İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayının kəndə hücumu

4021 15.09.2019 22:01 Yazarlar A A

“Deyirəm, Məğroc müəllim, tədqiqat eşqi bizi aparıb Malayziyaya da çıxardı”

(“Professor Klan” qrupu, “Kuala Lumpur” mahnısından)

Bir dəfə hansısa telekanalizasiyada İbrahim Tatlısəsi guya savadsız olmasına görə ələ salırdılar, adam qayıdıb demişdi: “Urfada Oksford var idi, oxumadıq?” Gözəl cavab vermişdi, hətta Harvard məzunlarına layiq cavab idi. Bəs mən niyə bunu xatırladım? Çünki biz bir millət iki dövlətik, həmişə bizim ərazilərdə Nadir Qafarzadənin soyuducusu Seymur Baycanın soyuducusundan dolu olacaqdır. Həmişə buralarda Əziz Nesini yandırmaq istəyəcəklər, onu pilləkəndən düşürən polis isə dalına təpik vuracaqdır, Rafiq Tağını öldürənlər də qeybə çəkilib yalnız Qiyamət günü bizi bıçaqlamaq üçün peyda olacaqdır.

Əlqərəz, indi bizdə bilik günüdür, bütün burnufırtıqlılar və qarnıdəftərlilər məktəbə gedirlər, mən də öz adımdan onları təbrik edirəm. Müəllimələr dərsə dovğalarını bulayıb gəlsinlər. İdman müəllimlərinin dartınmağa turniki, biologiya müəllimlərinin spirtə qoyulmuş qurbağası, ibtidai sinif dərsliklərində isə çoxlu Tutu, top, Ömər, ördək, Jalə və jurnal olsun. İlahi, amin. Uzaqdan dərsə gələnlər üçün bir salavat zikr edək.

Sözgəlişi, hər dəfə müəllim sözündən sonra ə hərfi qoyub ana dilimizdə olmayan bir cinsi ayrıma yol verəndə mənə elə gəlir sanki biz mollaların müqəddəslərin adından sonra mötərizədə yazdığından eləyirik. “Filankəs (ə)” yazırlar ha, bax o cür. Ərəbcə “əleyhissəlam” sözünün baş hərfidir, “ona salam olsun”, “ona sülh arzulayırıq”, “bütün münaqişələri atəşkəs yolu ilə, ATƏT-in Minsk qrupunun xəttiylə həll olunsun” kimi anlam verir. Eyni zamanda bizim müəllimələrə necə böyük hörmət bəslədiyimizi, onları qutsal saydığımızı göstərməkdədir. İlahi, sən heç bir müəlliməni qarşıdan gələn müəllimlər günü, Şaxta baba bayramı, 8 mart, Orucluq və Pasxa törənlərində şokolad korobkasına möhtac eləmə! Onlara yaxşı podarkalar (bəzən savadsız jurnalistlər bu qədim sözümüzü “padarka” kimi yazırlar) qismət et. Misal üçün, Rusiyanın bəzi yerlərində müəllimə qızıl komplekti bağışlamaq moddadır. Yazdım, biləsiniz.

Təhsilə diqqət ölkəmizin əsas inkişaf istiqamətlərindən biridir və hər il universitetlərdə pullu yerlərin artması, oxumaq haqqının isə raket qiymətinə yüksəlməsi sevindiricidir. Əmək bazarımızda ixtisaslı kadrlara ehtiyac çoxdur. Misal üçün, iki universitet qurtaran adam dükanda 300 manata mal düzür. Elmlər doktoru tanıyıram, gözəllik salonunda dırnaq qaynağını elmi metodlarla həyata keçirib bir çətən külfət saxlayır. İki-üç il qabaq bir uşaq yağış suyundan bozbaş almağın elmi metodunu kəşf edərək millətin gözünün işığı olmuşdu. Hazırda AMEA-da Aya nərdivan qoymaq, Şamaxı rəsədxanasında Qurban bayramının Halley kometasının trayektoriyasına təsiri, BDU-nun filologiya fakültəsində “ki” bağlayıcısının “ı” və “n” hərflərindən yararlanaraq yazılmasının dilçilikdə inqilab olması, Texniki və Tibbi Universitetlərinin birgə platformasında isə “Dərsə gedən uşağın belinə neçə kilo yük vursan buzda yıxılmaz” temalarında araşdırmalar aparılır.

Söz düşmüşkən, bu yaxınlarda ekspertlərdən biri maraqlı təklif vermişdi, deyir balacalar eşşək balası kimi yüklənib məktəbə gedirlər, belləri əyilir, bəs sabah bunlar nə cür vətənə xidmət edəcəklər. Doğrudan da, beli əyri adamın yekələndə vəzifəli şəxslərin qabağında əyilməsi çətin olar. Çünki əyri adam əyiləndə avtomatik düzəlir. Bir növ, 180 dərəcəni fırladıb  360 dərəcə almaq kimi olur. Bu temada ata sözü də var, deyir əyri ağac yayımdır, hər gördüyüm dayımdır. Bu isə dövlətçiliyimizə ziddir. Elə adam axırda erməniyə də dayı deyər. Uzun sözün qısası, təhsil ekspertimiz təklif eləmişdi ki, uşaqlara... iki komplekt dərslik verək. Birini məktəbdə qoysunlar, o birini evdə oxusunlar. Əla təklif idi. Məncə biz müəllimənin də birini evdə, birini məktəbdə qoysaq lap yaxşı olardı. O cümlədən, karobkanın. Yoxsa çayı nə qədər qəndlə hortuldatmaq olar?

 Sonda ayının kəndə hücumundan yazmaq istəyirdim, yer qalmadı. Əlaqədar təşkilatlardan xahiş eləyin, mənə qəzetdə bir-iki sot əlavə yer alıb versinlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR