İnsanlara hürriyət, millətlərə istiqlal!

AVROPA TÜRKİYƏNİ YAXIN ŞƏRQ VƏ CƏNUBİ QAFQAZDAN ÇIXARMAQ İSTƏYİR

1552 14.10.2011 09:21 Gündəm A A
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, artıq Avrasiya uğrunda çox ciddi bir savaş gedir. Türkiyənin önünün kəsilməsinə cəhdlər də bu savaşın tərkib hissəsidir. Qərbdə belə bir fikir formalaşıb ki, Avrasiyaya kim hökmran olacaqsa, dünyaya o hökm edəcək: “Qeyd etdiyim savaşın bəzi görüntüləri Yaxın Şərqdə, eyni zamanda Cənubi Qafqazda da ciddi müşahidə olunmaqdadır. Əgər Yaxın Şərqdə ABŞ, Avropa ölkələrindən isə Fransa daha aktiv idisə, Cənubi Qafqazda bu haqq müəyyən müddət ərzində Rusiyaya tanınmışdı. Ancaq Rusiya özünü təsdiq edə bilmədi. Bunun bariz misalı Rusiya prezidenti Medvedyevin Azərbaycan və Ermənistan rəhbərliyi arasında 9-dan artıq fiaskoya uğrayan görüşü təşkil etməsidir. Bundan sonra dünya gücləri artıq belə bir fikrə gəldilər ki, Rusiya problemin öhdəsindən gəlmək iqtidarında deyil. Ona görə də Rusiya Yaxın Şərqdən sıxışdırılıb çıxarıldığı kimi Cənubi Qafqazdan da sıxışdırılmaq üzrədir. Fransa prezidentinin Cənubi Qafqaza səfəri də bunun bariz nümunəsi idi. Sarkozinin səfəri həm də Türkiyənin regionda söz sahibi olmasını əngəlləməyə yönələn prosesin tərkib hissəsidir. Sarkozinin Ermənistanda Türkiyə əleyhinə bəyanatları həm də Fransada yaşayan erməni elektoratın gələnilki seçkilərdə səsini qazanmağa hesablanmışdı”.
Ekspertin sözlərinə görə, Avropada yaranmış bir boşluq var ki, Fransa bu gün onu hiss edir və həmin boşluğu Türkiyənin doldurmasının qarşı çıxır. Fransa o boşluğu özü doldurmaq və Avrasiyada söz sahibinə çevrilmək istəyindədir: “Bunu Yaxın Şərqdə, Liviyada nümayiş etdirdi, indi də Cənubi Qafqazda nümayiş etdirmək istəyir. Avropa Birliyi timsalında Fransa dövləti Cənubi Qafqazda və Yaxın Şərqdə Türkiyənin söz sahibinə çevrilməsini istəmir. Bunun üçün ən müxtəlif addımlar atılmaqdadır. Avropa Birliyinin Türkiyəni həzm edə bilməməsinin kökləri var. Hazırda dünya iqtisadiyyatının böyüməsi nöqteyi-nəzərindən Türkiyə birinci və ikinci pillədədir. Bu, Türkiyənin çox ciddi potensiala malik olduğunun göstəricisidir. Güc mərkəzləri, Avropa Birliyi bilir ki, yaxın 50 ildə Türkiyə dünyanın nəhəng güclərindən birinə çevriləcək. Türkiyədə yeridilən hazırkı siyasət Avropa Birliyini narahat etməkdədir. Türkiyənin regiona yayılmasının qarşısını almaq üçün erməni faktoru siyasi təzyiq rıçağı olaraq aktivləşdirilir. Nəinki Cənubi Qafqazda, eyni zamanda Yaxın Şərqdə Türkiyə söz sahibinə çevrilməkdədir. Türkiyə İsrail münasibətlərinin də gərginləşməsinin kökündə məhz bu faktor durur. İsrail dövləti regionda status-kvonun dəyişməsini həzm edə bilmədiyi kimi, Fransa, o cümlədən Avropa Birliyi də həzm edə bilmir”.
N.Miri vurğuladı ki, bütün təzyiqlərə rəğmən prosesdə güclənən Türkiyədir. Bu gün Ərdoğanın bir sözü ilə Yaxın Şərqdə milyonlarla insan meydanlara çıxmağa hazırdır: “Proses ona doğru gedir ki, belə vəziyyət Cənubi Qafqazda, ən azı bu regionun iki ölkəsində də yarana bilər. Avropa Birliyinin, əsasən də Fransanın narahatlığı bundan irəli gəlir. Beyin mərkəzləri artıq Türkiyənin bölgədə nüfuzunun və təsir imkanlarının qarşısını necə almaq yönündə iş aparırlar. Belə vəziyyətdə Azərbaycanın yeganə seçimi qardaş Türkiyənin yanında olmaqdır. Güclənən tərəf Türkiyədir. Bu gün güclənən Türkiyənin yanında olmaq lazımdır ki, güclü Türkiyə, güclü Azərbaycan olsun”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR