İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayağı tutulan və aclıq edən” Navalnının həbsxanada gizli videosu yayıldı VİDEO

3743 02.04.2021 23:17 Dünya A A

Digər məhbuslar deyir ki, niyə onun üçün də döşəmə təmizləməlidirlər...

İki gün əvvəl Rusiyanın internet seqmetində həbsdə olan rusiyalı müxalifətçi bloger Aleksey Navalnın açlıq aksiyasına başlaması barədə xəbərlər yayılıb. Xəbərlərdə iddia olunurdu ki, aclıq aksiyasına başladığı haqda Navalnı özünün “instagram” səhifəsində məlumat verib. Bildirib ki, aclıq aksiyasına başlamasına səbəb bel ağrısı səbəbilə çağırdığı həkimin onun yanına buraxılmaması olub.

Qeyd edək ki, son olaraq fevralın 20-də Moskva Şəhər Məhkəməsində Navalnının şikayətinə baxılıb. Şikayət Moskva Şəhər Məhkəməsinin fevralın 2-də Navalnı barəsində çıxardığı hökmdən verilib. Həmin hökmə əsasən, Aleksey Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli olduğu halda, ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib. Navalnının Almaniyada müalicədən qayıtdıqdan sonrakı dövrdə də qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.

Moskva Şəhər Məhkəməsi hökmü altı həftə azaldılmasına qərar verərək Navalnının həbs müddətini 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirib. O, cəzasını ümumi rejimli həbsxanada çəkir.

Navalnı məhkəmə müddətində Moskvadakı “Motrosskaya tişina” təcridxanasında saxlanılıb. Qanunvericiliyə görə cəza almış şəxsin həbsaxana yeri qeydiyyatda olduğu yaşayış yerində və ya yaxın bölgədə olmalıdır. Navalnın qeydiyyatda olduğu Moskvada ümumi rejimli həbsxana yoxdur. Bu səbəbdən onu Vladimir vilayətinin Pokrovsk qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinə aparıblar.

Bildirilirdi ki, ümumiyyətlə, Vladimir vilayətindəki həbsxanalarda daxili qaydalar ciddidir və məhkumların qadağan olunmuş əşyalardan, o cümlədən mobil telefonlardan istifadəsi mümkünsüzdür. Həbsxanada məhkumlar digər məhkəmə instansiyalarına etdikləri müraciətlər buraxılmır, vəkillərin onlarla görüşməsinə icazə verilmir və s. Hətta Vladimirdəki həbsxanada məhkumların etirazları, onlara işgəncə və təcavüz faktları barədə də danışılırdı. Bu səbəbdən Navalnın şikayəti dərhal diqqət çəkib və...

Prezident yanında İctimai Palatanın üzvü, hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Mariya Butina həmin cəzaçəkmə müəssisəsində olub və digər dustaqlarla yanaşı Navalnın saxlanma şəraiti, səhhəti ilə maraqlanıb.

Yada salaq ki, Mariya Butina adı 2018-ci ildə tanınmağa başlayıb. ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdə günahlandırılaraq həbs olunan Mariya Butina iki ilə yaxın okeanın o tayındakı həbsxanada saxlanılıb, məhkəmə nəhayətdə, onu ölkəsinə deportasiya olunmaq barədə qərar çıxarıb. Ölkəsinə qayıtdıqdan sonra isə o, Prezident yanında İctimai Palatının üzvü kimi hüquq müdafiəçisi fəaliyyətinə başlayıb.
Rusiya mediasının yazdığına görə, Navalnının saxlandığı Pokrovsk koloniyası ilə bağlı təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, blogerin müəssisədəki "dəhşət" barədə faktlar yoxdur, məhkumlarla nəzakətli, lakin sərt davranılır. “Buranın sanatoriya olmadığı aydındır, 80-ci illərin pioner düşərgəsini xatırladır. Navalnının həbs rejimi digər məhbuslardan heç bir şəkildə fərqlənmir. Həbsxanada idman zalından istifadə etmək, kitabxanaya getmək, televizora baxmaq imkanı var”. Butina deyib ki, Navalnı burada da dinc dayanmır, daxili qaydalara əməl etmir və bu səbəbdən artıq 20 töhməti var. Halsız olduğunu deyərək, ona tapşırılıan işlərdən boyun qaçırır ki, bu da başqa məhbuslar arasında narazılığı artırır. “Təbii ki, azadlıqdan məhrumetmə yerlərində bu cür davranış məqbul deyil. Digər məhbusların da sualları var ki, niyə növbəsi olmadan onun üçün də döşəmə təmizləməlidirlər. Həbsxana psixologiyası baxımından onları başa düşürəm. Bura bir yataqxanadır. Hər kəsin vəzifələri var, amma Navalnı onları yerinə yetirmir. Onun yerinə bir başqa məhbus olsaydı, bir neçə dəfə cəza kamerasına göndərilməli idi” deyə, Butina qeyd edib.

 

Butina deyib ki, Navalnı mütəmadi olaraq səhhətindən şikayətlənir, lakin onu baş çəkən həkimlərin məsləhətlərinə əməl etmir. Navalnı bel ağrısından şikayət etdiyi üçün döşəyi dəyişdirilib. Həbsxana yoldaşları blogerin səhhətində hansısa problem görməyiblər, xəstəyə də bənzəmir. “Mənimlə söhbətdə ayaqlarının hansının ağrıdığını unutdu və bu səbəbdən "hər ikisi" dedi. Yeriməkdə isə iddia edildiyi kimi, axsamır, heç bir çətinlik yaşamır”. İzlənmə kamerasından da görünür ki, Navalnı aclıq etmir, çay içir və axsamır.

Butinanın sözlərinə görə, Navalnının onun yatmasına icazə verilməməsi barədə dedikləri təsdiqlənmədi: “Mən onunla ünsiyyət qurduğum üçün belə bir açıqlama verirəm - guya bir neçə gün yatmasına icazə verilməyən bir şəxs sakit və normal danışa bilməz, düşünmə məntiqini itirər, qırmızı gözləri olardı. Əlbəttə ki, mən həkim deyiləm, amma tamamilə sağlam bir insan təsiri bağışlayır”.

Butina deyib ki, Pokrovsk koloniyasına ziyarətinin səbəbini təkcə Navalnının şikayəti deyil. O, digər məhbuslarla da görüşmək, vəziyyəti yerində öyrnəmək istəyib.

Qeyd edək ki, Butinanın bu açıqlamalarından sonra sosial şəbəkədə ona qarşı kampaniya başlayıb.

 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR