İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa futbolunda nəyin gizli müşahidəsi aparılır?

557 06.06.2023 17:10 Son xəbər A A

Avropa stadionlarında mühüm futbol oyunları zamanı gizli müşahidə aparılır. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Associated Press” agentliyi bildirir ki, tribunlardakı müşahidəçilərin işi azarkeşlərin irqçi şüarlar səsləndirib-səsləndirmədiyini, ekstremist simvollardan istifadə edib-etmədiyini izləmək, bu haqda hesabat verməkdir.

Müşahidəçilər könüllülər arasından seçilir, onlara xüsusi təlimlər keçilir və zəruri xərclər ödənir. İşi Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) irqi ayrı-seçkiliklə mübarizə məqsədilə formalaşdırdığı “Fare” şəbəkəsi təşkil edir. Müşahidələr məşhur futbol klublarının və milli komandaların qarşılaşması zamanı aparılır.

Adının çəkilməsini istəməyən müşahidəçi “Associated Press”ə deyib ki, onlara kütlədən seçilməmək, azarkeşlərə qaynayıb-qarışmaq, ancaq heç kimlə ünsiyyət qurmamaq, diqqət cəlb etməmək, ehtiyatlı davranmaq tapşırılır: “Tapşırığa əsasən, müşahidəçi sosial şəbəkədə stadiondan heç bir foto, qeyd paylaşmamalıdır”.

Müşahidəçilərin təhlükəsizliyi naminə onların kimliyi təşkilatçılar arasında da çox az adama bildirilir.

Futbol hakimləri kimi müşahidəçilərə də azarkeşlik etdikləri klubların matçlarında işləmək yasaqdır. “Associated Press”ə danışan müşahidəçi deyib: “Biz öz işimizə peşəkarcasına yanaşırıq. Müşahidə apardığım vaxt oyunun nəticəsi məni qətiyyən maraqlandırmır. Qol vurulanda yalandan ayağa qalxıram. Bu o demək deyil ki, doğrudan həyəcan keçirir, emosional anlar yaşayıram”.

Müşahidəçilərin topladığı sübutlar, o cümlədən gizli çəkdikləri fotolar, videolar UEFA-da cəmlənir və onlardan futbol klublarına, yaxud milli komandalara qarşı intizam tədbirləri tətbiq ediləndə istifadə olunur.

Oyunda neçə müşahidəçiyə ehtiyac olduğunu müəyyənləşdirmək üçün əvvəlcədən risk reytinqi hazırlanır. İnsidentlərin stadionda təxminən hansı azarkeş dəstələrindən qaynaqlana biləcəyi götür-qoy edilir. Bu məqsədlə azarkeşlərin sosial şəbəkələrdəki qrupları daxilində də araşdırma aparılır. Ən riskli oyunlara üç müşahidəçi təyin edilir.

“Associated Press”ə danışan müşahidəçi onu da qeyd edib ki, risk reytinqi bəzən özünü doğrultmur və orta dərəcədə riskli oyun kimi qiymətləndirilən yarışda gözlənilmədən çox təhlükəli anlar ortaya çıxır.

UEFA-dan “Associated Press”ə bildiriblər ki, həqiqətən müşahidəçilərin vasitəsilə sənədləşdirilmiş dəlil-sübutlardan intizam tədbirlərində, hətta əlavə sübutlarla birgə məhkəmə çəkişmələrində istifadə oluna bilər.

“Associated Press” yazır ki, son illər Avropa futbolunda xuliqanlığın sayı azalsa da, bəzi azarkeş dəstələrinin irqçi davranış sərgiləməsi, zorakılığa əl atması hallarına hələ də rast gəlinir. Agentliyə müsahibə vermiş müşahidəçi bir neçə ildir bu sahədə fəaliyyət göstərdiyini, vəziyyətin yaxşılaşmağa doğru getdiyini öz təcrübəsində sezdiyini vurğulayıb. Ancaq o qeyd edib ki, müsbət tendensiya uşaq addımları ilə irəliləyir.

“Associated Press” “Fare” şəbəkəsinin fəaliyyətinin heç də həmişə xoş qarşılanmadığını xatırladır: “Məsələn, İdman Arbitraj Məhkəməsi 2019-cu ildə “Fare” şəbəkəsinin qiymətləndirməsinə əsaslanaraq UEFA Çempionlar Liqasında oynayan Gürcüstanın “Dinamo” klubunu cərimələmişdi. Səbəb “Dinamo” azarkeşlərinin qaldırdığı bir banner idi. Məhkəmə həmin bannerdə üstüörtülü irqçi məzmun olduğu qərarına gəlmişdi. “Dinamo” bundan narazı qalmış, “Fare” şəbəkəsini hər şeydə irqçilik rəmzi güdməkdə günahlandırmışdı. Amma “Dinamo”nun şikayəti rədd olundu. Bəyan edildi ki, hətta azarkeşlərin əksəri bannerdəki irqçi məzmunu tutmayıbsa da, yenə ayrı-seçkiliyə yol verilib, irqçilik üzərinə qoyulmuş yasaq pozulub”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR