Avstriya XİN rəhbəri: "Regionun sabit inkişafı üçün Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunmalıdır"
Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Azərbaycanda rəsmi səfərdədir.
APA-nın məlumatına görə, səfər çərçivəsində Sebastyan Kurts və Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov arasında görüş olub. Görüşdən sonra brifinqdə nazir E. Məmmədyarov bildirib ki, görüş zamanı iki ölkə arasında siyasi-iqtisadi münasibətlər müzakirə olunub. E. Məmmədyarov qeyd edib ki, görüşdə regional münaqişələrdən, o cümlədən Dağlıq Qarabağ münaqişəsindən də söz açılıb. XİN başçısı həmçinin qeyd edib ki, azərbaycanlı iş adamlarının Avstriyada, avstriyalı iş adamlarının isə Azərbaycanda geniş fəaliyyəti üçün geniş imkanlar var, və bu imkanlardan səmərəli istifadə edilir.
Avstriyalı qonaq öz növbəsində qeyd edib ki, Avstriya Azərbaycanla münasibətlərə böyük önəm verir. Onun sözlərinə görə, Azərbaycanla siyasi və iqtisadi yaxınlaşma Avropa İttifaqı çərçivəsində də böyük əhəmiyyət daşıyır. O regiondakı münaqişələrin həlli məsələsinə toxunaraq qeyd edib ki, regionun sabit inkişafı üçün Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini dəstəkləyir.
Avstriyalı jurnalist Yutta Bauerin Azərbaycana buraxılmamasına dair suala cavab verən nazir Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib, və Avstriya Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələr sırasındadır. “Qanunun aliliyi, beynəlxalq hüquqa hörmət bu məsələdə böyük əhəmiyyət daşıyır. Xanım Bauer Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan ölkənin işğal altında olan ərazilərinə səfər edərək reportaj hazırlayıb. Bundan əvvəllər də xarici jurnalistlər bu məsələ ilə bağlı bir neçə dəfə Azərbaycana müraciət ediblər. Sadəcə məsələ onadır ki, işğal altında olan ərazilərə səfərlər rəsmi Bakı ilə razılaşdırılmalıdır. Bunu beynəlxalq hüquq tələb edir”.
Avstriya XİN başçısı, öz növbəsində, Azərbaycanın narahatlığını başa düşdüyünü deyib: "Mən başa düşürəm, Azərbaycan nəyə görə bu addımı atıb. Başa düşürəm ki, Yutta Bauerin Azərbaycan torpaqlarına icazəsiz səfəri qanun pozuntusudur. Onu da başa düşürəm ki, jurnalistlərin əsas vəzifəsi həqiqətləri yazmaqdır".






