Avropa Şurası Aralıq dənizində baş verən faciələrdən qurtulmağın yollarını axtarır
Aprelin 22-də keçirilən toplantıda Aralıq dənizində ard-arda baş verən gəmi qəzalarında çoxsaylı insan tələfatından narahatlıq ifadə olunub. AŞPA deputatları Aralıq dənizinin cənub sahillərinə yaxın ölkələrdə münaqişələr nizamlanmayana qədər qaçqınların axınının azalmayacağını, bu səbəbdən də onların qəbul edilməsi üçün şərait yaradılmasının vacibliyini bildiriblər. Narahatlıq doğuran məqam həm də bəzi qaçqınların quruya çıxdıqdan sonra yerli hakimiyyət orqanları ilə təmas yaratmamasıdır. Avropalı deputatlar hesab edirlər ki, qaçqınlar Avropa məkanına daxil olduqdan sonra onların yaşayışı və hərəkətinin qanunla tənzimlənməsi əsas şərt olmalıdır. Qaçqınların yerləşdirilməsi ilə yanaşı onların ərzaq təchizatı və tibb yardım alması da həllini gözləyən problemlərdəndir.
Toplantıda çıxış edən Jan Klod Frekon bildirib ki, Avropa Şurası bu məsələ ilə bağlı tövsiyələr hazırlayıb, qaçqınların axın etdiyi ölkələrlə məsləhətləşmələrə başlamalıdır: “Hər gün, hər saat aldığımız faciə xəbərləri bizi məcbur edir ki, həm ali, hə də yerli səviyyələrdə bu böyük problemi gündəmdə saxlayaq. Kütləvi insan tələfatı ilə nəticələnən faciələrin təkrarlanmaması üçün Aralıq dənizinin hər iki sahilinə nəzarətin gücləndirilməsinə ehtiyac var. Sabah növbədənkənar toplantı keçirəcək Avropa sammitinin iştirakçılarını bu problemlə bağlı geniş diskussiyalar aparmağa, çözüm yolları tapmağa çağırıram”.
Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurasına üzv olan 47 ölkənin diqqətini Yaxın şərqdə və Afrikanın Saxara səhrasının güneyindəki daxili savaşlara görə Avropa məkanının qarşılaşdığı problemlərə dəfələrlə çəkib. Konqresin bu ilin martında təşkil etdiyi toplantıda Fransanın Kale, İtaliyanın Lampeduza, Türkiyənin Siirt şəhərlərinin merləri dəvət edilib və onlar Aralıq dənizi ilə gələn qaçqınların yerləşdirilməsi ilə bağlı problemlərdən danışıb, təcrübələrini bölüşüblər.
Aygün Muradxanlı, “Yeni Müsavat”






