İnsanlara hürriyət, millətlərə istiqlal!

“AZADLIQ VƏ ƏDALƏTİ AZƏRBAYCANA BİZ GƏTİRƏCƏYİK”

4053 17.07.2012 09:38 Siyasət A A

Tədbir daha sonra Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında geniş toplantı ilə davam etdirildi. Mərasim dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra mərhum eks-prezident, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əli Kərimli çıxışında təşkilatın yaranması, keçdiyi inkişaf yolu barədə tədbir iştirakçılarına məlumat verdi: “Milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin rəhbərliyi ilə Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cəbhəsi meydan hərəkatının yetişdirdiyi mərd, mübariz insanları Qarabağ döyüşlərində şəhid verib. Bu müddət ərzində yüzlərlə cəbhəçi təzyiqlərə, təhdidlərə və repressiyalara məruz qalıb. İndi isə Şahin Həsənli, Vidadi İsgəndərli kimi mübariz insanlar vicdan məhbusu kimi hələ də həbsdədir. AXC-nin yetişdirdiyi 8 mübariz insanımızı hakimiyyət üst-üstə 30 il məhbəsdə yatızdırıb. Buna baxmayaraq biz qorxmuruq, ruhdan düşmürük. Hakimiyyətin təqib, təzyiq və repressiyası bizim mübarizəmizi daha da gücləndirir. Biz yorulmuruq, sarsılmırıq. Azərbaycanın mübariz insanları, gəncləri, ziyalıları sıralarımıza daxil olmaqda davam edir. Xalq bu qədər məhrumiyyətlərə, repressiyalara məruz qalan bu partiyanı seçir. Dara düşmüş yaxınımız bizim dostumuzdur, silahdaşımızdır. Biz ortaya böyük bir mübarizə modeli qoymuşuq. Biz sevincliyik ki, bu çətin yolu, bu şərəfli yolu davam etdiririk. Uğrunda mübarizə apardığımız azadlığı, ədaləti Azərbaycana biz gətirəcəyik. Bu gün biz Azərbaycan cəmiyyətinin çox yaxşı təşkilatlandığını görürük”.
Əli Kərimli daha sonra İctimai Palatanın (İP) fəaliyyəti haqqında danışdı. O, İP-in fəaliyyət dövründə əldə etdiyi uğurlardan söz açdı. Ziyalılar Forumu ilə əməkdaşlığın uğurla davam etdirildiyini toplantı iştirakçılarının nəzərinə çatdırdı.
Ölkədəki mövcud siyasi vəziyyətə toxunan AXCP sədri bildirdi ki, Azərbaycan hakimiyyəti artıq daxildə olduğu kimi dünyada da legitimliyini itirib. Əli Kərimli demokratik dünyanın dəstəyinə baxmayaraq Azərbaycan xalqının demokratiya uğrunda mübarizədə ümidlərini xaricə bağlamadığını vurğulayaraq dedi: “Biz özümüzə güvənirik. Bu millət öz haqqını əldə etməyə qadirdir. Bu millət dünyada ilk məxməri inqilabı həyata keçirən millətdir”.
Daha sonra çıxış edən Müsavat başqanı İsa Qəmbər AXC-nin Azərbaycan tarixində tutduğu yer və önəmindən danışdı: “AXCP İctimai Palatada ən böyük müttəfiqlərimizdən biridir. Azərbaycan Xalq Cəbhəsi ilə Müsavat Partiyası çox böyük tarixi yol keçib. Mən keçmiş və indiki vicdan məhbuslarının Xalq Cəbhəsinin yaranması münasibətilə təbrik edirəm. Cəbhənin bütün üzvlərinin bu bayramı keçirməyə haqqı var. Onlar uzun illərdir bu mübarizə yolunda böyük fədakarlıq göstəriblər. Mən bu zalda da bəzi insanları görürəm ki, Xalq Cəbhəsinin yaranmasında var idilər, fəaliyyət göstərirdilər. O insanlardan bəziləri şəhid oldular, bəziləri ciddi məhrumiyyətlərə məruz qaldılar. Lakin buna baxmayaraq insanlar öz mübarizələrini davam etdirdilər”.
İsa Qəmbər bildirdi ki, Xalq Cəbhəsi hərəkatının yaranmasında əsas məqsəd müstəqillik, demokratiya və Azərbaycanda rifahın əldə olunması idi: “Müstəqilliyin əldə olunmasına baxmayaraq hələ də Azərbaycanda demokratiya bərqərar olmayıb. Azərbaycanda müstəqilliyin əldə olunmasına baxmayaraq insanların rifahı yüksək səviyyədə deyil”.
Müsavat başqanı daha sonra qeyd etdi ki, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan bəzi insanlar hazırda məhbəsdədir: “Biz onları buradan salamlayırıq. İnanırıq ki, onların qəlbi buradadır. İnanıram ki, Azərbaycan Xalq Cəbhəsi hərəkatının 25 illiyini 2014-cü ildə dövlət səviyyəsində qeyd edəcəyik”.
Görkəmli tarixçi-alim, professor Cəmil Həsənli təmsil olunduğu Ziyalılar Forumunun salamlarını çatdıraraq qurumun fəaliyyəti ilə bağlı fikirlərini bölüşdü. O dedi ki, AXC-nin yaranmasında və inkişafında Əbülfəz Elçibəyin iradəsi dayanıb: “Azərbaycan cəmiyyətinin ən cəsarətli nümayəndələri də bu hərəkatda cəmləşmişdi. Orada tarixə nümunə verən insanlar var idi. Tarix sübut etdi ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. İnanıram ki, Azərbaycanın müstəqilliyini əldə etmiş insanlar - hansılar ki, burada əyləşiblər - onlar buna nail olacaqlar. AXC-nin tarixi müstəqil Azərbaycanın tarixidir”.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər çıxışı zamanı tarixdən nümunə götürməyə çağırdı. S.Əkbər müxalifət düşərgəsində təmsil olunan qüvvələri 2013-cü ildə keçiriləcək prezident seçkisi öncəsi birliyə də çağırdı.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu siyasi təşkilatlanma baxımından Xalq Cəbhəsinin nailiyyətlərindən danışdı. Onun sözlərinə görə, AXC klassik müstəqil dövlət uğrunda mübarizə aparan hərəkat olub: “Xalq Cəbhəsinin varisi təkcə AXCP və Müsavat deyil, Yeni Azərbaycan Partiyasının da daxil olduğu bugünkü çoxpartiyalı sistemdir. Azərbaycan xalqının ən böyük demokratı Əbülfəz Elçibəy deyil. Təkcə İslam və türk dünyası yox, XX əsrdə bütün dünyanın qəbul etdiyi ən böyük demokrat Səttarxandır”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə təşkilatla bağlı fikirlərini söyləməklə yanaşı, siyasi dairələrin müasir siyasi texnologiyalardan bəhrələnməsinin vacibliyini vurğuladı.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan tədbirdə iştirak edən partiya sədrlərinə müraciət edərək hamını prezident seçkisində vahid mövqedən çıxış etməyə çağırdı.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə çıxışında dedi ki, AXC-nin ən böyük rolu Azərbaycanın müstəqilliyinin müəllifi olmasıdır.
Professor Rafiq Əliyev AXC-nin banisi Əbülfəz Elçibəyin fəaliyyəti haqda danışdı. O, siyasi partiyaların münasibətlərinin normallaşmasının əhəmiyyətini da vurğuladı.
Söz alan professor Firudin Cəlilov dedi ki, AXC-nin üzvü olmasa da milli-azadlıq hərəkatında təmsil olunub. F.Cəlilov AXC hakimiyyəti dövründə qazanılan uğurlar haqda da danışdı.
Xatırladaq ki, 1989-cu il, iyulun 16-da Bakıda gizli konfransda təsis olunan AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. AXC yaranarkən 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb. Ora bu şəxslər daxil olub: İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümmətov. AXC hakimiyyətə gələndən sonra bu şəxslərin əksəriyyəti yüksək vəzifələrdə təmsil olunub. Onların üçü - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, yazıçı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.
1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 Yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. Bu gün Azərbaycanda olan partiyaların bir çoxu AXC bazalı təşkilatlardır. Hərəkatda olan siyasətçilərin əksəriyyəti özlərinin ayrıca partiyasını yaradıblar.
AXC-nin varisi 1995-ci ildə yaradılmış, hazırda Əli Kərimlinin sədr olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Adında “Xalq Cəbhəsi” söz birləşməsi olan daha iki partiya var - Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (lideri Qüdrət Həsənquliyev). 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR