İnsanlara hürriyət, millətlərə istiqlal!

AVROPA BİRLİYİNİN QARABAĞ SİYASƏTİNİN İFLASA UĞRADIĞI AÇIQLANDI

4228 06.02.2012 09:08 Gündəm A A
Hesabatı hazırlayan xarici siyasət üzrə avropalı ekspertlərə görə Brüsselin səylərinin tamamilə, iflasa uğradığı bir vaxtda Azərbaycanla Ermənistan arasında gərginlik artır. Onların arasında qəfil hərbi əməliyyatların başlanması riski qalmaqdadır. Hesabata görə, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri ilə müqayisədə Aİ-nin Qarabağ münaqişəsinin nizamlanmasına təsir imkanları məhduddur. İttifaqa üzv olan bütün dövlətlər bu münaqişənin dinc yolla nizamlanmasını dəstəkləyir. Lakin həm üzv ölkələr, hm Aİ-nin institutları digər dondurulmuş münaqişələrə nisbətən Qarabağ münaqişəsinə az diqqət ayırıblar. Həmçinin Aİ birbaşa danışıqlar prosesində iştirak etmir, onu Minsk Qrupunda Fransa təmsil edir. Rusiya və ABŞ-la birlikdə Minsk Qrupuna həmsədrlik edən Fransa Aİ-nin Qarabağ münaqişəsinin nizamlanması prosesindəki təmsilçisi funksiyasından imtina etmək fikrində deyil. “Nəticədə, Aİ-yə üzv olan dövlətlər münaqişənin həllinə tərəfdar olduqlarını bildirsələr də, onlar əslində danışıqlar prosesindən əhəmiyyətli ölçülərdə kənardadır”, - deyə sənəddə bildirilir.
Hesabat müəllifləri ötən il Minsk Qrupu həmsədrlərinin cəmi 6 görüş keçirdiklərini, nizamlama prosesində başlıca rolun hələ də Rusiyada olduğunu qeyd edirlər. “Bununla belə prezident D.Medvedyev Azərbaycan və Ermənistan liderləri ilə yanvar, mart və iyul aylarında görüşsə də heç bir nəticə əldə edilməyib. Münaqişənin nizamlanmasının əsas prinsilərini nəzərdə tutan Madrid prinsipləri kağız üzərində qalıb”, - deyə ekspertlər bildirir. Hesabat müəlliflərinə görə həm Aİ, həm ora üzv ölkələr Qarabağ məsələsini Azərbaycan və Ermənistanla ikitərəfli münasibətlərindən ayırıblar. Bu məsələ ikitərəfli danışıqlarda ötəri qaldırılıb, əsas diqqət ticarət və enerji sahəsində əməkdaşlıq məsələlərinə yönəlib. Hesabata görə, Aİ-nin Qarabağ məsələsində vahid siyasət yürütməsi mümkün 5 ballıq şkala ilə 2 bal alıb. Həmçinin münaqişənin nizamlanmasına yönələn səylərdən əldə edilən nəticə də mümkün 10 baldan 2 qiymətə layiq görülüb.
Sənəddə həmçinin qeyd edilir ki, Avropa İttifaqı Rusiya və Türkiyə kimi mühüm regional oyunçularla Qarabağa dair zəruri müzakirələr təşkil edə bilməyib. Sənədə görə, Aİ-nin münaqişənin həllinə yönəlmiş səylərinə də 5 ballıq şkala üzrə 2 bal verilib.
Qeyd edək ki, Aİ-nin Qarabağ münaqişəsinin nizamlanmasına dair səyləri əsasən ittifaqın “Yaxın Qonşuluq” və “Şərq Tərəfdaşlığı” təşəbbüsləri çərçivəsində olub. Bu təşəbbüslərlə bağlı Azərbaycan və Ermənistanla aparılan müzakirələrdə Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dəstək ifadə edilib. Ancaq həmin dəstək bir qayda olaraq sözdən uzağa getməyib. Aİ rəsmiləri hər dəfə bildiriblər ki, onlar sülhün əldə edilməsindən sonra Qarabağda bərpa və xalqlar arasında etimad prosesinə dəstək verməyə hazırdır. Həmçinin Aİ tərəfindən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında təmasları dəstəkləyən qrant layihələri maliyyələşdirilib, belə layihələr əksər hallarda ictimai rəyə təsirsiz qalıb və heç bir nəticə verməyib. Digər tərəfdən Aİ işğalçı tərəf olan Ermənistana iqtisadi təsir rıçaqlarından istifadə etməkdə qətiyyən maraqlı olmayıb. Münaqişəyə dair məsələlər əsasən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin regiona səfərləri zamanı qaldırılıb.
2010-cu ildə Aİ-nin xüsusi nümayəndəsi Piter Semnebinin Brüsselin Qarabağa dair səyləri artırmaq planları çərçivəsində İrəvandan Xankəndinə gəlmək istəyərkən yoldan geri qayıtmalı olmuşdu. Onun hansısa telefon zəngindən sonra Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistan üzərindən gəlməkdən çəkindiyi açıqlanmışdı. Semnebidən sonra Aİ Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsini, təcrübəli fransalı diplomat Filip Lefortu təyin edib və onun mandatını Qarabağ münaqişəsinin nizamlanmasına dair səylər göstərə bilmək üçün genişləndirib. Lefort regiona tez-tez səfərlər edir və Qarabağ məsələsini tərəflərlə müzakirə edir, ancaq Brüsseldə açıqlanan son hesabatda da deyildiyi kimi Aİ-nin bu münaqişəyə dair vahid, uzlaşdırılmış siyasətinin olmaması üzündən onun missiyası boşa gedir.
Aİ-nin Qarabağ münaqişəsində uğursuzluğu Rusiyanın prosesi öz nəzarəti altında saxlamaq imkanlarını genişləndirir. Lakin Aİ-ni Minsk Qrupunda təmsil edən Fransanın da ittifaqın rolunun sıfırlanmasında ciddi payı var. Belə ki, Fransa açıq-aşkar ermənipərəst mövqedən çıxış edir. Xüsusən Fransada “erməni soyqırımı”nın inkarını cinayət sayan qanunun qəbulundan sonra Parisin Minsk prosesindəki rolu tamamilə əhəmiyyətsiz hala gəlib. Minsk Qrupunun üzvü olan Türkiyə Fransanın həmsədrlikdən getməsini tələb edir. Azərbaycan ictimaiyyətində də bu tələb geniş dəstəklənir. Rəsmi Bakı Fransanın həmsədrlikdən uzaqlaşdırılmasına dair məsələ qaldırmasa da, işarə edir ki, bu ölkənin tərəfsiz vasitəçiliyi artıq mümkün deyil və ona etimad itib.
Beləliklə, Fransanın ermənipərəst mövqeyi bütövlükdə Aİ-nin Qafqazdakı və Qarabağ münaqişəsindəki roluna sarsıdıcı zərbə vurur. Aİ İnstitutlarının münaqişəsinin nizamlanması prosesinə bilavasitə cəlb edilməsi imkanları isə hələ məhduddur. Çünki Rusiya bunda maraqlı deyil və Ermənistan vasitəsilə münaqişə ətrafındakı prosesləri öz nəzarətində saxlayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR