İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Açıq Büdcə İndeksində ciddi irəlilədi - 81-ci yerdən 44-cü yerə yüksəlişin səbəbləri

2397 03.06.2022 08:50 İqtisadiyyat A A

İnqilab Əhmədov: “Ölkəmizin mövqeyinin ciddi şəkildə yaxşılaşmasında bir sıra sənədlərin Maliyyə Nazirliyinin internet saytında yerləşdirilməsi mühüm rol oynayıb”

2021-ci il üzrə Açıq Büdcə İndeksi açıqlanıb. Dünyada büdcə prosesinin şəffaflığını qiymətləndirən indeksdə Azərbaycanın 120 ölkə arasında mövqeyi 81-ci yerdən 44-cü yerə yüksəlib. Açıq Büdcə Sorğusu üzrə hesabat hər iki ildən bir ABŞ-da yerləşən Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) Təşkilatı tərəfindən hazırlanır və dərc olunur. Sorğuda qiymətləndirilməsi nəzərdə tutulan 145 sualdan 109-u büdcə məlumatlarının ictimaiyyətə açıqlığını (Açıq Büdcə İndeksi), 18-i ictimaiyyətin büdcə prosesində iştirakını, 18-i isə Parlamentin (Milli Məclis) və ali audit orqanının (Hesablama Palatası) bu sahədə rolunu dəyərləndirir.

2022-ci il may ayının 31-də Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən Açıq Büdcə İndeksi üzrə dünya ölkələrinin 2021-ci ildəki reytinqi açıqlanıb. Azərbaycan müvafiq hesabatda 100 mümkün baldan 57 bal toplamaqla müstəqillik tarixi ərzində büdcə şəffaflığı göstəricisi üzrə ən yüksək nəticə ilə qiymətləndirilib. Azərbaycan son qiymətləndirmə sorğusunda öz nəticələrini öncəki sorğuya nəzərən 22 bal artırıb. Son dərc olunan Açıq Büdcə İndeksində Azərbaycanın reytinqi dünya üzrə orta göstəricidən (45 bal) 12 bal yuxarıdır və Azərbaycan ümumi reytinqdə ən çox irəliləyən ölkələrdən biridir.

İndeksdə qiymətləndirilən “Büdcəöncəsi bəyanat” sənədi üzrə Azərbaycana 78 bal, “Büdcə layihəsi” üzrə 43 bal, “Təsdiq olunmuş büdcə” üzrə 78 bal, “Vətəndaşın büdcə barədə məlumatlandırılması” üzrə 58 bal, “Cari hesabatlar” üzrə 96 bal, “Yarımillik icmal” üzrə 63 bal, “İllik hesabat” üzrə 62 bal, “Auditor hesabatı” üzrə isə 62 bal verilib.

Azərbaycan Açıq Büdcə İndeksi reytinqində 44-cü yerə yüksəlib - AZƏRTAC

Qeyd edək ki, Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanılıb və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak edir. Bu indeksin əhəmiyyəti ondan ibarətdir ki, reytinqin tərtib olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ün prinsipləri kimi sənədlərə istinad olunur. Onu da qeyd edək ki, bu qiymətləndirmə çoxsaylı parametrlər üzrə müstəqil qiymətləndiricilər tərəfindən müəyyənləşdirilib və qurum tərəfindən yenidən baxışdan keçirilib.

Açıq Büdcə Sorğusunun 2021-ci il üzrə nəticələri əsas və köməkçi suallar əsasında müəyyənləşib ki, müvafiq sualların da əksəriyyəti büdcə haqqında məlumatların ictimaiyyətə əlçatanlığının qiymətləndirilməsinə, yəni Açıq Büdcə İndeksinin hesablanmasına xidmət edib. Belə qiymətləndirmə səkkiz əsas büdcə sənədinin əhatəliliyinin və metodologiyada nəzərdə tutulmuş müddətlərdə dərc edilməsinin, o cümlədən rəsmi dövlət qurumlarının rəsmi internet səhifələrində yerləşdirilməsinin təhlili vasitəsilə aparılır. Ümumiyyətlə, budəfəki reytinq hesabatının bir xüsusi önəmi ondan ibarətdir ki, ilk dəfə olaraq, Azərbaycanda büdcə ilə bağlı qiymətləndirilən səkkiz əsas büdcə sənədinin (İlkin büdcə sənədi, İcra orqanının büdcə layihəsi, Təsdiq edilmiş büdcə, Vətəndaş büdcəsi, Dövlət büdcəsinin icrasına dair aylıq hesabat, Dövlət büdcəsinin icrasına dair yarımillik hesabat, Dövlət büdcəsinin icrası üzrə illik hesabat, Dövlət büdcəsinin icrasına dair audit hesabatı) hamısının ictimaiyyətə açıqlanması Beynəlxalq Büdcə Tərəfdaşlığı tərəfindən qeyd edilib. Əlavə olaraq, ilkin büdcə sənədləri, dövlət büdcəsinin icrasına dair yarımillik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq səviyyəsinin artırılması, həm də sənədlərin özlərinin ictimaiyyətə açıqlanması üzrə irəliləyişlərə nail olunub.

İqtisadi Forum" ekspert qrupu: İnqilab Əhmədov: "Neft Fondu vəziyyətdən  istifadə edib daha aqressiv siyasət apararaq səhmlərə investisiya  etməlidir".

İnqilab Əhmədov

İqtisadçı-alim, Açıq Büdcə İndeksinin Azərbaycan üzrə qiymətləndirici ekspertlərindən biri İnqilab Əhmədovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın indeksdəki mövqeyinin ciddi şəkildə yaxşılaşmasında bir sıra sənədlərin Maliyyə Nazirliyinin internet saytında yerləşdirilməsi mühüm rol oynayıb: “İndiyədək Azərbaycanın Açıq Büdcə İndeksindəki mövqeyi belə ciddi pozitiv dəyişikliyə uğramayıb. 100 mümkündən 57 bal toplayıb ölkə. Bu, çox yüksək nəticədir. İndeksdə əsas qiymətləndirmə 8 əsas büdcə sənədi üzrə aparılır. Həm bu sənədlərin olub-olmaması, həm də onların ictimaiyyətə açıqlanma vəziyyəti qiymətləndirilir. İndiyədək bu 8 sənəddən 2-si, ümumiyyətlə, Azərbaycanda olmayıb. Maliyyə Nazirliyinin nəzdindəki Ortamüddətli büdcə xərcləri mərkəzinin heyətinin aktiv işi nəticəsində bu sənədlər - büdcəöncəsi bəyanat (Büdcənin parlamentdə müzakirəsindən əvvəl Maliyyə Nazirliyi tərəfindən sayta qoyulur-red.) və Aralıq büdcə icmalı(büdcə xərclərinin aylıq, rüblük, yarımillik icrasına dair məlumat) Maliyyə Nazirliyinin saytında yerləşdirilib. 2020-ci ildən bu iki sənədin açıqlanması təmin olunub.  Bu, Azərbaycanın Açıq Büdcə İndeksində mövqeyini gücləndirdi”.

İqtisadçı-alimin dediyinə görə, indeksdə Azərbaycanın ən aşağı bal topladığı meyarlar büdcə müzakirələrində ictimai iştirakçılıq və büdcə üzərində parlament nəzarətinin təmin olunmasıdır: “Ümumiyyətlə, bu indeks 3 əsas sütun üzərində qurulub: zəruri sənədlərin olması və açıqlanması, ictimai iştirakçılıq və büdcə üzərində parlament nəzarəti. Son iki meyar üzrə bizim mövqeyimiz demək olar ki, dəyişməyib. Təsəvvür edin ki, büdcə müzakirələrində ictimai iştirakçılıq üzrə 100 mümkün baldan cəmi 9 bal toplamışıq. Büdcəyə nəzarət üzrə 63 bal əldə edlib. Yəni Maliyyə Nazirliyi sənədlərlə bağlı üzərinə düşəni edərək ciddi uğura nail ola bildi. Lakin hesab edirəm ki, ictimai iştirakçılıq və büdcə üzərində nəzarət meyarları üzrə irəliləyişin əldə olunması üçün yalnız Maliyyə Nazirliyinin çalışması yetərli deyil. Bunun üçün kompleks islahatların aparılması zəruridir. Büdcə müzakirələrində ictimai iştirakçılığın təmin olunması üçün vətəndaş cəmiyyətinin bu prosesə cəlb olunması, onların rəyinin əldə olunması və nəzərə alınması və sair lazımdır. Biz bununla bağlı Azərbaycan hökumətinə müvafiq tövsiyələrimizi də vermişik. Belə tövsiyələr qiymətləndirilməyə cəlb olunan bütün ölkələrə hər biri üçün ayrılıqda təqdim edilir. Azərbaycana əsas tövsiyəmiz məhz büdcə prosesində ictimai iştirakçılığın təmin olunması ilə bağlıdır. Bu sahədə də Maliyyə Nazirliyinin üzərinə düşəni edəcəyinə inanırıq. Çünki oradakı yeni komandanın bu sahədə işləmək istəyi açıq hiss olunur. Lakin ictimaiyyətin büdcə prosesinə cəlb olunması köklü dəyişikliklər tələb edir və burada Maliyyə Nazirliyi təkbaşına hansısa ciddi nəticəyə nail ola bilməz. Parlamentin, Hesablama Palatasının üzərinə də ciddi məsuliyyət  düşür. Milli Məclis büdcə müzakirələrində müstəqil ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakını təmin etməlidir. Bu, edilərsə, əminəm ki,  növbəti indeksdə Azərbaycanın mövqeyi daha da yüksələcək”.

Azərbaycanın “Açıq Büdcə İndeksi" üzrə mövqeyi yüksəlib

Qeyd edək ki, Azərbaycanda büdcə şəffaflığının və hesabatlılığının artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində addımların atılması Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2-ci hissəsində də nəzərdə tutulub. Sözügedən Fəaliyyət Planına uyğun olaraq büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədilə büdcə müzakirələrinin başlamasına 1 ay qalmış “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” - “İlkin Büdcə Bəyanatı” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Sənəddə ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlar, xərc və gəlir siyasətinin əsas istiqamətləri, dövlət borcu üzrə proqnozlar və s. ilə yanaşı, icmal və dövlət büdcəsinin növbəti il və sonrakı üç il üzrə əsas parametrləri öz əksini tapır.

120 ölkədə büdcə şəffaflığı: Gürcüstan birinci yerdədir - AzToday

Bundan əlavə, son illər növbəti ilin büdcəsi təsdiq edilməmişdən qabaq Maliyyə Nazirliyi büdcə layihəsini, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrlərini, o cümlədən makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları rəsmi saytında yerləşdirərək ictimaiyyətə açıq edir. Həmçinin vətəndaşların büdcə prosesi barədə daha rahat şəkildə məlumat əldə etməsi üçün “Vətəndaşın Büdcə Bələdçisi” hər il büdcə təsdiq edildikdən sonra nazirliyin rəsmi saytında yerləşdirilir.  Büdcə layihəsinin və təsdiq olunmuş büdcənin təqdimatı ilə yanaşı, büdcənin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar da açıq büdcə sorğusu və digər beynəlxalq səviyyədə qəbul olunmuş fiskal diaqnostika metodologiyalarına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müntəzəm olaraq dərc olunur.

Məlum olduğu kimi, Açıq Büdcə İndeksinin nəticəsi həm də “Qlobal rəqabətqabiliyyətlilik hesabatı”nda (The Global Competitiveness Report) bençmark olaraq nəzərə alınır. Bu baxımdan da növbəti Qlobal Rəqabətqabiliyyətlilik İndeksinin müvafiq indikatoru üzrə də yaxşılaşmanın olacağı gözlənilir.

Qeyd olunan sürətli irəliləyişin fonunda bu sahədə görülən işlərin davam etdirilməsi növbəti Açıq Büdcə İndeksi hesabatında ölkəmizin mövqeyinin daha da yaxşılaşacağını deməyə əsas verir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR