İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbacycan qanunvericiliyində benefisiar sahiblik anlayışı: imkanlar və məhdudiyyətlər

11965 28.07.2020 18:47 İqtisadiyyat A A

Gəlirlərin şəffaflığının təmin olunması istiqamətində qlobal səviyyədə həyata keçirilən tədbirlər sürətlə genişlənməkdədir. Bir çox ölkələr gəlirlərin şəffaflığını, qanuniliyini təmin etmək üçün hüquqi mexanizmlər tətbiq edirlər. Belə mexanizmlərin əsasında həm özəl, həm dövlət sektorunda korrupsiya imkanlarının məhdudlaşdırılması, ölkələrin malik olduqları təbii sərvətlərin istismarından hamının bəhrələnməsi dayanır.

Son illərdə bu sahədə həyata keçirilən mexanizmlərdən biri də dövlət resurslarından, təbii sərvətlərdən bu və ya başqa formada bəhrələnənlərin hamısının açıqlanmasını nəzərdə tutuan “benefisiar sahibliy”in açıqlanmasıdır.

“Benefisiar sahiblik” anlayışına müxtəlif ölkələrdə müxtəlif təriflər verilməkdədir.Ümumiləşmiş formada ifadə edilsə, “benefisiar sahib” hər bir hüquqi şəxsin - müəssisənin fəaliyyətindən maliyyə-iqtisadi baxımdan gəlir əldə edən fiziki şəxs və şəxslər deməkdir. Azərbaycan hasilat sənayesində benefisiar sahibliyin açıqlanmasına hazırlaşır. Bu istiqamətdə Mədən Sənayesində Şəffaflıq prosesi çərçivəsində 2016-cı ilin dekabrında “Benefisiar sahibliyin açıqlanmasına dair Azərbaycanın Yol Xəritəsi” təsdiqlənib. Daha sonra 2018-2019-cu illərdə Dövlət Neft Fondu və Maliyyə Nazirliyinin sifarişi, Asiya İnkişaf  Bankının maliyyə dəstəyi əsasında “BDO Azərbaycan” MMC (BDO) Böyük Britaniyanın “Engaged Consulting Limited” və “Michael Barron Consulting Ltd” şirkətlərinin məsləhətçiliyi ilə “Azərbaycanda Benefisiar Sahibliyin Açıqlanmasına dair Yol Xəritəsinin tətbiqinə (BSYX) dəstək layihəsi” həyata keçirilib. Mədən Sənayesində Şəffaflıq Komissiyasına rəhbərlik edən Dövlət Neft Fondundan sorğumuza verilən cavaba əsasən, hazırda layihə çərçivəsində irəli sürülən tövsiyələrlə bağlı müvafiq dövlət qurumları ilə məsləhətləşmələr həyata keçirilir.

 

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardı  İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin  dediyinə görə, Azərbaycan qanunvericiliyində bu və başqa formada “benefisiar sahiblik” anlayışı yer alıb: “Məsələn,benefisiar sahiblik konsepti çirkli pulların yuyulması üzrə qanunvericilikdə əksini tapıb. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna əsasən benefisiar mülkiyyətçi - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir.

“Banklar haqqında” qanunun 42-ci maddəsində (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) qeyd olunur ki, “Kredit təşkilatları qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiar mülkiyyətçinin və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanılması tələblərinə əməl etməlidirlər”.

“İnvestisiya fondları haqqında” qanunda isə “benefisiar mülkiyyətçi” anlayışından istifadə olunur. Qeyd olunur ki, benefisiar mülkiyyətçi - investisiya fondunun fəaliyyətindən və həyata keçirdiyi əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir.

“Qiymətli kağızlar bazarı haqqında”  qanunda da “benefisiar mülkiyyətçi” anlayışı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda olduğu kimidir”.

 

Maraqlıdır ki, ölkə qanunvericiliyi benefisiar sahibin açıqlanmasını birbaşa və dolayı yollarla qadağan edən müddəalarla zəngindir: “Nazirlər Kabinetinin 2018-ci ildə təsdiq etdiyi “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi qaydasına əsasən benefisiar mülkiyyətçi barədə məlumatlar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yayılmamalı və qorunmalıdır. Belə məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kommersiya sirri hesab edilir və bu cür məlumatların yayılması məsuliyyətə səbəb olur.

Bundan əlavə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili və fəaliyyəti ilə əlaqədar dərc edilməsi qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc edilir.

“Kommersiya sirri haqqında” qanuna əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar kommersiya sirri hesab edilir və onların açıqlanması qadağan olunur”.

 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır ...

Benefisiar sahiblik dedikdə, yalnız hər hansı müəssisədə, fondda payı olan şəxslər deyil, onların idarəçiliyinə bu və ya başqa yolla təsir etmək imkanı olan şəxslər də başa düşülür. Azərbaycan qanunvericiliyində “siyasi nüfuz sahibi” adlandırılan bu şəxslərlə bağlı müddəa mövcuddur, lakin məhdud formada: “

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna görə, siyasi nüfuz sahibi kimi xarici dövlətlərin siyasi xadimləri nəzərdə tutulur. Bunlar hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və ya hökumət başçıları, nüfuzlu siyasətçilər, hökumət üzvləri, yuxarı instansiya məhkəmələrinin hakimləri, yüksək rütbəli hərbi qulluqçular, dövlət mülkiyyətində olan müəssisələrin rəhbər vəzifəli şəxsləri, siyasi partiya vəzifəli şəxsləri), onların ailə üzvləri və yaxın qohumları hesab olunur.  Yəni “siyasi nüfuz sahibi”nin anlayışı yalnız xarici ölkələrin siyasi xadimlərinə aid edilərək məhdudlaşdırılıb”.

Göründüyü kimi, Azərbaycan qanunvericiliyində benefisiar sahibliyin açıqlanmasına imkan verməyən xeyli sayda müddəalar mövcuddur. Hətta ayrıca götürülmüş formada hasilat sənayesində belə bu açıqlığa gedilməsi üçün çoxsaylı qanunlara, normativ aktlara dəyişikliklər olunmalıdır.

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR