İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyinin Azərbaycana daha bir XAİNLİYİ – Şuşa Forumundan dərhal sonra...

7214 21.07.2024 17:25 Siyasət A A

Sabah – iyulun 22-də Avropa Birliyinin (AB) Xarici işlər nazirləri Şurası Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması məsələsinə baxacaq. Rəsmi məlumata görə, “Fondun göstərəcəyi kömək Ermənistanın özünümüdafiəsinin gücləndirilməsinə yönəldiləcək”.

Qeyd edək ki, bu barədə aylar öncə anons edilmişdi. AB-dəki dostlarımızdan Macarıstan isə buna etiraz bildirmiş, qərarı doğru saymamış, yaxud Azərbaycana da analoji dəstəyin verilməsi təklifini irəli sürmüşdü...

Hər şey qırağa, görəsən Azərbaycanın 20% ərazisi on İllərlə erməni işğalı altında qalanda nədən Avropa İttifaqı eyni lütfkarlığı Bakıya göstərmədi və Azərbaycanın özünümüdafiəsinin qayğısına qalmadı? Ona görə ki, biz türk-müsəlman ölkəsiyik?

Amma indi heç Ermənistanın bir qarış ərazisi işğal olunmayıb, gör necə əl-ayağa düşüblər.

Söz düşmüşkən, adında “sülh” sözü olsa da, Fondun regional sülhə xidmət etmədiyi barədə dünən Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda açıq danışdı. Narahatlığını dilə gətirdi...

Elə forum davam edərkən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Üstəlik, bəllidir ki, kapitulyant ölkə 4 ildir “daşı” ətəyindən töküb öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq istəmir, oradan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı məqamları çıxarmaqdan israrla yayınır.

Yəni faktiki revanşist planlardan əl çəkməyən bir ölkəni necə silahlandırmaq olar? Hansı özünümüdafiədən söhbət gedir? Bu saxta dövlət elan edildiyi gündən bölgədə aqressiv, işğalçı müharibələr aparıb, qonşu aborigen xalqlara qarşı öz ərazisini böyütmək üçün çoxsaylı bəşəri cinayətlər törədib. Regionu xarici məkrli güclərin diktəsi ilə qarışdırmaqla məşğul olub.

Bölgədə başqa heç bir dövlət, xalq buna getməyib. İşğalçı, etnik təmizləmə siyasəti aparmayıb – “Hindistan qaraçıları”ndan başqa. Elə isə bu nə özünümüdafiə həşiridir? Kimin qulağından “əriştə” asırlar? Məgər Avropa Birliyi Ermənistanın fitnə-fəsad mənbəyi olan konstitusiyasından bixəbərdir? Yaxud hansısa ölkənin Ermənistana hücum edəcəyi barədə nağıllarla kimin başını qatmağa çalışırlar?..

Əlbəttə ki, bütün bu aşırı ermənifilliyin və türkofobiyanın daha bir adı “ikili standart” yanaşmadır. İlham Əliyev Şuşadakı dünənki çıxışı zamanı Qərbin bu ikiüzlülüyünə də toxundu. Bildirdi ki, Azərbaycan xalqı belə “ikili standart”larına o qədər öyrəşib ki, həmin “ikili srandart”lar olmayanda təəccüblənir ki, görəsən nə məsələdir?

Amma biz dövlət və millət olaraq öz haqqımızı güc yolu ilə də olsa, artıq bərqərar etmişik. İşğalçı Ermənistanın dərsini vermişik. Ermənistanın timsalında isə onun havadarlarının qulaqlarını yaxşıca burmuşuq. Avropadakı “qarın sancıları”nın, yalançı sülhpərvərliyin tək səbəbi bu!..

Əbəs cəhdlərdir. Pislik, xainlik yenə də özlərinə qalacaq. Kapitulyant ölkə üçün işğalçı illərə geri dönüş olmayacaq. Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil. Heç kimin ağlı başqa yerə getməsin.

Odur ki, silahdansa, AB yetkilələri, İrəvanın Qərbdəki başqa ağaları qoy Ermənistan rəhbərliyinə ağıl versinlər ki, tezliklə Azərbaycanla sülh müqaviləsi imzalasınlar. Hansı sənəd ki, Ermənistanın təhlükəsizliyinə öldürücü silahlardan qat-qat güclü təminat və zəmanət verə bilər.

Bəlkə nəhayət, sınayasınız...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR