İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı ermənilər üçün “ətdən sərhəd” qurur

888 19.01.2024 15:11 Siyasət A A

Qurumun Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir, təhlükəsizliyinin təmin edilməsi adı altında kəşfiyyat məlumatları toplayır - regionda təhlükəli oyunlar başlayır...

Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir. Bu barədə missiyanın “X” hesabında paylaşım edilib. Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb. “Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yeğeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir”, - qurumdan bildirilib. 

“Yeni Müsavat” yada salır ki, Avropa İttifaqı Şurası bir il əvvəl  yanvarın 23-də Ermənistan-Azərbaycan sərhədində “sabitliyə töhfə vermək” məqsədilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Rəsmi Bakı o vaxt bəyan etmişdi ki, qurum Ermənistanda monitorinq missiyası yerləşdirərkən Azərbaycan tərəfinin “legitim maraqlarını nəzərə almalıdır”.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel isə ötən ilin dekabrında bəyan etmişdi ki, Ermənistan sərhədində mülki missiya həyata keçirən əməkdaşların sayını artırmağa qərar verilib. Aİ-nin Xarici İşlər Şurası “mülki missiyasını gücləndirmək məqsədilə”  əməkdaşların sayının 138-dən 209 nəfərə artırmaq barədə razılığa gəlindiyini bəyan etmişdi. “Əməkdaşlarımızın sayını mühüm səviyyədə artırmaqla Ermənistan-Azərbaycan sərhədində sabitliyi qorumaq missiyamıza nə qədər önəm verdiyimizi və sülh prosesinə vacib töhfəmizi açıq şəkildə göstərmiş olduq”, - Josep Borrellə istinadla Aİ-nin saytında qeyd olunub. Qurumun ali nümayəndəsi Josep Borrell bölgədəki monitorinq missiyasının sayını artırmaqla sülh prosesinə və sabitliyə “töhfə verdiklərini” diqqətə çatdırıb.

“Şərq Tərəfdaşlığı”na üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şuranın bu qərarını tənqid edərək əməkdaşların sayının “özbaşına genişləndirildiyini” demişdi. “Aİ-nin Ermənistandakı monitorinq missiyasına gəlincə, ilkin vədlərə əməl olunmayıb, anlaşma pozulub və mandat özbaşına genişləndirilib. Bu missiya regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilmədi”, - nazir Ceyhun Bayramov deyib. Nazir Ermənistandakı monitorinq missiyasının Azərbaycan əleyhinə “təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğunu” bildirib. Onun sözlərinə görə, Aİ vasitəsilə Ermənistanı silahlandırmaq kimi “sabitliyi daha da pozan” təşəbbüslər irəli sürülür: “Bu cür təşəbbüslərin Aİ-nin "tərəfsiz vasitəçi" kimi etibarı və ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri üçün mənfi nəticələri qaçılmazdır. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istifadə etmək heç bir halda “Şərq Tərəfdaşlığı”nın elan edilmiş məqsədlərinə uyğun ola bilməz".

Nazir qeyd etdiyi məqamları əsas gətirərək Aİ-ni Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərər verməməyə çağırıb. “Ortaq maraqlara, qətiyyətə, qarşılıqlı hörmətə və faydalara diqqət yetirməklə, biz daha firavan, sabit və əlaqəli "Şərq Tərəfdaşlığı"  regionu qura bilərik", - nazir Bayramov əlavə edib. Ümumiyyətlə, Aİ missiyasının bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Ermənistan hakimiyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Digər tərəfdən, Ermənistanda müəyyən kəsim Avropa İttifaqının missiyasından narazılıq edir. Çünki Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Avropa İttifaqı regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır. Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Həm də birdən-birə patrul sayının 1500 nəfər artırılması artıq daha ciddi siyasi oyunların başladığından xəbər verir. 

Bütün bunların fonunda Aİ-nin öz missiyasını Ermənistanda daha uzun müddətə artırmaq istəyini də görmək mümkündür. Proseslərin ardıcıllığı da buna dəlalət edir. Belə ki, Aİ ilk olaraq bu ölkəyə 40 nəfərdən ibarət iki aylıq missiya göndərdi. Sonra 100 nəfərdən ibarət iki illik missiya göndərildi. Daha sonra missiyanın üzvlərinin sayı 23 nəfər artırıldı. Ardınca isə patrulların sayı çoxaldıldı və İcevanda yeni ofisinin açılışı oldu. Halbuki Aİ missiyasının Yeqnadzorda ofisi fəaliyyət göstərirdi. Bütün bunlar Aİ-nin iki ildən sonrakı müddətdə də Ermənistanda qalmağa maraqlı olduğunu göstərir. Sözsüz ki, missiyanın tərkibinin genişlənməsi Rusiyanın da ürəyincə deyil...

Azad MƏSİYEV

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Aİ-ni regiona gətirməklə iki məqsəd güdülür: “Prezident yerli televiziyalara müsahibəsinə qeyd etdi ki, 44 günlük müharibə böyük güclərin laylarını tərpətdi. Bu savaş Qərbin Cənubi Qafqazda planlarını pozdu. Bu baxımdan, Paşinyan postmünaqişə dönəmində şərti sərhədə müşahidə missiyasını yerləşdirməklə onların mövcudluğunu təmin etməyə çalışır. Son zamanlar da Qərb dairələri Ermənistanı silahlandırır və bu da gələcəyə hesablanmış ssenaridir. Yəni süni şəkildə gərginlik yaradaraq təxribata yol verirlər, atəşkəsi pozurlar, sonra missiya öz hesabatında Azərbaycanı ittiham edərək təcavüzdə, eskalasiyada günahlandırır, Bakıya təzyiqləri artırır. Ona görə də bu məkrli niyyətin olduğu göz qabağındadır. Əks halda, müşahidə qrupunun gəlməsinin heç bir əsası yoxdur”, - deyə A.Məsiyev belə dəyərləndirir. Onun fikrincə, hazırda sərhədlər dəqiqləşməyibsə, bu monitorinq missiyası nəyi müşahidə edəcək: “Sərhəddə elə zonalar var ki, tarixi Azərbaycan torpaqlarıdır. Ona görə də Azərbaycanla razlaşdırmadan missiyanın bölgəyə yerləşdirilməsi Bakıya təzyiq etmək məqsədi daşıyır. Həmçinin Rusiyanı bölgədə sıxışdırmağa hesablanmış addımlardır. Düşünmürəm ki, istəklərinə böyük ölçüdə çata biləcəklər. Rusiyanı regiondan tamamilə kənarlaşdırmaq mümkün deyil”. 

Telman Qasımov: " Ermənistan DTX yalan deyir, çəkilişi bu il mən etmişəm"

Telman Qasımov

Hərbi analitik Telman Qasımovun dediyinə görə, Aİ bu addımları ilə Ermənistan ərazisində Rusiyaya “əzələ” nümayiş etdirir. Ekspert hesab edir ki, Aİ paralel olaraq da Azərbaycanla bağlı qərəzli qərarlar açıqlayır, qeyri-obyektiv qətnamələr irəli sürür: “Bu, Azərbaycana basqı etmək siyasətidir. Patrul xidmətinin genişlənməsi hər iki başı olan addımlardır: Rusiyaya güc göstərmək, Azərbaycana təzyiq etmək... Onlar Qarabağdan getmiş ermənilər məsələsində Azərbaycanın addımlar atmasını gözləyirlər. Ancaq biz nə edə bilərik? Onlar öz xoşu ilə gediblər, təkliflərimizi qəbul etməyiblər”.

T.Qasımov buna baxmayaraq, Avropa İttifaqına, ABŞ-a və Fransaya yönəlik tənqidlərdə korrekt olmağı üstün tutur: “Bu, çox incə məsələdir. Bəzən ekspertlər Qərbin çox üstünə gedirlər. Biz bir qədər diqqətli olmalıyıq. Makronu tənqid edirik, haqlı olaraq deyirik, amma Fransa ilə münasibətləri gərginləşdirmək də lazım deyil. Çünki bu boşluqdan düşmən tərəfi istifadə edir. Biz elə regionda yerləşirik ki, hegemon ölkələrlə kəllə-kəlləyə gəlməli deyilik. Onsuz da region qazan kimi qaynayır. Xüsusən İran faktoru var. Bir post görməyən, güllə görməyənlər Amerika, Avropaya meydan oxuyurlar. Amma fikirləşmək də lazımdır ki, düşmən bundan istifadə edir. Düşmən arzu edir ki, elə Azərbaycanın Avropa ilə əlaqəsi korlansın. Buna rəvac verməli deyilik. Həmin mülki missiyaya gəlincə, fəaliyyəti bundan sonra da genişləndiriləcək. Üstəlik, Qərb dairələri bir yandan təbliğat aparır ki, guya Azərbaycan hücuma hazırlaşır. Ona görə bu hiyləgər proseslərdə diqqətli olmalıyıq”. 

Emil SALAMOĞLU   
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR