İnsanlara hürriyət, millətlərə istiqlal!

AYƏTULLAH YAZIÇI ÖLDÜRMƏYİ SAVAB BİLİRSƏ...

3224 29.11.2011 09:46 Yazarlar A A
Ancaq qəhrəman generalımız, “1-ci dərəcəli Lazım ordeni” laureatı Səfər Əbiyevin idarəsinin belə narahatçılığına, təkzibinə qəti ehtiyac yox idi. Birincisi, biz heç vaxt düşmənə inanmarıq. Məsələn, 18 ildir deyirlər guya Qarabağı ələ keçiriblər. Biz buna həmişə gülürük. Çünki yapokratiyanın təbliğatına görə 1993-cü ildən bəri dövlətimiz xilas edilibdir. Əgər dövlət xilas edilibsə, deməli, hər bir hissəsi də yerindədir. Yoxsa harda görünüb adamı suda boğulmaqdan qurtarasan, ancaq bədəninin bir hissəsi dənizdə qalsın? Belə şey mümkün deyildir. Sadəcə, ermənilər o qədər yalanla yaşayıblar, indi onlara elə gəlir Qarabağı tutublar.
İkincisi, hələ indiyə qədər heç vaxt erməni bizim ordunun 7 əsgərini birdən öldürə bilməyibdir. Uzağı 1-2 nəfəri vurarlar, o da təsadüfən. Bizim ordunun 7 əsgərini bir yerdə öldürmək qüdrəti ancaq bizim generallara xasdır. Uca millətimiz də şahiddir, dəfələrlə əsgərlərimiz bir-birini bu şəkildə qırıbdır. Məsələn, bu il girəndən bəri hardasa 100-ə yaxın əsgərimiz ölüb, onların cəmi-cümü 10-15 nəfəri cəbhə xəttində erməni gülləsindən ölə ya ölməyə. Çoxu Bakıda-zadda qırılıblar, ömürlərinin yerdə qalan hissəsini YAP rəhbərliyinə bağışlayıblar. Uzun sözün qısası, həm də buna görə biz ermənilərin yalan danışdığına əmin idik. Alçaqlar, siz haranın qoduğusunuz, bizim 7 əsgəri öldürəsiniz?
Çox əsəbləşib söymək istəmirəm, çünki bu saat şeyximiz Allahşükür bəy İrəvanda rəsmi səfərdədir. Yaramaz şeydirlər, mən burda söyərəm, onlar orda qisası hörmətli şeyximizdən alarlar.
Şeyxin İrəvana getməyinin səbəbinə gələndə, bu da çox vacib məsələdir. Ermənilər uzun müddətdir Allah yolundan uzaq düşmüşdür, şeyx gedib onları döndərsin, adam eləsin. Özüylə çoxlu dualar aparıbdır, ağıl duası, eşq-məhəbbət duası, atəşkəs duası və sairə. Həqiqətən, əgər Allahşükür bəy “Bütün Qafqazın şeyxi” titulunu daşıyırsa, ermənilər də onun ruhani yurisdiksiyası altına düşürlər, çünki ya zəlzələdən, ya vəlvələdən, bu namərd tayfa da qafqazlı sayılır. Umudvarıq şeyx həzrətləri erməniləri tezliklə müsəlmana çevirib xoş niyyət və arzularla vətənə dönəcəkdir. Amin!
Şeyximizin tez dönməsinə isə ehtiyac var. Yoxsa xaricdən dini duruma əl qoymaq istəyənlər var. Məsələn, iranlı ayətullah Məhəmməd Cavad Lənkərani adlı biri deyib ki, Azərbaycanda yazıçı öldürmək savab iş imiş, bu saat həmin yazıçı cəhənnəmdə çıtır-çıtır yanır. Elə bil cəhənnəmə odunu bu göndərir. Rəhmətliyin oğlu, hardan bilirsən? Ancaq iranlı ayətullahın sözünü qəribçiliyə salmayaq. Bu əziz dostumuz Lənkərani ağa, hansı ki, cəhənnəmin sakinlərini adbaad tanıyır, belə əsrarlı işləri Aya çıxıb, oradan öyrənir. Sən evdə xorna çəkirsən, ancaq Lənkərani yoldaş həmin vaxt ayağını yerə bərkdən vurub, çıxır Aya, ordan ilk növbədə Şimali Azərbaycandakı ictimai-siyasi duruma baxır, qərar çıxardır ki, kim cənnətə getməlidir, kim cəhənnəmə. Halbuki onun bizim daxili işlərimizə qarışmağa ixtiyarı yoxdur. Bizim öz hökumətimiz var, lazım olanda da hansı jurnalisti, ya yazıçını hansı cəhənnəmə göndərməyi qəşəng bilir.
İndi ağlıma gəldi, bizim şeyx Allahşükür bəy heç vaxt kimisə cəhənnəmə göndərmək fitvası vermir, uzağı adamın cənnətə düşəcəyini proqnoz edir. Çünki humanist insandır. O, yeri gəlmişkən, bir çox məmurlar kimi sahənin özündən əvvəlki rəhbərini də tənqid eləmir. Azərbaycanda vəzifə tutasan, ancaq özündən qabaqkı məmura arada selbə atmayasan - görünməmiş haldır.
Burda dəli şeytan köşəyə burnunu soxub pıçıldadı ki, adə, şeyx elə qədimdən bəri şeyx işləyir, heç özündən qabaqkının adı yadında qalmayıbdır.
Köşəyə şeytan burnu girdisə, onu tez bitirmək lazımdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR