İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi Azərbaycanın düşmənlərinə dərs verdi - Bakı qazı Avropanı toxtadır

2457 26.07.2022 11:10 Yazarlar A A

Avropa ölkələrində, xüsusilə də Almaniyada Kremlin maliyyələşdirdiyi onlarla qəzet və jurnallar, internet səhifələri, xəbər agentlikləri var. Ictimai rəyə təsir gücləri müdhişdir.

Bir xəbər portalını ayda 52 milyon insan izləyir. Bu quruluşlar rus qazı kəsilməmişdən öncə avropalıları donmaqla, inflyasiya ilə elə qorxutmuşdular ki, sanki qaz deyil, hava kəsilir. Bu panika avronu belə yerdən yerə vurdu.

Azərbaycanla Avropa Birliyi arasında imzalanmış qaz sazişindən sonra bu donmaq qorxusu aradan qalxib. Bakıdan alınan qaz Rusiyadan alınan qazın heç beşdə birini etmir, ancaq Azərbaycan qazının psixoloji effekti rus qazının Avropada doğurduğu psixoz panikanı dağıdıb. Brüssel Kremlin psixoloji hücumunu Bakı qazıyla boğdu.

Avropanın qaz problemi hələ də həll olunmayıb, Rusiya qazını Avropaya daşıyan kəmərin mümkün gücünün cəmi 30 faizindən istifadə edilir. Ancaq sazişdən əvvəlki ictimai stressdən, demək olar ki, əsər-əlamət qalmayıb, sakitləşiblər.

Rusiyanın "Qazprom" şirkətinin məlumatına görə, son aylarda qazın həcmi "fors-major" səbəbindən xeyli azalıb. Şirkətin üzərinə götürdüyü öhdəlikləri qışa qədər yerinə yetirəcəyi bəlli deyil.

Avropa Birliyinin üzvü olan ölkələrdə qaz təhcizatının kəsilməsi səbəbindən yaranmış panik vəziyyət, qış aylarında donmaq təhlükəsi Birliyin valyutasının dəyərdən düşməsinə, daxili bazarda inflyasiyanın rekord həddə çatmasına gətirib çıxarmışdı.

Belə bir böhranlı vəziyyətdə Avropa Birliyinin Azərbaycanı strateji tərəfdaş seçməsi, sazişin Bakıda imzalanması həm Avropa cəmiyyətlərinə, həm də bazarlarına sakitlik gətirdi, donmaq təhlükəsinin sovuşmasından öncə sosial psixoloji sabitlik bərqərar oldu.

Böyük dövlətlərin xarici siyasətinin əsas rıçaqlarından sayılan enerji diplomatiyası bu gün Azərbaycan hökumətinin xarici siyasətinin əsas alətlərindən birinə çevrilib.

Azərbaycan dövlətinin etibarı, işgüzar dairələrdə göstərdiyi performansı avropalıları psixoloji vahimədən, affekt vəziyyətindən qurtarmaq gücündədir.

Enerji diplomatiyası 20-ci əsrin birinci yarısında başlamış və ikinci neft böhranı zamanı OPEK-in hərəkətlərini təsvir edən bir termin kimi ortaya çıxıb. O vaxtdan bəri enerji təchizatı modern dövlətlərin bir nömrəli vəzifələri sırasında yer alıb.

Beynəlxalq böhranları ölkəsinin xeyrinə çevirmək bacarığı çox azsaylı diplomatların bioqrafiyasını bəzəyir. Avropa Parlamentinin Azərbaycana münasibətdə ədalətsiz mövqeyinə baxmayaraq, Avropa Birliyi Azərbaycanı strateji müttəfiq seçməsi qərbin düşüncə mərkəzlərini təəccübləndirib, Azərbaycan düşmənlərini, liberal avanturistləri şoka salıb.

Avropa Birliyinin bu təşkilatın üzvü olmayan, qaz ehtiyatlarına görə ön sırada dayanan, avropalılarla oxşar dəyərləri bölüşən Norveçi deyil, Azərbaycanı seçməsi İlham Əliyevin xarici siyasətinin növbəti qələbəsidir.

Uzun müddətdir İspaniyadan ayrılmaq istəyən Kataloniya əyalətində baş verənləri bu ölkənin daxili işi sayan Avropa parlamenti Azərbaycanı erməni mədəni irsini dağıtmaqda ittiham edib. İspanların öz dövlətlərinin ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsini, separatçı Kataloniya siyasətçilərinin həbsini legitim sayan liberal avanturistlər nədənsə, Azərbaycanın da belə bir haqqının olduğunu unudurlar.

Azərbaycanın simasında "etibarlı enerji tədarükçüsü" kimi strateji tərəfdaş qazanan Avropa Birliyi qərbin ant -Azərbaycançı dairələrinə tutarlı dərs verdi. Qarabağ müharibəsində türk dronlarını "qatil", Ukrayna müharibəsində "mələk" adlandıran "liberal avanturistlər" növbəti dəfə tələyə düşdülər.

Avropa Birliyi ilə Azərbaycan arasında imzalanmış saziş Avropa parlamentinin Azərbaycana münasibətdə yanlış mövqeyinə bir korrektə oldu. Eynilə Fransa parlamentinin Qarabağdakı qondarma rejimi tanımasından sonra rəsmi Parisin həmin qərarı deyil, Azərbaycanla əməkdaşlığı seçdiyi kimi rəsmi Brüssel də Avropa parlamentinə hüquqi və mənəvi dərs verdi.

Azərbaycana olan bu qeyri-obyektiv münasibətin səbəbi nədir? Demokratik prinsipləri həyat tərzi sayanların türklərə, müsəlmanlara münasibətinin kökündə nə dayanır? Nədən rəsmi Brüssellə, rəsmi Paris parlamentlərdən fərqli mövqe sərgiləyirlər?

20 il Avropada yaşayan bir adam, müəllim kimi deyirəm, bu münasibətin kökündə islamofobiya durur. Türkiyəyə münasibət necədirsə, bizə də eynidir. Deyə bilərsiz ki, nədən rəsmi Paris, rəsmi Brüssel parlamentlərdən fərqli mövqe tuturlar. Çünki onlarla işləyən diplomat İlham Əliyev var, inandırmaq bacarığı var. Onunla söhbət edən hər bir avropalı İlham Əliyevin şəxsi keyfiyyətlərini, alicənablığını görür və onunla işləməyə qərar verir.

Biz Avropa cəmiyyətlərilə işləyə bilmirik. Onlarla işləməyin əsas istiqamətləri mətbuat və elm sahələridir. Təəssüf ki, bu istiqamətdə ciddi boşluqlar var. Dəfələrlə təklif olunan layihələr həm Elmlər Akademiyası səviyyəsində, həm də bu işə məsul olan icra qurumları tərəfindən qəbul olunmayıb. Elmi işlərin dərci əvəzinə şeirlər kitabları dərc etməyə üstünlük veriblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR