Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilir.
Musavat.com xəbər verir ki, tədbir ölkə Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun dövlət başçısının adından təbrik məktubunu oxuması ilə başlayıb.
Daha sonra AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov çıxış edib. O, ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini haqqında geniş məlumat verib: "Hazırda Bakının 45 kilometrliyindən Rusiya ilə dövlət sərhədinə qədər avtomobil yolu tikilir. Tikinti işlərinə bu il başlanılıb.
Mövcud yolun 153-ci kilometrliyinə qədər olan hissəsinin yenidən tikilməsi nəzərdə tutulub. 1-ci texniki dərəcəyə malik, 4 hərəkət zolaqlı bu yolun ödənişli olacağı gözlənilir.
Daha sonra S. Məmmədov bu il ölkə başçısının iştirakı ilə Xətai rayonu, Babək prospektində aparılan yenidənqurma işlərindən danışıb:
"Həmin prospektdə işlər yekunlaşmaq üzrədir. Prospektdə 1 kilometrlik məsafədə asfaltlanma işləri aparılır və dekabrın 10-na qədər yol tam istifadəyə veriləcək"
Musavat.com






