“Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar heç bir əsasa söykənmir və qərəzlidir”.
Bunu mayın 21-də jurnalistlərə ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətin rəhbəri Azay Quliyev bildirib. Onun sözlərinə görə, qurumun bu addımı Azərbaycana qarşı yönəlib: “Çünki şəxsən Səməd Seyidovun bu korrupsiya məsələsinə aid olmasını sübut edəcək bir dəlil yoxdur. Hazırlanmış hesabat özü də ziddiyyətlərlə doludur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞ PA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı bir sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə bir addım atılmamalıdır”.
ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycanın Avropa Şurasından çıxması düzgün addım olmaz: “Çünki Azərbaycan qurumun ən fəal üzvlərindən biridir. Azərbaycan eyni zamanda Avropa Şurasının və onun Parlament Assambleyasının fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Bəzi dairələrin təzyiqi altında, onların istəyi və təxribatı ilə Azərbaycanın öz qərarına yenidən baxmaq, AŞ PA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin, buna cəhd edənlər var. Bu cür layihələrın arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan və Avropa arasında münasibətlər korlansın. Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alsaq ki, bu gün Azərbaycan Avropa İttifaqı ölkələrinin əsas ticarət tərəfdaşıdır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. TAP, TANAP, Bakı-Tiflis-Qars dəmir yolu kimi layihələr icra olunur. Belə olanda hamıya bəllidir ki, Azərbaycana qarşı məkrli işlərdə kimlər maraqlıdır”.
Bəs Səməd Seyidovun nümayəndə heyətinin rəhbəri kimi saxlanması AŞ PA ilə münasibətlərə təsir edə bilərmi?
Azay Quliyev deyib ki, S.Seyidovun istefa verməsini düzgün hesab etmir: “Bu bütövlükdə ədalətsiz, qərəzli, haqsız bir qərardır. Bunu bilə-bilə nümayəndə heyətinin tərkibinin və rəhbərinin dəyişdirilməsini mənəvi baxımdan düzgün hesab etmirəm. Amma siyasi baxımdan vəziyyətin və yanaşmanın necə olacağını Səməd Seyidov və Azərbaycan hökuməti müəyyənləşdirməli, vəziyyətə uyğun qərar verilməlidir.
Mənim fikrimcə, sırf mənəvi baxımdan bu, Səməd Seyidova qarşı edilmiş haqsızlıqdır və bu haqsızlığı bilə-bilə onu nümayəndə heyəti rəhbərliyindən uzaqlaşdırmaq düzgün deyil. Amma siyasi qərarı Səməd Seyidov və rəhbərlik özü verəcək".

Siyasi ekspert Yeganə Hacıyeva isə “Yeni Müsavat”a öncə bildirdi ki, AŞ PA-da ard-arda ölkələrin nümayəndə heyətlərinə sanksiyalar tətbiq olunması təcrübəsi Rusiya, Türkiyə kimi dövlətlərin Avropa Şurası ilə əlaqələrinin gərginləşməsinə, bu dövlətlərin cavab olaraq quruma ödədikləri üzvlük haqqını azaltmasına, xüsusilə də Avropa İnsan Haqları Məhkəməsinin qərəzsizliyi şübhə doğuran qərarlarına əməl etməməsinə gətirib çıxardı. Belə cavab addımlarının uzunmüddətli hesabda digər üzv dövlətlərdə domino effekti yarada biləcəyindən ehtiyat edən AŞ PA fərdi sanksiyaların tətbiqi siyasətini yürütməyə başladı. AŞ PA-nın keçən il yay sessiyasında qəbul olunan “Üzvlərin məsuliyyət prinsiplərinin tanınması və həyata keçirilməsi” hesabatı ilə daxili prosedur və reqlament qaydaları dəyişdirildi. Bu dəyişikliklər məhz sanksiyaların tətbiqi üçün baza olaraq nəzərdə tutulub: “Bunun əsasında Müstəqil İstintaq Qrupu formalaşdı və qrupun fəaliyyəti nəticəsində, əslində heç bir dəlil və sübuta, real faktlara söykənməyən korrupsiya hesabatı qəbul olundu. AŞ PA-nın korrupsiyada və etika qaydalarını pozmaqda ittiham olunan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq olunması həyata keçirildi. AŞ PA-dakı nümayəndə heyətinin rəhbərinə tətbiq edilən sanksiya heç də ölkəmizin digər deputatlarının AŞ PA-dakı fəaliyyətini məhdudlaşdırmır, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin Səməd Seyidovla bərabər digər 12 üzvü var. Səməd Seyidovun ətrafında baş verənlər qısamüddətli fərdi sanksiylardır və Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə fundamental təsir göstə biləcək bir hal deyil”.
Y.Hacıyeva qeyd etdi ki, Səməd Seyidovun nümayəndə heyətinin rəhbəri kimi saxlanması Avropa Şurası ilə münasibətlərimizdə problem yaradası deyil: “Ancaq Avropa Şurasında bu il Avropa İnsan Haqları Məhkəməsi hakimlərinin seçkiləri, gələn il isə yeni baş katib seçkiləri keçiriləcək. Seçkilər öncəsi komitə və komissiyalarda nümayəndə heyyətlərinin rəhbərləri səviyyəsində təmsilçilik və iclaslar keçirilir. Azərbaycan nümayəndə heyətinin seçkili orqanlarda təmsilçiliyinə qoyulmuş iki illik qadağa ölkəmizi bu proseslərdən kənarda qoya bilər. Bu isə nəticə olaraq maraqlarımızın müdafiəsində mövqelərimizin zəifləməsinə təsir edə bilən bir haldır”.

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, indiki anda Səməd Seyidovun nümayəndə heyətinin rəhbərliyindən kənarlaşdırılmayacağı gözlənilən idi. Hakimiyyət Səməd Seyidovu və Azərbaycan nümayəndə heyətini müdafiə etməli idi və belə də oldu: “Çünki bununla Avropa Şurasının məlum qərarının Azərbaycan tərəfindən heçə sayıldığını nümayiş etdirirlər.
Lakin nəzərə alsaq ki, qarşıdakı illərdə Səməd Seyidov sanksiya altında olacaq və bir sıra vacib məqamlarda çıxış etmək imkanından məhrum vəziyyətdə olacaq, deməli, onun saxlanması Azərbaycanın özünə ziyan ola bilər. Ona görə də, hər halda, emosiyalar sönəndən sonra hakimiyyət bu məsələdə daha real qərar qəbul edəcək və Səməd Seyidov istefaya göndəriləcək və ya özü istefa verəcək. Onun yerinə yeni deputat seçiləcək. Əks halda, Avropa Şurasında növbəti lazımsız hücumlara məruz qala bilərik. Bu da indi bizə lazım deyil".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






