Qırılma nöqtəsi varmı?
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanması gözlənilən strateji saziş üzərində uzun müddətdir iş aparılsa da danışıqlar hələ ki yekunlaşmayıb. Sazişin ən yaxşı halda 2019-cu ilin sonlarında imzalanmasının mümkünlüyü bildirilir.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, sazişin imzalanması ilə bağlı tərəflər arasında intensiv danışıqlar gedir. XİN rəsmisinin sözlərinə görə, burada ən önəmli məqam odur ki, tərəflər arasında konstruktiv mühit var, eyni zamanda müxtəlif məsələlər üzrə fərqli fikirlər ola bilər, amma onlar da konstruktiv bir zəmində müzakirə edilir və edilməlidir: “Yəni, sənəd bir neçə fəsildən ibarətdir. Bu, siyasi, iqtisadi, ticarət, humanitar və təhlükəsizlik kimi məsələləri özündə ehtiva edir. Burada da açıq desək, müzakirə mövzusu olan əsas məsələ ticarət fəsli ilə əlaqədar məsələdir. Çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Orada da müəyyən-tariflər, subsidiyalar kimi məsələlər var və onlar da əlavə müzakirə mövzusudur ki, ekspertlər səviyyəsində bununla əlaqədar Aİ ilə müzakirələr davam etdirilir.

Ümumiyyətlə, hər hansı sənədin hazırlanması prosesində müəyyən fərqli fikirlərin olması normal bir haldır və elə əslində diplomatiya onun üçün var, onun üçün yaradılıb. Yəni danışıqlar-müzakirələr vasitəsilə bu kimi məsələlər həll yolunu tapsın. Ən vacib məsələ isə odur ki, yüksək ali-siyasi iradə ortadadır. Bu ali-siyasi iradə də Azərbaycan-Aİ əlaqələrinin inkişaf etdirilməsidir, onun saziş müstəvisinə salınması və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasıdır ki, biz bunun artıq müxtəlif istiqamətlərdə təzahürlərini görməkdəyik. Hesab edirik ki, konkret vaxt demək bir qədər çətin olsa da, amma tərəflərin nümayiş etdirdiyi əzm və siyasi iradə sayəsində tezliklə bu sənədin yekunlaşdırılması, eyni zamanda imzalanması mümkün olacaq. Biz Azərbaycan tərəfi olaraq bunu gözləyirik".
Bəs Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalanması üçün aparılan danışıqlarda razılaşdırılması hələ də mümkün olmayan, qırılma, fikir ayrılığı olan məsələ və ya məsələlər hansıdır?

Aİ üzrə ekspert Yeganə Hacıyeva bildirdi ki, Aİ-Azərbaycan münasibətləri beş əsas istiqamət- qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi, enerji və mübadilə və s. proqramlar üzrə qurulub. Əməkdaşlıq tərəflər üçün strateji əhəmiyyətli, qarşılıqlı faydalılıq, ümumi dəyərlərə və bütün istiqamətlərdə qarşılıqlı maraqlara söykənərək çox geniş sahələri əhatə edir. Bura siyasi əlaqələr, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, qanunvericilik və prosedurların Aİ qanunvericiliyi və prosedurlarına uyğunlaşdırılması, multikulturalizm və demokratiyanın inkişafı ilə bağlı məsələlər daxildir. Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş imzalanıb: “Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol alan, müsəlman ölkəsi kimi tolerant, multikultural və dünyəvi sekulyar cəmiyyətə malik və ən əsası, Cənubi Qafqaz regionunda sabit və etibarlı tərəfdaşıdır. Bu strateji xətt üzrə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının mövcud mexanizmləri çərçivəsində danışıqlar davam edir. Qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında üzərində işlənən yeni saziş tərəflər üzərində maksimum diqqət və məsuliyyət tələb edən bir prosesdir. Belə ki, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında müzakirə edilən bu saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan, 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləmək niyyəti güdür.
Azərbaycan həmçinin Aİ ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Tərəflər arasında münasibətlərdə və ən əsası, qarşılıqlı öhdəliklərdə prioritet olan mövzular sırasında demokratiya və insan haqları mövzusuna ümumiyyətlə toxunulmayıb. Məsələ ondadır ki, son illər qlobal siyasi müstəvidə “demokratiya”, “insan haqları” mövzusunun dövlətlərə və hökumətlərə kənar təsir vasitəsi kimi geniş istifadə olunması təcrübəsi mövcuddur. Azərbaycan tərəfi isə bu tendensiyanı rədd edir".
Ekspert qeyd etdi ki, sazişdə üzərində işlənməli olan mövzular əsasən iqtisadi, regional təhlükəsizlik mövzularıdır: “Onu da qeyd etmək lazımdır ki, Avropa İttifaqı üzv dövlətlərin üçdə birindən çoxu ilə artıq strateji tərəfdaş olan, strateji coğrafi önəm daşıyan cənub-şərqi qonşusu ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir. Aİ ilk dəfə olaraq, Ümumdünya Ticarət Təşkilatına daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlir. Bunun üçün Azərbaycan və Aİ ÜTT-yə daxil olanadək bu təşkilatdakı mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılması üzərində işləyirlər. Ən əsası isə işlənən bu yeni saziş Aİ üçün gələcəkdə Mərkəzi və Şərqi Asiya ölkələri və Çinlə transkontenental iqtisadi əməkdaşlıq proqramlarında baza rolunu oynaya biləcək bir mexanizm kimi nəzərdə tutulur.
Üzərində mühüm müzakirələrin getdiyi daha bir mövzu, əlbəttə, regional stabillik, Qarabağ məsələsidir və bu istiqamətdə əməkdaşlığın mexanizmlərinin hazırlanması üçün danışıqlar gedir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






