İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayə, harayə gedirsən ayə” ilə məşhurlaşan gənc: neft mütəxəssisi, aktyor, yoxsa musiqiçi? - FOTOLAR, VİDEOLAR

4277 24.11.2017 16:45 Şou-biznes A A

Ötən gün adı çoxlarına tanış olmayan Vüsal Rzasoy bir ifası ilə sosial şəbəkələrin fenomeninə çevrildi. Oxuduğu “Ayə, harayə gedirsən, ayə?” adlı mahnısı marağa səbəb olsa da, buna görə onu tənqid atəşinə tutanlar da oldu.

Bu məsələdə ən çox diqqət çəkən isə bu tərzdə olan ifanın AzTV-nin Müasir Azərbaycan Gəncliyi (MAG) verilişində səslənməsidir. Lakin MZ productionun rəhbəri Üzlüfət Qasımova “Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-yə uyğun olmadığı üçün yayımlanmadığını, sadəcə videonun 20 gün əvvəl öz səhifələrində paylaşdıqlarını bildirdi.

Beləliklə bir ifa ilə Vüsal Rzasoy bütün diqqəti özünə çəkə bildi. Hər kəs üçün maraqlıdır, Vüsal Rzasoy kimdir?

İnternet resuslarında yayılan məlumatlara görə Vüsal Rzasoy 2 yanvar 1986-cı ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlib. 2008-ci ildən 2010-cu ilədək “Tengri” rok qrupunun vokal ifaçısı olub. Bakıda Neft Akademiyasında təhsil alıb. 2011-2014-i illərdə Avropa ölkələrini səyahətə çıxıb. 2014-cü ildən Litvada yaşamağa başlayıb və musiqi ilə məşğul olub. Litvada “X Faktor” televiziya müsabiqəsində iştirak edib. Hal-hazırda vətənə dönüb və litvalı meneceri G.Tiessa  ilə yeni layihələrə hazırlaşır.

Maraqlıdır ki, Neft Akademiyasının məzunu olan V.Rzasoy həm də Pantomima Teatrının əməkdaşıdır. Hətta yaxın günlərdə tamaşaçılar onun əsəri əsasında səhnələşdirilən və özünün də rol aldığı “Vuvana” tamaşasını görə biləcəklər.

Bəs görəsən Neft Akademiyasının məzunu olan V.Rzasoyun hazırda peşəsi pantomima aktyoru yoxsa musiqiçidir?

Musavat.com-un əməkdaşı Vüsal Rzasoyla söhbətləşib. İfaçı ilk öncə onu tanıtdıran “Ayə, harayə gedirsən, ayə?” mahnısından söz açıb: “Mən bu mahnın ifa etməkdə məqsədim, region ləhcələrində danışan insanların özünə məxsus sözlərin səsləndirməsinə deyil, daha çox onların mahiyyətinə,  daxilinə qulaq asmaq, varmaq lazım olduğunu göstərməkdir. Yəni bu sual çox sadədir “Ayə, harayə gedirsən?” Əsrlər əvvəl yaranan, cavabı axtarılan, tapılan, tapılmayan bir sualdır. Bütün insanların içində bu cür dərinlik var, fərqi yoxdur, bunu hansı ləhcədə ifa edir”.

- İlk dəfə idi ki, ləhcə ilə bağlı ifa edirdiz? Bunun davamı olacaqmı?

- Bəli, ilk dəfə idi və davamı da olacaq.

- Hansı bölgənin ləhcəsini təqlid etməyi düşünürsüz?

- Bunu hələ ki, bilmirəm. Bu yaranmış səmimiliklərdən baş verməlidir. Yeni bölgələri araşdırıb, mətləbə yetməliyəm.

- Sosial şəbəkələrdə xeyli tənqid olunduz, barənizdə sərt şərhlər yazıldı. Buna reaksiyanız necə oldu?

- Normal...

- Gözləyirdiz yəni bu cür reaksiyaları?

- Yox, bu haqda heç düşünməmişdim, sadəcə ifa etmişdim.

- Hər halda ifanız sizi sosial şəbəkədə tanıtdı, amma efirdə bəxtiniz gətirmədi. Məlum oldu ki, AzTV həmin mahnını televiziyaya uğun olmadığı üçün yayımlamayıb. Bundan xəbəriniz var idi?

- Bunu bilmirdim. Bir daha qeyd edirəm ki, həmin ləhcələrdə danışan insanlarla bir yaxınlıq, bağlılıq hiss etdiyim üçün bu cür ifa etmişəm və bunun uğur qazanıb, qazanmayacağını düşünmürdüm.

- Maraqlıdır ki, siz həm də Pantomima Teatrının aktyorusuz...

- Bu haqda danışmaq istəmirəm. Çünki teatr başqa sahədir. Teatrla musiqini əlaqələndimrək istəmirəm.

- Hazırda əsl peşəniz hansıdır?

- Hər iki sahə ilə məşğulam. Əsl peşəm isə yaşamaqdır.

- Bir az öncə qeyd etdiniz ki, teatrla musiqini qarışdırmırsız. Amma tamaşalardan gitara ilə fotolarınız var. Demək ki, hər iki sənəti birləşdirirsiz...

- Bəli, öz içimdə sənətlərimi birləşdirirəm. Amma baş  verən hadisələr müxtəlif məkanlarda baş verir və müxtəlifdir. Onlarin hərəsinin öz sahəsində baş verməsi daha maraqlıdır.

- Litvada təhsil almısız?

- Yox, sadəcə yaşamışam və orada musiqi ilə məşğul olmuşam.

- Həmin mahnın kadrlarında gördük ki, litvalı prodüseriniz sizinlə birlikdədir. Maraqlı layihələr gözlənilirmi?

- Bəli, elə “Ayə, harayə gedirsən, ayə?” mahnısı bizim birgə layihəmizin bir hissəsidir.

- Geyiminiz, imiciniz fərqlidir. Bununla bağlı ictimaiyyətdə qınayıcı baxışlarla üzləşirsiz?

- Yox, bu məni narahat etmir.

- İfanızla rok musiqisində yenilik gətirəcəyinizi düşünürsüz?

- Bəli.

- İfanızı hansı üsluba aid edirsiz?

- Hələ ki, üslubumun başlanğıcını təqdim etmişəm. Bundan sonra nə olacaq, adını necə olacaq bilmirəm. Yalnız yaradıcılıqla məşğulam və bunun hansı janra gətirib çıxaracağı mənim işim deyil...

Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR