İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamenti anti-Azərbaycan qətnamə hazırlığında

962 13.09.2023 11:18 Siyasət A A

“Qubad İbadoğlunun işi” bu gün qurumda müzakirə ediləcək; deputatlardan sərt reaksiyalar - Novella Cəfəroğlu isə həbsi düzgün saymır

Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə seçilən Avropa Parlamentinin əlinə yeni “fürsət” düşüb. Məlum olub ki, sentyabrın 13-də “Qubad İbadoğlunun işi” Avropa Parlamentinin insan hüquqları üzrə təcili debatının gündəliyinə daxil edilib. Müzakirələr sentyabrın 13-də keçiriləcək, ertəsi gün isə təklif olunan qərarla bağlı səsvermə keçiriləcək. Xəbəri “Turan” Avropa Parlamentinin saytına istinadən yazıb.

Müzakirələrdə iştirak edəcək Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynovun sözlərinə görə, debat zamanı deputatlar İbadoğlunun işi ilə bağlı fikirlərini bildirəcəklər və Avropa Komissarlarından birinə siyasətçinin hüquqlarının təmin edilməsi ilə bağlı görülən tədbirlər haqqında suallar verəcəklər.

E.Hüseynovun “Turan”a verdiyi məlumata görə, qətnamə səslərin çoxluğunu qazansa, debat İbadoğlunun işi üzrə qətnamənin qəbulu ilə başa çata bilər. Qətnamədə İbadoğlunu azad etmək çağırışının yer alacağı və Avropa Komissiyasına siyasətçi və alimin cinayət təqibinə xitam verilməsi üçün Bakı ilə fəal dialoq aparmaq tövsiyələrinin irəli sürüləcəyi gözlənilir.

Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib. Avqustun 25-də ona qarşı “dini-ekstremist materiallar hazırlama, saxlama və ya yayma” ittihamı irəli sürülüb. Qubad İbadoğlu ittihamları rədd edir.

Bəhruz Məhərrəmov: "20 Yanvar qırğını bizi dövlət müstəqilliyinin bərpasına  daha da yaxınlaşdırdı"

Bəhruz Məhərrəmov 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov hesab edir ki, “Qubad İbadoğlunun işi”nin Avropa Parlamentinin  gündəliyinə daxil edilməsi bu təşkilatın növbəti riyakarlığıdır: “Hər kəs çox yaxşı başa düşür ki, əslində nə Avroparlamenti, nə də onun məlum məzmunda "fəaliyyətinin" təbliğatını aparan digər təlxəklər yığınını İbadoğlu maraqlandırmır. Azərbaycana qarşı davamlı şəkildə qərəzli mövqe tutmaqda olan Avropa Parlamenti “İbadoğlu” şousuna anti-Azərbaycan fəaliyyətində növbəti fürsət kimi yanaşır. Bu qərəzin və bütövlükdə proseslərin çox sadə səbəbi var. Bu gün Azərbaycan Respublikasının özünün prioritetlərinə və milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması, müstəqil davranması neoimperialist güclərin, o cümlədən korrupsiya yuvası olan Avroparlamentin niyyətləri ilə üst-üstə düşmür. Ölkəmizin Vətən müharibəsindən sonra isə özünü həm də ciddi hərbi-siyasi güc kimi təsdiq etməsi adətən münaqişəli vəziyyətlərdən qidalanan korrupsioner Avroparlamentin qazanc və hərəkət imkanını məhdudlaşdırıb. Nəticədə istər Avroparlament, istərsə də eyni mənbədən qidalanan “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” kimi təşkilatlar üçün ayrı-ayrı cinayət təqibləri üzrə proseslərin siyasiləşdirilməsi prioritetə çevrilir. Özü çirkab və cinayətkarlıq yuvasına dönməsinə baxmayaraq hələ də “demokratiya”, “humanizm”, “insan haqları” idealları ilə pərdələnən Avropa Parlamenti üçün bu mənada İbadoğlu məsələsi “göydəndüşmə” imkan oldu və təşkilatın bu fürsəti qaçırmayacağı aydın idi. Əgər bu təsisatı həqiqətən insan haqları maraqlandırsaydı, ilk növbədə 30 il ərzində təməl hüquqlarından məhrum olan 1 milyondan artıq Qarabağ və Şərqi Zəngəzur sakini, habelə Qərbi Azərbaycandan didərgin salınan 300 mindən artıq soydaşımızın haqları barədə danışardı.

Aydındır ki, Avropa Parlamenti yerli agentləri vasitəsilə Azərbaycanda cinayət mühakimə icraatı üzərində nəzarət mexanizmi qurmaq üçün konkret əməllər üzrə təqsirləndirilən Qubad İbadoğlunun cinayət təqibini süni surətdə siyasiləşdirmək istəyir. Amma bu korrupsionerlər birmənalı şəkildə anlamalıdırlar ki, onların Azərbaycanda qanunsuz təsiri istisna edən şəraitdə, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilən cinayət prosesini siyasiləşdirmək cəhdləri indidən iflasa məhkumdur və bu saxtakarlar hər addımda özlərini daha çox ifşa edirlər".

Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq

Elşən Musayev

Komitənin digər üzvü, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev E.Hüseynov barədə sərt danışdı: “Avropa Parlamentinin İnsan hüquqları üzrə təcili debatında nəzərdə tutulan mövzu, yəni "Qubad İbadoğlunun “işi” əslində Avropa təsisatlarının bir çoxunun reallıqdan, hüquq anlayışından və sadə etiket qaydalarından nə qədər uzaq olduğunu göstərir. O mənada ki, məsələni indiki mərhələdə mövzu predmetinə çevirməyin özü absurddur. Niyə? Çünki Qubad İbadoğlunun işi ilə bağlı hələ heç bir məhkəmə qərarı yoxdur, istintaq gedir, dəqiqləşdirmələr aparılır, nəticə elan olunmayıb. Yaxşı bəs belə olan halda, görəsən, Avropa Parlamenti niyə tələm-tələsik məsələni siyasiləşdirməyə, ona başqa don geyindirməyə çalışır? Maraqlıdır, deyilmi?

İkinci bir məsələ. Görün debat iştirakçılarından biri kim olacaq? - Emin Hüseynov. O adam ki, Azərbaycan vətəndaşlığından məhrum edilib. Həm də yaramaz əməllərinə və törətdiyi cinayətlərə görə! Belələrinin  sözü, təşviqatı, donosu ilə müzakirəyə mövzumu çıxardarlar? Avropa Parlamenti öz prinsiplərini, öz dəyərlərini bu qədərmi ucuz tutur? 

Demək, sizə adi bir fakt deyim. Mən Avropa Şurasında təmsil olunan nümayəndə heyətinin üzvü ikən həmin Eminlə çox üzbəüz gəlmişəm. Onları Plenar iclas zalına buraxmırdılar. Çünki həmin zala yalnız xüsusi səlahiyyətlilər keçə bilər. Ya da səlahiyyətlilərin müşayiəti ilə kimsə. Və bu Emin bütün günü ya şuranın kuluarında, ya da bufetində özünə erməni sirdaş, donos ötürməyə adam, Azərbaycana qarşı müzakirələrdə iştirak etmək üçün parlamentari axtarırdı. İndi o boyda Avropa Parlamenti belələrinin ümidinəmi qaldı? Avropa Parlamentinin isə əgər həqiqətən nəyisə dəqiqləşdirmək niyyəti, sualı vardısa, həmin sualları Azərbaycanın rəsmi qurumlarına ünvanlaya, məlumatı birinci mənbədən ala, debat və s. müzakirə formatı ilə bağlı qərarları da ondan sonra verə bilərdi. Amma görünən budur ki, Avropa Parlamenti hər şeyi tərsinə edir".

Novella Cəfəroğlu: “Bizim siyahıdan da əfvə düşənlər çoxdur”<span  class="qirmizi"></span>

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə dedi ki,  istənilən halda Qubad İbadoğlunun indiki vaxtda həbsini düzgün saymır: “İndiki vaxtda təbii ki, belə qətnamələrin qəbulu bizə lazım deyil. Bir tərəfdə Qubad, digər tərəfdə Bəxtiyar həbsdədir. Onların həbsləri də bizə lazım deyildi. Onlar Avropa, Amerikaya bağlı şəxslər idi, onlarla işləyirdilər. Belə şəxslərin həbsi deyirəm ki, indiki vaxtda bizə sadəcə problem yarada bilər. Qətnamə qəbul edilərsə, ermənilər hay-həşir salacaqlar ki, bəs orada insan haqları pozulur, biz onlarla birlikdə yaşaya bilmərik, necə yaşayaq. Bu baxımdan, bu həbsləri doğru hesab etmirəm. Biz öncəliklə dövlətçiliyimizi qorumalıyıq. İndiyə qədər deyim ki, bu tipli çoxlu sayda qətnamələr qəbul olunub. Amma Azərbaycan hökuməti belə qətnamələrlə kimisə indiyə qədər azad etməyib. Qubadı da, Bəxtiyarı da azad edəcəklər. Amma Azərbaycan hökuməti nə zaman istəsə, bunu edəcək. Xankəndidə ermənilər "acından ölürük" deyə car çəkirlər. Amma onlara beynəlxalq aləmdən gələn dəstəyi görürük, ərzaq daşınır. Biz rəqiblərə heç cür fürsət verməməliyik. Tutaq ki, qətnamə qəbul olundu. Axı dövlətçiliyimizə söz gəlir. Hökuməti tənqid edə bilərsiniz, amma dövlətçiliyimizə ziyan vuracaq fəaliyyət göstərmək olmaz. Qubad İbadoğlu ilə bağlı hələ hər şey tam məlum deyil. Məhkəməsi başlasın, ondan sonra da çox şey məlum olacaq. Bir daha deyirəm ki, Qubadı tutmaq yanlış idi.  O, zatən hökumətlə hər zaman işləyib. Danışıqlar getdi, ona partiya qurdular. Onunla danışıb, Müsavatı böldülər. Bunu hər kəs bilir. Bir sözlə, bunların öz adamı idi. Çağırıb danışmaq olardı. Gərək həbs etməyəydilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR