İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadakı azərbaycanlı mühacirlər koronavirusla savaşda - açıqlamalar

1465 12.03.2020 08:45 Gündəm A A

Koronavirus Avropanı çənginə alıb. Hazırda “qoca qitə”nin bir çox ölkələrində bu epidemiyaya yoluxanlar və ölənlər var. Xüsusən İtaliya və Fransada vəziyyət dramatikdir.

Hətta vəzifəli şəxslərdə koronavirus aşkarlanıb. Eyni zamanda AŞ PA yaz sessiyasını təxirə salıb, Avropa Parlamentinin sədrində koronavirus tapılıb.

Həmçinin Almaniya, İspaniya, Böyük Britaniya kimi nəhəng Qərb dövlətləri də koronavirusa qarşı çırmanıblar.

Azərbaycanı isə narahat edən təkcə İrandan gələn 11 nəfərdə koronavirus aşkarlanması deyil, o cümlədən Avropada yaşayan soydaşlarımızın vəziyyətidir.

Bizimkilər özlərini orada necə hiss edirlər, qabaqlayıcı addımlar atmağa ehtiyac görürlərmi?

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli “Yeni Müsavat”a bildirdi ki, koronavirus İtaliyanı dizi üstə çökdürüb:

Elbəyi Həsənli musavat.com ile ilgili görsel sonucu

Elbəyi Həsənli: “İsveçrədə ad günü mərasimini ləğv etməli olduq”

“Yüzlərlə insan ölüb, on minlərlə insan bu virusa yoluxub. İtaliyanın dörddə biri karantin altındadır. Həmin əraziyə giriş-çıxış qadağandır.

Almaniyada isə ölüm faktı qeydə alınmayıb, ancaq yoluxanların sayı 1500 nəfəri keçib. Almaniyada koronavirusla mübarizə ən yüksək səviyyədə həyata keçirilir. Yaşadığım İsveçrədə də problemin həllinə son dərəcə ciddi yanaşırlar. Buna baxmayaraq, 3 nəfər yaşlı şəxs dünyasını dəyişib. Bütün günü yerli TV və radiolar koronavirusdan qorunmaq üçün nə etmək lazım olduğu barədə əhaliyə dolğun məlumat verirlər.

Oğlumun 6 yaşı var. Onun əlindən nə televiziyanı, nə də radionu aça bilirik. Çünki əsas mövzu koronavirusdur. Uşaq “koronavirus” sözünü eşitmək belə istəmir. Çünki bağçada da hər gün onlara bu barədə danışırlar".

E.Həsənli qeyd etdi ki, isveçrəlilər koronavirusun onlarda sunami effekti yaşatdığını söyləyirlər: “Mağazalarda düyü kimi dənli məhsulların qıtlığı yarandı. Burada hər mənzilin öz zirzəmisi olur. Bizim zirzəmi də ağzına kimi ərzaqla doludur. Ötənlərdə aldıqlarımızı yeyib qurtarmağa bəlkə də illər lazımdır. Qonşularda da vəziyyət eynidir.

İsveçrədəki azərbaycanlılar da koronavirusdan ehtiyat edirlər. Bir nümunəni deyim: o gün bir dostumuzun ad günü idi. Öncədən razılaşmışdıq ki, 5-6 nəfərlik heyətlə restoranda bir araya gələk. Ad gününü “Azərbaycan standartları” səviyyəsində qeyd edək. Səhəri gün isə görüş ləğv olundu. Çünki ortada koronavirus təhlükəsi vardı".

Elmir Mirzəyev ile ilgili görsel sonucu

Almaniyada yaşayan bəstəkar, kulturoloq Elmir Mirzəyev “Yeni Müsavat”a bildirdi ki, Berlində martın əvvəlində bir beynəlxalq konfransa dəvətli idi:  “Amma onu ləğv etdilər, sonra  2 gün qabaq Praqada bir film festivalında oldum, festivalın 1-ci günündən sonra onun da işini dayandırdılar.

Doğrusu, bu bahar Venesiyaya bir yaradıcı layihə ilə səfərim planlanırdı, indi o şəhər də, bütünlükdə İtaliya karantinə alınıb, bağlanıb. Gördüyüm budur ki, məsələ artıq çox ciddi vüsət alıb".

Onun sözlərinə görə, Humboldt Universitetində hazırda tətildir, sessiya bitib, apreldə yenidən dərslər başlamalıdır: “Görək necə olacaq...”

Fərahim İlqaroğlu ile ilgili görsel sonucu

Fərahim İlqaroğlu: “Almaniyada ən acınacaqlı vəziyyət yaşadığım Şimali Reyn Vestifaliya əyalətindədir”

Almaniyada olan jurnalist Fərahim İlqaroğlu məlumat verdi ki, koronavirusa yoluxanlar 1000 nəfəri keçib. Onun sözlərinə görə, bu rəqəmin üç qatı isə karantində saxlanılır.

Mühacir jurnalist ən acınacaqlı vəziyyətin onun yaşadığı Şimali Reyn Vestifaliya əyalətində olduğunu açıqladı: “Amma karantin elan olunmayıb, məktəblər, bağçalar, iaşə obyektləri işləyir. Federal Nazirlik tez-tez əhaliyə müraciət edir, kütləvi tədbirlər keçirməməyə çağırır.

Amma Almaniyada koronavirusla mübarizədə yaxşı xəbərlər də var. Məsələn, Bavariyada 16 nəfər sağalıb. Ümumiyyətlə, İtaliyadakı kimi ağır vəziyyət yoxdur".

Mirzə Sakit ile ilgili görsel sonucu

Mirzə Sakit: “Koronavirus Belçikadakı dostlar arasında soyuqluğu daha da dərinləşdirib”

Belçikada yaşayan şair Mirzə Sakit Avropadakı azərbaycanlılar arasında bir soyuqluq müşahidə etdiyini vurğuladı: “Məlum koronavirus  yaşadığım Belçikadakı dostlar arasında o soyuqluğu daha da dərinləşdirib.

Belə ki, dostlar bu virusdan özlərini qorumaq məqsədilə bir-biri ilə sıx görüşməkdən yayınırlar, bunu da başa düşmək olur. Şəxsən mən özüm də şəhərin gur yerlərinə getmirəm. Son zamanlar ancaq kənar parklarda, meşə massivlərində tək-tənha gəzib dolaşıram. Hər halda, bir müddət qorunmaq lazımdır. Hər zaman düşünürəm, tutaq ki, mən virusa yoluxmuşam, başqalarını da yoluxdursam, bu mənim tərəfimdən günahlı cinayət hesab olunar. Qabaqlayıcı addımlar atmağa gəldikdə isə əcəldən qaçmaq mümkün deyil,  bu əclaf virusdan isə qaçmağın yolu ancaq və ancaq tələb olunan  qaydalara mümkün qədər əməl etməkdən ibarətdir".

kenan haciekberoglu.JPG (43 KB)

Kənan Hacıəkbəroğlu: “İsveçə iqtisadi cəhətdən böyük zərbə vurub”

İsveçdə yaşayan mühacir Kənan Hacıəkbəroğlunun sözlərinə görə, ölkədə 200 nəfər karantinə alınıb: “Onların üçü mənim yaşadığım şəhərdədir.

Hələ ki bizə koronavirus gəlib çıxmayıb. Amma gəlmiş kimi var. Çünki iqtisadi cəhətdən böyük zərbə dəyib.

“Volvo” kimi nəhəng şirkətin bağlanmaq təhlükəsi var idi. İsveç hökuməti Çinə təyyarə yolladı, şirkətin oradakı malları gətirildi.

Yalandan deyirlər ki, Avropa Çinlə ticari əlaqələri dayandırıb. Amma faktiki ticarət davam edir. Sadəcə, İsveçə ciddi iqtisadi təsir göstərib.

Hazırda hər hansı narahatlıq yoxdur, məktəblər bağlanmayıb, yalnız iqtisadi təsirləri ilə mübarizə aparırıq. Şəxsən mənim işimə öz ziyanını vurub".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR