İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-nin kirayələdiyi mülkün sahibinə təzyiq edilir

728 24.10.2013 09:26 Ölkə A A

AXCP-nin qərargah üçün icarəyə götürdüyü mülkün sahibinə təzyiqlər başlayıb. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında bildirib ki, qərargahdan çıxarılma təhlükəsi var. “Bizdə olan məlumata görə, hakimiyyət həmin mülkün sahibinə təzyiq edir ki, qərargahı AXCP-dən geri alsın” , - deyə, o bildirib.

Xatırladaq ki, AXCP yeddi il qərargahsız fəaliyyət göstərsə də, 2013-cü ilin oktyabr ayının əvvəlində bu problemi həll edə bilib. Partiya Açıq Cəmiyyət Partiyasının (ACP) Təbriz küçəsinə bitişik Tələt Şıxəliyev küçəsində yerləşən əvvəlki qərargahını icarəyə götürüb. AXCP rəhbərliyinin bu binanın icarə haqqı üçün hər ay 2500 manat ödəyəcəyi qeyd olunub.

Oktyabrın 23-də AXCP-nin sözügedən qərargahına gedib vəziyyətlə maraqlandıq. Günorta olmasına baxmayaraq, qərargahın qapısı bağlı idi. Uzun müddət gözləsək və qapını döysək də, açan olmadı. 

Qərargahdan qayıdıb yola çıxanda isə AXCP sədrinin istefa vermiş müavininin qərargaha doğru getdiyini gördük. “Nissan” markalı maşınla qərargahın yaxınlığına qədər gələn Asəf Quliyev döngədən burulub yolunu dəyişdi. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə əməkdaşımızla telefon söhbətində bildirdi ki, onlar qərargahdan köçürülməyiblər: “Oktyabrın 23-də axşam saat 6-da rayon təşkilatı ilə görüşümüz var. Təbii ki, partiyanın qərargahının olması hakimiyyət tərəfindən arzu olunan deyil. Ancaq bu, özəl mülkiyyətdir və biz burada icarə müqaviləsi əsasında yerləşmişik. Zorakı müdaxilə olmayacaqsa, partiya zorla qərargahdan çıxarılmayacaqsa, biz özümüz çıxmaq barədə düşünmürük”. 

AXCP sədrinin digər müavini Gözəl Bayramlı isə bildirir ki, onlarda qərargahla bağlı narahatçılıq var: “Mülkün sahibi bir neçə dəfə deyib ki, ona təzyiqlər edirlər. O deyir ki, AXCP-nin qərargahdan çıxarılması barədə sahibinə təzyiq edilir ki, bizi oradan çıxarıb ofisi başqa məqsədlə istifadəyə versin. Mülkün sahibi bununla razılaşmır. Düşünürəm ki, o, vədinə etibarlıdır və xilaf çıxmaz”. 

Röya RƏFİYEVA
Fotolar müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR