Avropanı və Türkiyəni qana boyayan İŞİD-in “əli” Rusiyaya niyə çatmır – təhlükəsizlik ekspertindən maraqlı şərh
Son günlər dünya ictimaiyyətində İŞİD terror təşkilatının fəaliyyətini əks etdirən və hədəfində olan ölkələrin adları qeyd olunan xüsusi qrafik yayılıb. Qrafikə görə, 1-ci hissədə İŞİD-in tam nəzarətində və gizli məkanların olduğu bölgələr göstərilir.
Qrafikdən belə məlum olur ki, bu bölgələr Suriya və İraqdır və onlar ən çox da burada fəaliyyət göstərirlər. 2-ci hissədə orta dərəcədə nəzarət edilən ərazilər qeyd edilir. Burada artıq 10 ölkənin adı çəkilir: Orta Asiyada Əfqanıstan, Yəmən, Afrikada Somali, Nigeriya, Niger, Şimali Afrikada Misir, Liviya, Şərqi Avropada Çeçenistan, Dağıstan, Uzaq Şərqdə isə Filippin. 3-cü hissədə İŞİD-in gizli fəaliyyət göstərildiyi 7 ölkənin adı sıralanır və bunların çoxu son vaxtlarda terror təşkilatının hədəfi olub: Səudiyyə Ərəbistanı, Türkiyə, Əlcəzair, Fransa, Tunis, Livan, Banqladeş.
Lakin maraqlı hal budur ki, İŞİD, son zamanlar ona qarşı əməliyyatlar təşkil edən iri ölkələri, xüsusilə də Rusiyanı hədəfə almır. Və ya ala bilmir. Bəllidir ki, ötən aylarda Rusiya İŞİD-ə qarşı bir neçə hərbi əməliyyat keçirib. Hətta Rusiya terrorçuları zəiflətmək üçün Xəzər dənizinin İran sektorundan da istifadə edib qruplaşmanın üzvlərinin olduğu yerləri raket atəşinə məruz qoyub. Belə olan təqdirdə bəs nə səbəbə İŞİD-in əli Avropadan, Türkiyədən fərqli olaraq Rusiyaya çatmır?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bir çox məqamlara toxundu: “Ərəb dünyasından sonra İŞİD-də ən çox, demək olar ki, Rusiya vətəndaşı təmsil olunur. Təbii ki, həmin şəxslərin içərisində Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları da var və onlardan informasiya alırlar. Şimali Qafqazdan, Rusiyanın müxtəlif yerlərindən xeyli sayda adam İŞİD-in içərisindədir. Əgər adını çəkdiyimiz terror qruplaşması Rusiyanı hədəfə almağı qarşıya məqsəd qoyarsa, bəlkə də bu, onlar üçün digər yerlərlə müqayisədə çox asan olar. Ancaq Rusiya hədəfə götürülmür. Çünki terror qruplaşmasının qarşısında tamam başqa məqsədlər var. Daha doğrusu, İŞİD-dən daha çox bunu idarə edən dövlətlərin planları başqadır. O dövlətlərin içərisində müəyyən dərəcədə Rusiyanın da payı var. Nə qədər Bəşər Əsəd rejimini müdafiə etsələr də hələ bilmək olmaz ki, İŞİD-lə bağlı onların nələri var. Çünki bir daha qeyd edirəm ki, qruplaşmanın tərkibində Rusiya vətəndaşı olan xeyli sayda insan var. Bu say, qruplaşmanın tərkibində olan azərbaycanlıların sayından dəfələrlə çoxdur. Bunları müqayisə belə etmək olmaz”.
Ekspertə görə, İŞİD-in təhdidləri sırf siyasi xarakter daşıyır: “Terrorun əsas xarakterik xüsusiyyətlərindən biri olaraq, məqsəd ölkələri daim qorxuda, şiddətdə saxlamaqdır. Bir zamanlar onlar Azərbaycanda da konkret adamları hədəf göstərməklə bildirirdilər ki, həmin şəxsləri məhv edəcəyik. İŞİD-in çənbəri daraldıqca onlar artıq hədəflərini başqa ölkələrə keçirirlər. Yəni konkret olaraq Mosul istiqamətində İŞİD-ə qarşı müəyyən işlər görüldüyünə görə onlar da hədəflərini dəyişirlər. Zərbələr aldıqca, bu işdə iştirak edən dövlətləri hədəfə alırlar. Lakin başa düşürlər ki, Rusiyanı bu istiqamətdə qıcıqlandırmaq, hədəfə götürmək o deməkdir ki, rus təyyarələri yenidən bombardmanı intensivləşdirəcəklər. Bu isə daha çox adamların qırılması deməkdir. Həm də bir məsələ var ki, Rusiya islam dövləti deyil. İŞİD-in əsas hədəfində daha çox ətrafdakı müsəlman dövlətləri yer alır. Lakin onlara qarşı böyük saldırılar olduğu zaman yeri gələndə Fransanı, Amerikanı da hədəf götürürlər. Rusiya ilə bağlı isə konkret işlər görmürlər. Bu baxımdan bütün terror təşkilatlarının arxasında bu və ya digər dövlətlərin olması, tamamilə mümkündür, o cümlədən İŞİD-in adını çəkmək olar”.
Ekspertin fikrincə, birbaşa İŞİD-in arxasında elə Rusiyanın durduğunu söyləmək də olmaz: “Rusiya yeri gələndə İŞİD-ə qarşı əməliyyatlar keçirir, terrorçuları bombalayır. O zaman belə addım atırlar ki, Əsəd rejiminə qarşı təhlükə yaranır. Ancaq İŞİD-in içərisində Rusiyaya informasiya ötürənlərin olması birmənalıdır. Rusiya kəşfiyyatı hər zaman güclü olub. İndi bu, belədir. Rusiya kəşfiyyatı dünyanın ən güclü kəşfiyyatlarından biridir. Keçmiş kəşfiyyat məktəbi hesab olunan KQB-nin prinsip və sistemləri hələ də davam etdirilir və bu da qeyd etdiyim kimi, dünyanın ən güclü kəşfiyyat sistemlərindən biridir. Təbii ki, İŞİD-in Rusiyaya əlinin çatmamasının səbəbləri sırasında bu faktor da özünü göstərir”.
Əli Rais






