“Sərhədçi” İdman Olimpiya Mərkəzində taekvondo üzrə Avropa çempionatı davam edir.
ANS PRESS-in verdiyi məlumata görə, 4 gün davam edəcək çempionatda 46 ölkədən 400-dən artıq idmançı birincilik uğrunda mübarizə aparır. Turnirin üçüncü günündə kişilər arasında 63, 80 kiloqram, qadınların mübarizəsində isə 57 və 73 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Bu gün dayanaq üzərinə dörd Azərbaycan idmançısı çıxıb. Çempionatda ölkəmizi Ayxan Tağızadə (63 kq), Ramin Əzizov (80 kq), Günay Ağakişiyeva (57 kq) və Marina Tedeyeva (73 kq) təmsil edəcək.
R.Əzizov (80 kq) və G.Ağakişiyeva (57 kq) ilk döyüşdən azaddırlar. A.Tağızadə (63 kq) ilk görüşünü Macarıstan idmançısı Szegedi Norberteyə, M.Tedeyeva (73 kq) isə Anjela Popoviçə (Monteneqro) qarşı keçirəcəklər.
Ayxan Tağızadə (63 kq) Avropa çempionatına qələbə ilə başlayıb. İdmançımız Macarıstan təmsilçisi Norberte Szegedini məğlub edərək növbəti mərhələyə yüksəlib.
Digər idmançımız Günay Ağakişiyeva (57 kq) da ilk döyüşdə qələbə qazanıb. Taekvondoçumuz Macarıstan millisinin üzvü Edina Kotsisdən üstün olub. Yığmamızın üzvü Marina Tedeyeva (73 kq) isə ilk görüşündə məğlub olaraq Avropa çempionatında iştirakını dayandırıb.
Daha bir taekvondoçumuz Avropa çempionatında qələbə qazanıb. Ramin Əzizov (80 kq) ukraynalı Maksim Dominişini məğlub edərək növbəti mərhələyə adlayıb.
Taekvondoçumuz Günay Ağakişiyevanın (57 kq) dörddəbir finaldakı rəqibi müəyyənləşib. Milli komandamızın aparıcı üzvü növbəti mərhələdə Rusiya təmsilçisi Daria Juravleva ilə qarşılaşacaq.
Ayxan Tağızadə (63 kq) ilk görüşdə qalib gəlsə də, ikinci görüşündə yunanıstanlı Konstantinos Çamalidisə uduzaraq Avropa çempionatında iştirakını dayandırıb.
Digər taekvondoçumuz Ramin Əzizovun (80 kq) dörddəbir finaldakı rəqibi müəyyənləşib. İdmançımız Türkiyə millisinin üzvü Yunus Sarı ilə üz-üzə gələcək.