AZAL-ın qiymətləri yenidən gündəmdə: Qiymət artımı olubmu?
Manatın məzənnəsinin avroya nisbətdə ucuzlaşması AZAL-ın təyyarə biletlərinin qiymətinə də təsir edib. Belə ki, şirkətin avro ilə təqdim etdiyi biletlərin qiyməti manat ekvivalentinə uyğun olaraq, bahalaşdırıb. Qeyd edək ki, avro 1,6850 manata yüksəlib.
AZAL-dan isə mətbuata bildirilib ki, aviabiletlərin avro ekvivalentində qiyməti dəyişməz qalır.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski musavat.com-a açıqlamasında qeyd edib ki, aviabiletlərin avro ekvivalentində qiyməti dəyişməz qalır, lakin Azərbaycanda bütün hesablaşmalar milli valyutada aparılmalı olduğu üçün biletlərin qiyməti IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) tərəfindən Azərbaycan Mərkəzi Bankının ödəniş günündə manatın avroya nisbətdə rəsmi məzənnəsi üzrə dərc edilir.
AZAL-ın uçuş biletlərinin qiymətinin yüksək olduğunu deyən iqtisadçı eskpert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında bildirdi ki, aviasiya benzini ucuzlaşdığı üçün AZAL qiymətləri endirməli idi, lakin bu, baş vermir: “Əslində, AZAL-ın daxili və xarici reyslərdə qiymət artımına keçməsinə heç bir lüzum yox idi. Necə ola bilər ki, dünyada, eləcə də avrozonada aviasiya şirkətləri qiymətləri ucuzlaşdırır, ancaq bizdə qiymət artır. Manatın ucuzlaşması bunun üçün əsas deyil. Türkiyə lirəsi də bu il 60 faizdən çox dəyər itirib, lakin Türkiyənin aviasiya şirkərləri uçuş biletlərinin qiymətini endirib. Bu, dünya bazarında aviasiya benzininin qiymətinin düşməsi ilə əlaqədardır”.
Ekspertin sözlərinə görə, dünyanın əksər ölkələrində aviasiya sahəsində rəqabətli mühit olduğu üçün onlarda qiymət artımı olmur: “Azərbaycan isə aviasiya benzini istehsal edən ölkələrdən biri olduğu halda, avro ilə bağlı olaraq, dərhal qiymətlər qalxır. Hətta daxili reyslərdə belə, qiymət artımına gedilirsə, bu, absurddur. Yəni, avronun manata nisbətdə bahalaşmasının daxili reyslərin qiymətini bahalaşdırması heç bir məntiqə sığmır. Yenə xarici reyslərdə ola bilər ki, xarici aeroportlarda qiymətlər avro ilə hesablanır, bu səbəbdən də xərclər artır və qiymətlərə təsir edir. Lakin daxili reyslərdə qiymət artımının ümumiyyətlə, heç bir təsiri olmamalıdır. Qiymət artımını əsaslandırmaq üçün AZAL xalqa hesabat verməlidir ki, bir il bundan qabaq aviasiya benzinini neçəyə alırdı və indi neçəyə alır. İndiyədək bu qiymətlər dəyişməli idi. Aviasiya benzini ucuzlaşdıqca niyə AZAL qiymətləri endirmir?”
N.Cəfərli vurğuladı ki, AZAL-ın Azərbaycanın aviasiya bazarında inhisarçı rolu hər addımda, o cümlədən, qiymət siyasətində özünü büruzə verir: “Alternetiv bir xidmət olmadığı üçün AZAL istədiyi zaman qiymətləri qaldırır. Bunun qarşısını almağın yeganə yolu bazarda AZAL-a rəqib ola biləcək aviasiya şirkətlərin olmasıdır”.
Nərgiz LİFTİYEVA,
Musavat.com






