Avropa Birliyi Rusiyaya qarşı “qara siyahı”nı genişləndirir
Avropa Birliyi (AB) ölkələri xarici işlər nazirləri Ukraynadakı situasiya ilə bağlı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirmək barədə razılığa gəliblər. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, siyahıya daha 19 Rusiya və Ukrayna vətəndaşı daxil ediləcək, daha 9 şirkətin isə hesabları dondurulacaq.
Bu haqda “Azadlıq” radiosunun Brüssel əməkdaşı öz twitter səhifəsində yazıb. Adlar hələ ki, açıqlanmır.
“AB ölkələri xarici işlər nazirləri 19 şəxsə viza verilməsini yasaqlamağı və 9 şirkətin hesablarını dondurmağı qərara alıblar. Sanksiyaları fevralın 16-dan tətbiq eləmək nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
O da vurğulanıb ki, yeni sanksiyaların tətbiqi Ukraynadakı vəziyyətdən asılı olacaq.
Musavat.com






