“Azadlıq” radiosunun Bakı ofisində axtarış - video - yenilənib
“Media forum” saytı xəbər verir ki, dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəlib.
Prokurorluğun əməkdaşları axtarış-götürmə əməliyyatı aparır. Prosesdə radionun vəkili Yalçın İmanov da iştirak edir.
“Azadlıq” radiosunun Bakı ofisində aparılan axtarış-götürmə əməliyyatının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir.
Xəbər verilir ki, “Azadlıq” radiosu məsələ ilə bağlı qısa məlumat yayıb. Həmin məlumatda deyilir: “Bu gün təxminən saat 10:30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarışa başlayıblar.
Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.
Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iştiraka iki radio əməkdaşı da qoşulub”.
Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarış barədə açıqlama yayıb. “Report”un xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib. O bildirib ki, axtarış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən aparılır. Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil. “Axtarış Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi ilə bağlıdır”.






