AZAL inhisarçı mövqeyi: Bu aviaşirkətin təyyarələri hələ də baha uçur?
Natiq Cəfərli: “AZAL ölkəyə digər aviaşirkətləri buraxmadığına görə aviaxidmət bazarını təkbaşına idarə edir və istədiyi qiyməti tətbiq edir”
Vüqar Bayramov: “AZAL-da qiymətləri müəyyənləşdirən zaman digər aviaşirkətlərin eyni istiqamətdə olan uçuş tariflərinin nəzərə alınmasına ehtiyac var”
AZAL-ın rəsmisi Məhərrəm Səfərli: “Aprel ayının 15-dən sonra aksiya keçiriləcək, qiymətləri 20 faiz endirəcəyik”
Azərbaycanda aviabiletlərin baha olması artıq sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Xüsusən də, bayram günlərində qiymətlərin artması əhalinin narazılığına səbəb olub.
Müzakirələrin əsas xətti bu olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin ölkədə yeganə yerli aviaşirkət kimi bu sahədə hökmran mövqeyə sahib olması səbəbindən qiymətləri istədiyi kimi tənzimləyir və bu da sadə insanların səyahət arzularını ürəyində qoyur.
Ötən gün Vəkil Aslan İsmayılov facebook sosial şəbəkəsindəki səhifəsində bayram günlərində xaricə səfər etmək istərkən qarşılaşdığı qiymətlərdən narazılığını belə ifadə edib: “Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, “Azərbaycan Hava Yolları” bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də “AZAL”ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir.
Bayram günləri “AZAL”ın qiymətləri qaldırmasına görə Türk Hava Yolları da məcburən qiymətləri qaldırır. Novruz bayramı ərəfəsində Bakı-İstanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tiflis-İstanbul-Tiflis reysi isə 200 avrodur.
Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır.
Məsələn, təxminən eyni məsafə olan Kiyev-Tiflis-Kiyev reysinin gediş-dönüş qiyməti 180-220 ABŞ dollarıdır. Bakı-Riqa-Bakı reysi 500 avrodan artıq olduğu halda, Tiflis-Riqa-Tiflis reysinin gediş-dönüş qiyməti 250 avrodur.
Yay vaxtlarında vətəndaşlarının rahatlığı üçün Türk Hava Yolları ABŞ-ın müxtəlif şəhərlərinə 12 saatlıq uçuşu olan reyslərə 400-500 manatlıq reyslər təşkil edir. C.Əsgərov isə yay vaxtlarında 2 saatlıq uçuşu olan Bakı-Antalya, Bakı-Bodrum reyslərinin qiymətini 1000 manata qaldırır. Bu, öz vətəndaşına zülm etmək deyil, nədir?!”
Söylənilən fikilərin heç də haqsız olmadığını ifadə edən iqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirdi ki, qiymətlərin bahalığında əsas səbəb AZAL-ın inhisarçı mövqedə olması və hökumətin də bu şirkətin qərarlarının arxasında duraraq, inhisarçı şirkət kimi AZAL-ı dəstəkləməsidir: “Azərbaycan iqtisadiyyatı bir çox sahələrdə inhisarçılıqdan əziyyət çəkir və bu sahələrdən bir də hava nəqliyyatı ilə sərnişindaşıma sistemidir. AZAL ölkəyə digər şirkətləri buraxmadığına görə aviaxidmət bazarını təkbaşına idarə edir və istədiyi qiyməti tətbiq edir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesinin ləngidilməsi və bununla bağlı qərarın verilməməsi də inhisarçılığın möhkəmlənməsinə təsir edir. Bundan ən böyük zərbə isə səyahət etmək istəyən Azərbaycan vətəndaşlarına dəyir. Bütün dünyada neftin qiyməti ucuzlaşdığı üçün aviaşirkətlər də çox ciddi endirim kompaniyaları həyata keçirirlər, qiymətlərdə xeyli dərəcədə ucuzlaşma hiss olunur.
Məsələn, Gürcüstan və Türkiyənin aviaşirkətlərinin qiymətlərinə nəzər salsaq, görərik ki, xeyli dərəcədə enmələr müşahidə olunur. Avropa şirkətləri bizim üçün ağlasığmaz dərəcədə ucuz görünən qiymətlərlə uçuşlar həyata keçirirlər. Azərbaycanda Bakıdan Gəncəyə avtobusla getmək üçün xərclənən vəsaitlə Avropada Parisdən Madridə uçmaq mümkündür. Bütün dünyada ucuzlaşma getdiyi bir vaxtda Azərbaycanda AZAL inhisarçı mövqeyindən istifadə edib, qiymətləri tənzimləmək istəmir, həm də bazara daha ucuz xidmət göstərən şirkətləri ölkəyə buraxmır. Nəticədə Azərbaycanda çox ciddi bir proses başlayıb, xaricə uçmaq istəyən insanların əksəriyyəti Gürcüstan üzərindən səyahətə üstünlük verirlər. Hətta Türkiyə və Avropaya belə, Gürcüstan aviaşirkətləri ilə uçuş həyata keçirirlər. Bazarda AZAL-ın ciddi rəqibləri olmadıqca, bu proses belə davam edəcək. Qiymətlərin aşağı düşməsi üçün mütləq rəqabətli mühit yaradılmalıdır”.
Ekspertin sözlərinə görə, təyyarə biletlərinin baha olması ölkə turizminə də təsir göstərir: “Azərbaycana gəlmək istəyən turistlər alternativ variantlar axtarmaq istəyərkən, ilk növbədə AZAL-ın qiymətləri ilə tanış olurlar və Türk Hava Yollarının da AZAL-ın oyun qaydalarına uyğun olaraq, Türkiyə ərazisindən reyslər həyata keçirdiyini görürlər. Alternativ variantlar arasında Gürcüstan daha əlverişlidir və turistlərin həmin ölkəyə yönəlməsinə gətirib, çıxarır. Turistlər çox asanlıqla araşdırıb, görürlər ki, Tiflisə uçmaq Bakıya uçmaqdan azı iki dəfə ucuzdur və bu da onların hansı ölkəyə getməyə qərar verməsində əsas rol oynayır”.
İqtisadçı ekspert Vüqar Bayramov isə qeyd etdi ki, Azərbaycan Hava Yollarında qiymətlərin tənzimlənməsi rəqabətin gücləndirilməsi baxımından vacibdir: “AZAL-da qiymətlərin xarici kompaniyalarla müqayisədə ucuzlaşdırılmasına ona görə ehtiyac var ki, vətəndaşlarımız yerli aviaşirkətin xidmətlərindən istifadə etsinlər. Çünki xarici şirkətlərin xidmətindən istifadə edilməsi bu pulların ölkədən getməsi deməkdir. Bu baxımdan, AZAL-da qiymətləri müəyyənləşdirən zaman digər aviaşirkətlərin eyni istiqamətdə olan uçuş tariflərinin nəzərə alınmasına ehtiyac var. Ancaq bir faktı da qeyd edək ki, London və Amerika istiqamətində həyata keçirilən uçuşlarda AZAL-ın tətbiq etdiyi qiymətlər daha aşağıdır. Daha yaxın şəhərlərə - İstanbula, Moskvaya və s. AZAL-ın daha ucuz biletlər təklif etməsinə ehtiyac var. Bu da imkan verəcək ki, rəqabət nəticəsində vətəndaşlar nisbətən ucuz qiymətə yerli aviaşirkətin xidmətindən istifadə etsinlər”.
Bu məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli musavat.com-a danışarkən bildirdi ki, birmənalı şəkildə qiymət artımına yol verilməyib: “AZAL heç bir qiymət artırmayıb. Əksinə, aprel ayının 15-dən sonra aksiya keçiriləcək, qiymətləri 20 faiz endirəcəyik”.
AZAL-ın ölkədə inhisarçı mövqeyini qorumaq üçün xarici aviaşirkətləri ölkəyə buraxmaması iddiasına gəlincə, Məhərrəm Səfərli bu fikirlərin əsassız olduğunu bildirdi: “Bu deyilənlər heç bir həqiqətə söykənmir. AZAL Türk Hava Yollarına necə rəhbərlik edə bilər, necə təzyiq göstərə bilər? Bu fikir qətiyyən düzgün deyil”.
Xarici aviaşirkətlərin eyniistiqamətli uçuşlarının daha ucuz olmasına gəlincə, AZAL sözçüsü bildirdi ki, qiymətlərin baha olması xidmətin keyfiyyətinin yüksək olması ilə bağlıdır: “Türkiyə Hava Yolları da eyni qiymətə uçur, biz də eyni qiymətə uçuruq. Necə onlar bizdən ucuz ola bilər? "British Airways" aviaşirkəti də Londona eyni qiymətə uçur, biz də eyni qiymətə uçuruq. Deyirsiniz ki, vətəndaşlar Gürcüstan üzərindən uçmağa üstünlük verirlər. Ancaq bizim təyyarələr onlardan keyfiyyətlidir, komfortludur, servisimiz yüksəkdir, uçuşlarımız təhlükəsizdir. Həmin şirkətlər bir vafli, bir də limonad verirlər, biz isə xüsusi yeməklər veririk. “Air Baltik” aviaşirkəti daha ucuz qiymətə uçur, digər şirkətlər isə ondan iki dəfə baha uçur. Ancaq ucuz uçan şirkətlərdə bir stəkan suyu belə, pulla verirlər. Bizdə isə istənilən içki servis olunur. Qiymət fərqi xidmətin keyfiyyətinə görədir, bizim bütün təyyarələrimizin hamısı təzədir”.
Nərgiz Liftiyeva






