Avstraliyadan Azərbaycana dəstək - “Zaman-Avstraliya” qəzeti Qarabağ müharibəsindən yazdı
“Bu günlərdə həm kədərliyik, həm də sevincli. Bütün azərbaycanlıların sevincinə də, kədərinə də şərikəm...Verdiyimiz şəhidlərə görə başımız sağ olsun!” İnşallah erməni işğalı altındakı torpaqlarımızı tezliklə geri alarıq”.
Bu fikirlər “Zaman-Avstraliya” qəzetinin baş redaktoru Enes Cansevərə məxsusdur. Musavat.com-a açıqlamasında baş yazar bildirdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, son bir neçə gün ərzində gedən döyüşlərlə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır: “Allah qoysa, cümə günü buradakı həmvətənlərimizlə bir aksiya keçirəcəyik”.
E.Cansevər əlavə etdi ki, “Zaman-Avstraliya” qəzetində Qarabağda baş verənlərin obyektiv şəkildə ölkə ictimaiyyətinə çatdırılması istiqamətində də çalışmalar davam edir. “Azerbaycan: General ve albayların da olduğu 30 Ermeni askeri öldürüldü” sərlövhəli yazı isə qəzetin 4 aprel sayında dərc olunub. Sözügedən materialda Azərbaycan ordusunun Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətindəki qəhrəmanlıqlarından bəhs olunub, düşmənin 100-dən artıq itki verdiyi vurğulanıb, həmçinin baş verənlərə görə işğalçı Ermənistanın məsuliyyət daşıdığı bildirilib.
“Zaman-Avstraliya” Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinə də istinad edərək düşmənin ağır itkilərlə üzləşdiyi barədə faktları təqdim edib. Qeyd edək ki, Avstraliya erməni lobbisinin güclü olduğu ölkələrdən sayılır.
Məqaləni bu linkdən oxumaq mümkündür:
http://www.zamanaustralia.com.au/2016/04/azerbaycan-general-ve-albaylarin-da-oldugu-cok-sayida-ermeni-askeri-olduruldu/
ELŞAD
MUSAVAT.COM






