“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, “Apple” kompyuterlərində təhlükəsizlik məsələsi həddindən artıq güclüdür. İstənilən hər hansı bir hərəkət etdikdə dərhal təhlükəsizlik sistemi işə düşür. “Məsələn, kompüterin parolunu bir neçə dəfə yazıb girməyə cəhd edəndə dərhal təhlükəsizlik sistemi işə düşür. kompüterin sahibinə məlumat göndərilir ki, parol yanlışdır, ”Yerinizi dəyişmisiniz?" və yaxud başqa sual verilir. Tutaq ki, Azərbaycanda kompüter alıb qeydiyyatdan keçmisinizsə, başqa ölkədən internetə daxil olan kimi “Apple” mesaj göndərir ki, “Siz başqa ölkədən internetə girmisiniz, bu, sizsinizmi?” şoruşulur", - deyə O.Gündüz bildirir.
Onun sözlərinə görə, hətta kompüterin sahibi bir neçə dəfə parolu səhv yığmağa cəhd etsə, onun hesabı bağlanır və ona mesaj gəlir. kompüter sahibinə bildirilir ki, həqiqətən onun sahibisinizsə, öz parolunuzla emailinizə daxil olun və orada göstərilən linkə daxil olub parolu dəyişin. Hətta kompüterin sahibi də səhv parol yazdığı halda öz kompüterinə asanlıqla daxil ola bilmir.
Onun sözlərinə görə, Avropa Komissiyasının əməkdaşları kompüterlərini kriminal araşdırmaya təqdim edəcəklər. Bundan sonra da məsələnin mahiyyəti bir qədər də dəqiqləşəcək: “Məlum olacaq ki, burada da hotelin internetindən istifadə olunub, kompüterə girilib, yoxsa digər yerdən daxil olublar. Araşdırma aparılacaq ki, hansı İP ünvandan giriş, müdaxilə olub, bu, məqsədyönlü şəkildə olub və sair. Bilinəcək ki, hoteldəki internetdən o kompüterlərə daxil olublar, qeyri-qanuni kompüterə girmək istəyən şəxs kənardan, Azərbaycandan, yoxsa xarici ölkədən daxil olub”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bildirir ki, kompüterə internet vasitəsi ilə müdaxilənin kim tərəfindən edildiyini müəyyən etmək elə çətin deyil: “Ümumiyyətlə, hazırkı müasir texnikalar imkan verir ki, kompüterə dünyanın hansı nöqtəsindən, hansı provayder vasitəsilə daxil olunması müəyyənləşdirilsin. Əgər söhbət internet vasitəsilə müdaxilədən gedirsə, bunu aşkarlamaq mümkündür. Ancaq yaxın məsafədən bu və ya digər vasitələrlə xüsusi casusluq vasitələri ilə, onların köməyi ilə kompüteri açmadan da müdaxilə etmək mümkündür. Bu halda müəyyənləşdirmək çox çətindir. Ona görə bu məsələyə birmənalı rəy vermək hazırda mümkün deyil. Araşdırmalara görə bunu kimin etdiyi müəyyənləşdirilə bilər. Amma istənilən halda Azərbaycan ərazisində xarici kəşfiyyat orqanları olsun, yaxud hansısa xakerlərin Avropa rəsmilərinin kompüterinə bu cür müdaxilə etməsi yerli təhlükəsizlik orqanlarının işinin yarıtmaz nəticəsidir. Çünki ölkənin ərazisində bütün elektron vasitələrə nəzarət həyata keçirən dövlət orqanları Avropa rəsmilərinin kompüterlərini açırsa, bu, artıq iki müxtəlif məqamlardan xəbər verə bilər. Birinci odur ki, həmin müdaxilə səbəbləri daxildə axtarılmalıdır. İkincisi isə sadəcə olaraq, təhlükəsizlik yarıtmaz səviyyədədir və bu cür təhlükələrin qarşısını almaq iqtidarında deyil”.
Ekspertin sözlərinə görə, istənilən halda bu, Azərbaycan üçün neqativ hadisədir: “Xüsusilə də nəzərə alsaq ki, Azərbaycanda bu hadisədən əvvəl media, internet azadlığı ilə bağlı xüsusi tədbir keçirilirdi və Avropa rəsmisi orada çıxış etmişdi. Neelie Kroes ciddi tənqidlər səsləndirmişdi, həmçinin həbsxanaya görüşə buraxılmamışdı. Bu, artıq müəyyən məqamlara eyham vurur. Həmin kompüterlərə Azərbaycanda müdaxilə olunub”.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda keçirilən İnternet İdarəçilik Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan və hakimiyyəti kəskin tənqid edən Neelie Kroes geri qayıdandan sonra köməkçilərinin kompüterinə müdaxilə barədə yazıb. Avropa Komissiyasının vitse-prezidenti öz bloqunda yazıb ki, Bakıdakı İnternet Forumu zamanı onun iki köməkçisinin noutbuklarına müdaxilə olub.






