“Qanunvericilik bazası olmayanda onlayn media xaotik şəkildə fəaliyyət göstərir ki, bu da ancaq zərər verir”. Bu fikri “Teleqraf Holdinq” in baş direktoru Aynur Camal musavat.com-a danışarkən səsləndirib.
Onun sözlərinə görə, həm çap mediasının, həm də onlayn medianın çox ciddi maliyyə dəstəyinə ehtiyacı var: “Print medianın nə qədər dəstəyə ehtiyacı varsa, onlayn medianın da bir o qədər, hətta ondan daha da artıq dəstəyə ehtiyacı var. Reallıqlar məlumdur, təəssüflər olsun ki, Azərbaycanda heç bir media orqanı dotasiya almadan, yardım almadan ayaqda durmaq imkanında deyil. Təəssüflər olsun ki, bizim reklam bazarımız buna imkan vermir. Biz yaxın qonşulardan, Rusiyadan, Türkiyədən eşidirik ki, büdcəsi az qala bir dövlətin büdcəsində bərabər olan media quruluşları var. Ancaq Azərbaycanda dövlətin dəstəyi olmadan heç bir media qurumu ayaqda dura bilmir. Bunun bir səbəbi reklam bazarı ilə bağlıdırsa, digər səbəbi də oxucu problemidir, oxucular üçün qəzetin öz populyarlığını itirməsidir. Mən xatırlayıram ki, ötən illərdə, yaxın keçmişimizdə qəzet satışı ilə öz fəaliyyətini davam etdirən, inkişaf etdirən media orqanlarımız var idi və onlardan biri də “Yeni Müsavat” qəzeti idi”.
A.Camal hesab edir ki, yeni bir media quruluşu olan onlayn media çox böyük texniki avadanlıq tələb edir: “Çox az media orqanlarımız var ki, bu istiqamətdə öz fəaliyyətlərini davam etdirə bilirlər. Youtube-da biz çox zəifik və ciddi şəkildə uduzuruq. Halbuki dünyada bütün aparıcı media quruluşlarının Youtube səhifələri bir klassik televiziyanın gördüyü işi görür. Bu sahədə çox ciddi problemlərimiz var. Bayaqki müzakirələrdə də bu qeyd olundu. Onlayn medianın qanunvericilik bazası yox dərəcədədir. Bizim müvafiq qanunlarımızda onlayn media ilə bağlı müddəalar olmalıdır. Bununla bağlı ayrıca qanunlarımız olmalıdır, domen adları ilə bağlı ayrıca qanuna ehtiyac var. Biz media olaraq Milli Məclisə müraciət etməliyik ki, deputatlarımız mütləq bu sahəyə diqqət ayırsınlar. Qanunvericilik bazası olmayanda onlayn media xaotik şəkildə fəaliyyət göstərir ki, bu da ancaq zərər verir. İstər sosial şəbəkələrdə, istərsə də media müstəvisində bu belədir. KİVDF və Mətbuat Şurası onlayn mediaya dəstək vermək, onların inkişafını intensivləşdirmək üçün yollar aramalı, müzakirələr aparmalıdırlar”.
Nərgiz LİFTİYEVA
Foto: Məğrur MƏRD
Musavat.com






