İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa azərbaycanlıları Düsseldorfa niyə yığışdı və nələrdən danışdı - FOTOLAR

4090 19.12.2015 17:45 Siyasət A A
Xəbər verdiyimiz kimi Beynəlxalq Miqrant günü ilə əlaqədar 18 dekabr 2015-ci ildə Almaniyanın Düsseldorf şəhərində Avropada Azərbaycanlılarının konfransı keçirilib. 

Musavat.com xəbər verir ki, konfransı giriş sözü ilə siyasi mühacir, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev açıb. O, beynəlxalq miqrant günü haqqında məlumat verdikdən sonra ölkədə və dünyada baş verən miqrasiya prosesləri haqqında məlumat verib.  

Sonra isə hüquqşünaslar Ataxan Əbilov və Sevinc Məmmədova, jurnalist, Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf mərkəzinin həmtəsisçisi, Anar Oruclu, Avropa Demokratiyaya Dəstək Alyansının rəhbəri Tural Sadıqlı,   Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf mərkəzinin həmtəsisçisi Elçin Abdullayevin miqrant hüquqları, təşkilatlanma və inteqrasiya ilə bağlı məruzələri dinlənilib. 

Konfransda Azərbaycandan emiqrasiyanın səbəbləri də müzakirə olunub. Müzakirələrdə çıxışçılar iddia ediblər ki, ölkəmizdə   siyasi, sahibkarlıq,  jurnalistika və vətəndaş cəmiyyəti  sahəsində  fəaliyyət mümkünsüz həddə gəlib çatıb, Azərbaycanda sifarişli  məhkəmə hökmləri ilə yüzlərlə ictimai-siyasi fəal, hüquq müdafiəçisi,  jurnalist, siyasətçi azadlıqdan məhrum edilib, yüzlərlə fəalın ölkədən çıxışına qadağa qoyulub. Müzakirə iştirakçıları deyiblər ki, xaricdəki fəaliyyətlərinə görə onlarla miqrantın qohumlarına təzyiqlər edilib. Nəticədə onlar xaricdəki doğmalarından imtina ediblər. Bunları nəzərə alan konfrans iştirakçıları Avropa ölkələrində mühacirətdə olanların Azərbaycanda baş verənlərə təsir mexanizmlərini də  müzakirə ediblər. 



Musavat.com məlumat əldə edib ki, tədbir iştirakçıları  xaricdə yaşayan  Azərbaycan vətəndaşlarına münasibətdə, Azərbaycan Respublikasının, məskunlaşdıqları ölkələrin, habelə beynəlxalq təşkilatların vəzifələri ilə tanış edilib. Tədbir təşkilatçıları və məruzəçilər vurğulayıblar ki, xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasəti səmərəsiz və kortəbii aparılır, bu siyasət bəzi hallarda  xaricdə yaşayanların parçalanmasına, onların vəziyyətinin ağırlaşmasına,  hətta bəzi hallarda  vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşməsinə xidmət edir. 

Diasporla İş üzrə Dövlət Komitəsinin vəzifəsi olmasına baxmayaraq, bu vaxta kimi Avropada yaşayan azərbaycanlılarla bağlı xüsusi araşdırılma aparılmayıb, ölkə vətəndaşlarının Avropada  yaratdıqları qurumlara və  kütləvi informasiya vasitələrinə dəstək verilmir,  ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, istiqamətində fəaliyyət mövcud deyil, xaricdə yaşayan azərbaycanlılarla bağlı  xüsusi məlumat bankı yaradılmayıb. Konsulluq xidmətlərinin fəaliyyətinin isə daha acınacaqlı olması bildirilib.  



Tədbirdə iştirak edənlər, söz alanlar Azərbaycan hakimiyyətini kəskin tənqid ediblər. Orada həmçinin, qeyd olunub ki, azərbaycanlıların normal təşkilatlanması olmadığı üçün Avropa Azərbaycanlıları Avropa Birliyinin müvafiq institutları ilə effektli  əməkdaşlıq edə bilmir, müvafiq beynəlxalq və yerli hakimiyyət orqanları ilə əməkdaşlığa nail olmağı bacarmır. Avropaya yeni gələn azərbaycanlıların məlumatlandırılması üçün normal şərait olmadığı üçün onlar bəzən yalançı işbazların qurbanına çevrilir, saxta sənədlərdən istifadə etməklə,  özünə və yaxınlarına ciddi  problemlər  yaratdığı da çıxışlarda qeyd olunub. 



Tədbirdə bir xüsusat da vurğulanıb. Qeyd olunub ki, bəzi hallarda  Azərbaycanda insanlara işgəncə verən, insan hüquq və azadlıqlarını davamlı olaraq pozan şəxslər də Avropa ölkələrindən sığınacaq almağa nail olurlar və belə hallar yolverilməzdir. Məlumatda yekun olaraq bunlar yazılır: “Azərbaycan məmurlarının mənbəyi məlum olmaya çirkli pullarla aldıqları daşınmaz əmlakların müəyyənləşdirilməsinin və müvafiq dövlət orqanlarında araşdırılmasının  zəruriliyi qeyd olunub. Ölkədən xaricə,  o cümlədən Avropaya davamlı gedən  beyin axınının, cəmiyyətin  inkişafına təkan verəcək ideya sahiblərinin vahid düşüncə mərkəzində birləşməsinin vacib olması da xüsusi göstərilib”. 

Tədbirdə ortaya atılan problemlərin həlli  və edilən təkliflərin icrası üçün İşçi Qrupunun yaradılmasına qərar verilib.








Sevinc Telmanqızı
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR