İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Oyunlarından sonra hakimiyyət daxilində hansı dəyişikliklər olacaq?

5947 08.06.2015 16:15 Son xəbər A A
Qabil Hüseynli: “Prezidentin son çıxışları göstərir ki, kadr dəyişikliyinin  labüdlüyünü o, hamıdan yaxşı başa düşür və bu xətti həyata keçirməyə çalışacaq”
 
Ərəstun Oruclu: “Siz düşünürsüz ki, iqtisadi böhran, sosial gərginlik, beynəlxalq gərginlik olduğu bir vaxtda Azərbaycan hakimiyyəti güzəştə gedə bilər?”
 
Avropa Oyunlarından sonra ciddi hakimiyyətdaxili dəyişikliklər gözlənilir. İlin əvvəllərindən başlayaraq iqtisadi böhranın baş verməsi, manatın devalvasiyası, oliqarxların həbsi, paytaxtdakı yanğın və ölümlər hakimiyyəti tənqid hədəfinə çevirdi, sosial gərginliyi artırdı.
Yeni iqtisadi-siyasi gerçəklik öncə idarəetmədə və ictimai nəzarət funksiyasını yerinə yetirən parlamentdə də ciddi dəyişikliklər tələb edir. 
Son zamanlar prezident İlham Əliyev də hakimiyyət komandasındakı problemlərə toxunub, ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışıb, sərt cəza tədbirlərinin görüləcəyini bildirib. Bütün bunlar ekspertlər tərəfindən baş verə biləcək dəyişikliyin anonsu kimi qiymətləndirilir. “Yeni Müsavat” qəzetinin “Prezidentin islahatları planı: yeni komanda, yeni parlament...” başlıqlı  manşet yazısında da qeyd edilir ki, son beş ayda baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoyub, yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir.
Məlumatlara görə, dövlət başçısı iqtisadi komandasını tam yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlara, hətta könüllü getmək istəməyən iri korrupsiyaçıları həbs etdirməyə belə qərarlıdır. Belə məlumatlar var ki, Avropa Oyunları bitəndən sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi hazırlanır. 
Buraya Dövlət Gömrük Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla ilə iş üzrə Dövlət Komitəsinin ləğvi və səlahiyyətlərinin müvafiq qurumlara verilməsi daxildir.
İddialar var ki, dəyişiklik yeni parlamentdən də yan keçməyəcək, cəmiyyətdə ictimai nəzarətin təmin olunması üçün Milli Məclisdə müxalifət nümayəndələrinə daha çox yer veriləcək.
Avropa Oyunlarından sonrakı mərhələ üçün verilən bu proqnozları dəyərləndirən politoloq  Qabil Hüseynli də vurğuladı ki, hakimiyyət komandasında kadr islahatları qaçılmazdır: “Kadr islahatlarına böyük ehtiyac yaranıb. Belə görünür ki, Xarici İşlər Nazirliyi sistemində, Dövlət Bayraq Meydanı sistemində, bir çox sahələrdə prezidentə sadiq olmayan, onun siyasətini dəstəkləməyən kadrlar yerləşdirilib. Bu kadrların içərisində elələri var ki, 20 ildən çoxdur ki, vəzifədədir və komanda haqqında xoş təəssürat yaratmır. Bu baxımdan kadr islahatlarının həyata keçirilməsi obyektiv bir zərurətə çevrilib. Uzun müddətdir ki, bu istiqamətdə söhbətlər gedir. Gah deyirdilər prezident seçkisindən sonra kadr islahatları həyata keçiriləcək, bir neçə icra başçısı  dəyişdirildi və bununla da proseslər donduruldu. Ötən parlament seçkilərindən sonra da bu haqda proqnozlar verilirdi, ancaq ciddi bir dəyişiklik baş vermədi. İndi də elə bir şərait yaranıb ki, mütləq kadr islahatları həyata keçirilməlidir. Avropa Oyunlarının başa çatmasından sonra bu məsələyə ciddi surətdə start veriləcəyi haqqına müxtəlif mətbuat orqanlarında bəzi məmurların dilindən səsləndirilir. Bu dəyişikliklər həm də peşəkarlıq baxımından, intellektual inkişaf baxımından, dövlətçiliyə, azərbaycançılıq ideologiyasına sadiqliyi baxımından seçilən adamlar olmalıdır. Prezident çıxışlarında bunun anonslarını verib, çıxışlarından dəfələrlə kadrlarla bağlı iradlarını bildirib, dövlət məmurlarının fəaliyyətindəki nöqsanları tənqid edib. Bütün bunlar belə düşünməyə əsas verir ki, prezident özü dəyişikliklərin labüdlüyünü hamıdan yaxşı başa düşür və bu xətti həyata keçirməyə çalışacaq”.
Parlament seçkilərində müxalifətin təmsili məsələsinə gəlincə, politoloq qeyd etdi ki,  bu barədə birmənalı fikir söyləmək çətindir: “Düzdür, bu dəqiqə müxalifətin müəyyən qrupları dövlətlə əməkdaşlığın tərəfdarı kimi çıxış edir və hökumətin siyasətinə loyal münasibət bəsləyir. Belələrinin parlamentə düşmək şansı kifayət qədər yüksək görünür. Ancaq bütövlükdə ictimai nəzarət orqanı kimi parlamentin rolunun artırılması və bunun müxalifətdən cəlb edilən kadrlar hesabına edilməsi fikrini mən şərh etməkdə çətinlik çəkirəm”.
Qabil Hüseynli baş verə biləcək struktur islahatları ilə bağlı durumu da şərh etdi: “Gömrük Komitəsinin ləğv edilməsi haqqında söylənilən fikirlər həqiqətə uyğun deyil. Gömrük Komitəsi dövlət büdcəsinin formalaşmasında böyük rol oynayır və indiki məqamda bu komitənin ləğv edilməsi qeyri-mümkündür. Bəzi komitələr iqtisadi rentabellik baxımından, təkrarçılıq baxımından birləşdirilə bilər. Lakin Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və İqtisadiyyat və Sənaye Nazirliyinin, eləcə də ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində verilməsi ideyası da mənə qəribə görünür. Çünki, ölkədə “kənd təsərrüfatı ili” elan edilib, kənd təsərrüfatı sahəsində ciddi aqrar islahatlar keçirilməlidir.  Kənd Təsərrüfatı Nazirliyi də bu prosesə başçılıq etməlidir. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibində kiçik bir quruma çevrilsə bu prosesləri apara bilməz. Ona görə də, mən Kənd Təsərrüfatı Nazirliyini də bu sıraya aid etmirəm. Amma komitələr var ki, onların fəaliyyəti tamamilə mənasızdır. Onların ləğv edilib funksiyalarının vahid bir qurum altında birləşdirilməsinə böyük ehtiyac var. Bir-birini təkrarlayan dövlət qurumlarının birləşdirilməsi və dövlət idarəçiliyinin daha çevik, daha operativ edilməsi üçün bunlar edilə bilər, yəqin ki, ediləcəkdir. Ancaq daha geniş islahatların aparılması birdən-birə baş verməyəcək, tədricən olacaq”.
Kadr islahatları çərçivəsində tez-tez adı hallanan baş nazir Artur Rəsizadənin baş nazir postunu tərk edəcəyi proqnozuna gəlincə, ekspert bildirdi ki, bu ölkə başçısının səlahiyyətində olan məsələdir: “Prezident uzun illərdir ki, bu kadrdan istifadə edir. Hətta bir dəfə istefaya göndərildi, sonra təkrar geriyə qaytarıldı. Baş nazir həm də xəstədir. Onun istefaya göndərilməsi haqqında mən konkret fikir deyə bilmərəm. Çünki, çox əhəmiyyətli bir vəzifəni tutub. Bu varis xarakterli bir vəzifədir. Mən güman edirəm ki, o nə vaxtsa istefaya göndəriləcək, lakin bunu prezident özü vacib hesab etdiyi məqamda edəcək”.
Politoloq Ərəstun Oruclu isə hakimiyyət daxilində heç bir ciddi islahatın aparılmayacağını və bu proqnozların ictimai rəyi sakitləşdiməyə yönəlmiş bir addım olduğunu vurğuladı: “Mən qətiyyən belə düşünmürəm. Bu cür təbliğat zaman-zaman dövriyyəyə buraxılır,  media vasitələrində yer alır. İctimai rəyi formalaşdırmağa çalışırlar ki,  bu mərhələ də keçsin sonra islahatlar olacaq, yeni komanda formalaşdırılacaq, parlamentdə müxalifətə daha çox yer veriləcək. Düşünürəm ki, bunlar hamısı ötəri təbliğat xarakteri daşıyır. Yaranmış hansısa böhran durumundan çıxmaq üçün, hakimiyyətinin potensial opponentlərinə “sakit oturun, hər şey yaxşı olacaq” mesajı vermək üçün dövriyyəyə buraxılır. İctimai rəyə yeridilir ki, bütün neqativ hallar aradan qaldırılacaq. Müxalif düşərgəyə də media vasitəsilə belə mesajlar verilir ki, sizin də parlamentdə payınız olacaq. Mən bunu ciddi qəbul etmirəm. Çünki, dəfələrlə belə hallar olub. Bu yalnız ictimai rəyi yanıltmaq, hakimiyyətə böhrandan çıxmağa bir fasilə vermək üçün ortaya atılan  söhbətlərdir”.
Hansısa komitə və nazirliklərin ləğv ediləcəyinə gəlincə, Ərəstun Oruclu qeyd edib ki, bu informasiyaların ciddi əsası yoxdur. Mən düşünmürəm ki, bu deyilənlər olacaq.
Milli Məclisdə müxalifət nümayəndələrinin artacağı fikrini şərh edən ekspert bunun da real səslənmədiyini qeyd etdi: “Yaxşıya doğru heç nə dəyişməyəcək. Hakimiyyət böhran dönəmində olduğu bir vaxtda, oyun qaydalarını bir qədər də sərtləşdirir. Siyasətin qaydası budur. Siz düşünürsüz ki, iqtisadi böhran, sosial gərginlik, beynəlxalq gərginlik olduğu bir vaxtda Azərbaycan hakimiyyəti kimi bir hakimiyyət güzəştə gedə bilər? Bu çox sadəlövh bir düşüncədir, yalnız siyasətdən anlayışı olmayanlar bunu düşünə bilər!”.

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR