İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa yenidən koronavirusa təslim ola bilər - Orada yaşayan azərbaycanlılar səbəblərdən danışırlar

1117 22.08.2020 08:35 Gündəm A A

Avropanın koronavirusla mübarizədə ən yaxşı nəticə göstərən ölkəsi hesab edilən Çexiyada yenidən məcburi maska taxmaq qaydası tətbiq olunur. Bu qərar sentyabrın 1-dən qüvvəyə minəcək. Səbəb son vaxtlarda Çexiyada, o cümlədən Avropanın bir sıra böyük ölkələrində koronavirusa yoluxanların sayının sürətlə artmasıdır.

Gecə klubları, barlar, restoranlarla da bağlı bir sıra məhdudiyyətlər tətbiq edilir. Mütəxəssislər qeyd edirlər ki, Avropada virusa yoluxma hallarının yenidən sürətlə artması ölkələrin sərt karantin rejimindən çıxması, turizm mövsümünə start verməsi ilə bağlıdır.

Bəs hazırda Avropa ilə bağlı əsl reallıq necədir? Məsələ ilə bağlı Çexiyanın Praqa şəhərində yerləşən “Anglo-American” Universitetində təhsil alan azərbaycanlı tələbə Ayan Abbaslı “Yeni Müsavat”a danışıb. O, Çexiyanın ilk vaxtlarda koronavirusla mübarizədə ən yaxşı nəticə göstərən ölkə olduğunu vurğulayıb: “Çexiya Avropada sərhədlərini açan ilk ölkələrdən oldu. Bu, bir müddət sonra yoluxma sayının artması ilə nəticələndi”.

Ayan Abbaslı qeyd edib ki, bu məsələdə turizm mövsümünün də böyük rolu var: “Digər faktorlar kimi isə tibbi maska taxma qadağasının aradan qaldırılmasını, gecə klublarının fəaliyyətinə, toyların keçirilməsinə icazə verilməsini və sairə göstərə bilərik. Bununla belə, Səhiyyə naziri Adam Voytç çıxışlarının birində bildirdi ki, Çexiyada COVID-19-a yoluxma sayının artması epidemiyanın ikinci dalğası demək deyil və buna görə də sərt karantin rejiminin yenidən tətbiq olunmasi indiki halda nəzərdə tutulmur.

ayan abbasli.jpg (210 KB)

Yenə də yoluxma sayını sabit saxlamaq məqsədilə yeni qayda olaraq Çexiyada qapalı məkanlarda və ictimai nəqliyyatda maska taxma tələbi sentyabrin 1-dən qüvvəyə minəcək. Həmçinin nazir Adam Voytçun sözlərinə görə, qapalı və ictimai nəqliyyatda maska taxmaq tələbi qrip mövsümünün sonuna, yəni 2021-ci ilin martına qədər davam edə bilər. Düşünürəm ki, Çexiyada müvafiq qaydalar yenidən tətbiq olunsa, yoluxma sayının sürətlə artmasının qarşısı alınar”.

İsveçrədə yaşayan mühacir jurnalist Elbəyi Həsənli isə hazırda pandemiya ilə bağlı Avropadakı son vəziyyəti bu cür şərh edib: “Avropada ən çox koronavirusa yoluxan ölkə Rusiyadır. Orada 950 min adam bu virusun daşıyıcısıdır. Avropada ən az yoluxan ölkə isə Vatikandır. Burada cəmi 12 nəfər yoluxub. Əhalisinin sayına görə Avropanın ən böyük ölkəsi olan Rusiyada 145 milyon nəfər, Vatikanda isə cəmi 825 nəfər yaşayır. Avropada bütövlükdə 3.300 min nəfər bu dəhşətli virusa yoluxub. 2 milyon nəfərə yaxın adam isə bu virusdan müalicə olunub. 205 min nəfər isə koronavirusdan ölüb. Hazırda Avropa üzrə hər gün 13-15 min nəfər koronavirsa yoluxur. 300 nəfərə yaxın adam isə ölür. Yəni vəziyyət belədir: virusa yoluxanların sayı artır. Ancaq bu virusdan müalicə olunanlar da çoxalır. Avropa ölkələri tibbi baxımdan ciddi şəkildə inkişaf edib. Bu ölkələrdə müalicə imkanları ən üst səviyyədədir. Ancaq virusun yayılmasının qarşısını almaq hələ ki mümkün görünmür. Dünyada indiyə kimi 23 milyona yaxın adam bu virusa yoluxub. Ölənlərin sayı isə 800 min nəfərə çatıb. 15,3 milyon isə bu virusdan sağalıb. Hava isti olduğuna görə insanlar istirahət etmək məqsədilə müxtəlif ölkələrə səyahət edirlər. Bu isə koronavirusun yayılma təhlükəsini artırır”.

Hakim: Elbəyi Həsənli Gülağa Aslanlıdan üzr istəsin - Meydan.TV

Elbəyi Həsənli qeyd edib ki, Avropanın bir çox yerlərində tibbi maska taxmadan küçəyə çıxmaq qadağandır: “İsveçrədə bir çox yerlərdə mağazalara, tədris müəssisələrinə maskasız daxil olmağa icazə verilmir. Ölkədə bir-iki həftə öncə yoluxanların sayı 50 nəfərə qədər düşmüşdü. İndi isə hər gün koronavirusa 200-250 yoluxma faktı qeydə alınır. Freiburq bölgəsində isə bir gecə klubuna gedən 500 nəfər koronavirusa yoluxmuşdu. İsveçrədə insanlar qorxudan şoka düşmüşdü. 7 yaşlı oğlum məktəbə gedir. O, digər şagirdlər kimi maska taxmır. Ancaq valideynlər məktəbə maskasız daxil ola bilməzlər. Bu, qadağandır. Ona görə də mən məktəbə daxil olanda mütləq maska taxıram”.

Elbəyi Həsənli insanlar arasında koronavirusla bağlı ciddi narahatlıq hissinin artıq arxada qaldığını vurğulayıb: “Biz Sürix hava limanının yaxınlığında yaşayırıq. Əvvəl havaya bir dənə də təyyarə qalxmırdı. İndi isə yüzlərlə təyyarə qalxır-enir. Yenidən hava limanlarının bağlanma ehtimalı haqqında danışmağa belə dəyməz. Bu ilin sonuna kimi isə koronavirusun əleyhinə vaksinin hazır olacağı gözlənir. Ona görə də insanlar gələcəyə daha çox ümidlə baxırlar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR