-edf.gov.az) zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və biznes-planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə imtina verilərsə, səbəb kimi qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra sahibkarın həmin və ya digər müvəkkil bank vasitəsilə yenidən müraciət etmək hüququ vardır.
Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Bu mexanizmin tətbiqi zərərçəkmiş sahibkarların maliyyə yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.
Pərviz Heydərov
İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda biznesə dəstək mexanizmi xeyli dərəcədə dəqiqdir: “Lakin bu mexanizmlərin işə salınmasında lənglik hiss olunur. Sanki pandemiyanın tezliklə bitəcəyi gözləntiləri var. Halbuki biz postpandemiya dövründən hələ xeyli uzağıq. Buna görə də pandemiyanın təsirinə məruz qalan sektorlar üçün dəstək proqramlarını mümkün olan qədər tez işə salmalıyıq. Elə sahələr var ki, bu proses geciksə, tamamilə tənəzzülə uğrayacaq, onları yenidən dirçəltmək isə uzun müddət və böyük vəsaitlər tələb edəcək. Turizm, xidmət, xüsusilə səhərlərarası sərnişindaşıma və sair sahələr indi o haldadır ki, artıq işçilərin ixtisarına getməyə məcbur qalıblar. Ümumdünya Turizm Təşkilatının rəhbəri ilə görüşündə Prezident özü də qeyd etdi ki, artıq turizm sektorunda ixtisarların başlanması barədə məlumatlar alır. Bu o deməkdir ki, dəstək və güzəşt tədbirləri yubadılmadan həyata keçirilməlidir. Pandemiya uzandıqca, bir sıra sektorlarda çökmə prosesi başlayır. Buna qətiyyən yol vermək olmaz. İşçilərin ixtisarı ölkədə ciddi sosial problemlər yarada bilər”.
Ekspertə görə, dövlət zərərçəkən sahələri dəstəkləmək üçün ya irihəcmli vəsaitlə ya da dolayı yollarla dəstək verə bilər: “Bir iqtisadçı kimi birinci yolu real görmürəm. Amma hökumət bir sıra vergi və sair güzəştlərlə bu sahələrdə biznesi dəstəkləyə bilər. Digər tərəfdən, mühafizə qaydalarına əməl olunması şərti ilə əksər sahələrdə fəaliyyətlərin bərpa olunmasına üstünlük verilməlidir. Əsas diqqət iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin təşkilinə yönəldilməlidir. Məhdudlaşdırıcı tədbirləri daim davam etdirmək mümkün deyil”.
DÜNYA,
“Yeni Müsavat”