İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avropalı islamofoblar Ermənistanı müharibəyə hazırlayır!” - şok iddia: Paşinyan “B” deyəcəkmi...

1798 26.09.2023 11:25 Siyasət A A

Şarl Mişelin adamının İrəvan səfərinin ilginc pərdəarxası; Ermənistana vəd edilən “European Peace Facility” proqramının “astar üzü”ndə nə var?..

Ermənistan üçün Azərbaycanla düşmənçilik səhifəsini həmişəlik bağlayıb normal inkişafa üz tutmaqdan ötrü bəlkə də sonuncu şans yaranıb. Bakının Qarabağda 24 saatlıq uğurlu antiterror tədbirlərindən sonra məntiqlə İrəvanın sülh oyunbazlığını davam etdirmək üçün artıq heç bir əsası qalmayıb. Sülh sənədinin “skeleti” isə çoxdan hazırdır: Azərbaycanın məlum 5 baza prinsipi.

“Sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var. Bu yolların açılması bizim üçün prioritet məsələdir və Ermənistan avtomobil və hətta dəmir yolu təqdim etməyə açıqdır”.

Bu sözləri dünən Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə televiziyasına müsahibəsində deyib.

“Biz həqiqətən də Qranadada (oktyabrın 5-də orada liderlərin görüşü gözlənilir - red.) irəliləmək, bu tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur”, - deyə o bildirib.

“Biz 6 oktyabr 2023-cü il tarixdə Praqada və 14 may 2023-cü ildə Brüsseldə Sovet Ermənistanının inzibati sərhədlərinin Ermənistan Respublikasının dövlət sərhədi kimi de-yure formalaşdırıldığı müqavilələrin de-yure təsbitini nəzərdən keçiririk”.

Bunu isə Ermənistanın Baş naziri Nikol Paşinyan öz xalqına srağagünkü müraciətində söyləyib.

İlk baxışda hər iki erməni rəsmi şəxs konstruktiv görünür. Amma bəs Paşinyan nə vaxt “A”dan sonra “B” deyəcək? Başqa sözlə, ərz etdiyi mövqeyi rəsmən, Azərbaycanla sülh müqaviləsi formasında, nəhayət, təsdiqləyəcəkmi?

Paşinyanın oğlunun qaçırılmasında şübhəli bilinən hərbçilərin valideynləri  saxlanılıb - 17.05.2023, Sputnik Azərbaycan

Əslində ermənilər olmayan papaqlarını göyə atsınlar ki, qədim Türk torpaqlarında təşəkkül tapan Ermənistana Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Ona görə ki, Bakı beynəlxalq hüquqa sayğılıdır. Amma hələ ki. Əgər eyni yanaşma qarşı tərəfdən olmayacaqsa, o zaman ərazi bütövlüyümüzü tanımayanın da ərazi bütövlüyü tanınmayacaq!..

*****

Ötən həftəsonu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Klaar İlham Əliyevin Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti və həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri, habelə Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib. Aİ Şurasının Prezidenti Şarl Mişelin adamı sayılan Klaar Bakıdan bir gün qabaq İrəvanda olmuşdu.

Maraqlıdır ki, bu arada onun Ermənistan səfərinin sensasion sayılacaq təfərrüatı üz çıxıb. Belə ki, “Yeni Müsavat”ın xəbərinə görə, Minval.az özünün etibarlı qaynaqlardan əldə elədiyi məlumatlara əsasən yazıb ki, İrəvanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü zamanı T.Klaar Ermənistan üçün “Avropa Sülh Mexanizmi” (“European Peace Facility”) proqramının imkanlarını açacağına söz verib.

Bu proqram qlobal təhlükəsizliyi dəstəkləməyə yönəlməklə yanaşı, özündə Avropa İttifaqının hərbi və müdafiə sahəsində fəaliyyətlərinin büdcədənkənar maliyyələşdirilməsi mexanizmini ehtiva edir. Bura öldürücü silahların çatdırılmasının maliyyələşdirilməsi də daxildir. Məhz həmin proqram çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin müasir silah və sursatla təchizatı maliyyələşdirilir.

Proqramın ayrıca “Afrika” istiqaməti də var: Afrika İttifaqının sülhməramlı əməliyyatlarını dəstəkləyən “Afrika Sülh Mexanizmi” (“African Peace Facility”). 2004-cü ildən Afrika Sülh Fondu Afrika problemlərinin həllini dəstəkləmək üçün 2,7 milyard avro ayırıb. Yəni Afrikada afrikalıların özlərindən ibarət silahlı qrupları maliyyələşdirməkdən söhbət gedir.

Yəni klassik müstəmləkə siyasəti: “ağ ağaların” maraqları naminə qoy “qaralar” bir-birilərini öldürsünlər. Sadə dillə desək, bu proqramın məqsədləri olduqca genişdir - özünümüdafiə üçün həqiqətən köməyə ehtiyacı olan dövlətləri dəstəkləməkdən tutmuş, Avropa İttifaqının və ya onun ayrı-ayrı üzvlərinin maraqları naminə müxtəlif növ “proksi orduların” maliyyələşdirilməsinə qədər, Brüsseldə müvafiq qərarlar qəbul edilib. Hər halda, öz əsgərlərini göndərməkdənsə, pul vermək daha rahatdır.

Və əgər Toivo Klaar Ermənistan üçün “Avropa Sülh Mexanizmi”nə çıxış açacağını vəd edirsə, o zaman heç bir şübhə yox ki, Aİ bu mexanizmin köməyi ilə Ermənistanı yeni müharibəyə hazırlamağı planlaşdırır. Özü də elə bir vaxtda ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün həqiqətən tarixi şans yaranıb.

Həmçinin yaxın gələcəkdə Fransa və Almaniyadan əlavə heyətin gəlməsi ilə Ermənistanda EUMA Avropa kəşfiyyat və hərbi missiyasının şəxsi heyətinin artırılması gözlənilir. Onu da qeyd edək ki, Ermənistanın hərbiləşdirilməsi prosesi Aİ-də Litva, Bolqarıstan və İsveç tərəfindən də fəal şəkildə dəstəklənir.

Toivo Klaar Ermənistana gedib Yeni Sabah

Ancaq sual ortaya çıxır: biz, əlbəttə, Ermənistan rəsmilərinin ağlına arxayın ola bilmərik, bəs avropalı siyasətçilər nə düşünür? Axı ümumavropa maraqları bu gün ilk növbədə kommunikasiyaların, yəni Azərbaycan və Gürcüstan ərazisindən keçən boru və dəmir yollarının təhlükəsizliyini, Mərkəzi Asiyaya çıxış və nəhayət, Qafqazda sülhün bərqərar olmasını diktə edir.

Sirr deyil ki, bu gün Aİ nümayəndələri Azərbaycandan əlavə təbii qaz almaq istəklərinə eyham vururlar. Amma işə bax ki, Ermənistana hərbi dəstək verilir. İrəvanın qonşu Azərbaycanla sərhədləri sözdə deyil, sənəddə tanıyana qədər gözləmək, ümumilikdə onun Azərbaycana ərazisi ilə bağlı iddialardan, o sırada boru kəmərlərinə, dəmir yollarına zərbə endirmək planlarından əl çəkməsini gözləmək əvəzinə.

Görünür, bəzi avropalı siyasətçilər hələ də orta əsr “səlib yürüşləri” təfəkküründən qurtula bilməyib. Yəni ki, əgər münaqişənin bir tərəfində xristianlar, digərində müsəlmanlardırsa, onlar yenə “bizimkiləri döyürlər” küçə prinsipi ilə hərəkət edirlər. Bir qismi isə sadəcə, öz seçki problemlərini sakitcə həll etməklə məşğuldur - erməni səslərini yığmaqla.

Ancaq aydındır ki, Bakı kapitulyant ölkənin iştirakı ilə Azərbaycan əleyhinə qurulan bu qəbil məkrli oyunlara seyrçi qalmayacaq. Onlara həm təkbaşına, həm də müttəfiq-dostları ilə birgə adekvat cavab verəcək. Buna kimsənin şübhəsi olmamalıdır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR