İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Azərbaycanı “daha etibarlı” tərəfdaş elan etdi – Ölkəmiz qitəni yaşıl enerji ilə də təmin edəcək

1042 19.07.2022 10:25 İqtisadiyyat A A

İyulun 18-də Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Bakıya gələrək Prezident İlham Əliyevlə görüşdü. Görüş zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təchizatına dair xüsusi saziş imzalandı.

photo_2022-07-19_12-49-29.jpg (95 KB)

Ukraynadakı müharibə səbəbilə hazırda Avropanın enerji təhlükəsizliyi böyük təhdid altındadır: Rusiya əsas qaz kəməri olan “Şimal axını-1”lə nəqli dayandırıb. İllik texniki qulluq əsas gətirilsə də, artıq Avropada Rusiyanın elan etdiyi vaxtda – iyulun 21-də kəmərlə qaz nəqlini bərpa edəcəyinə inam azalıb. İyulun 18-də Avropa İttifaqı xarici işlər nazirlərinin iclasında çıxış edən Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bidirib ki, iyulun 20-də nazirlər qaz təchizatı və enerji təhlükəsizliyi məsələsini müzakirə edəcəklər. O, Avropanı istənilən situasiyaya hazır olmağa çağırıb.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Avropa İttifaqının təcili şəkildə qaz istehlakını azaltmalı olduğunu bəyan edib. Onun sözlərinə görə, bu qış Avropa həmrəyliyi üçün tarixi sınaq ola bilər: “Avropanın yeraltı qaz anbarlarını nəzərdə tutulan həddə qədər doldurmaq üçün ilk təcili addım hazırkı istehlak səviyyəsini azaltmaq və mümkün qədər çox qazı anbarlara vurmaqdır”.

F.Birol bildirib ki, istilik mövsümü başlayana qədər Avropa 12 milyard kubmetr qaza qənaət etməlidir. Bunun üçün sənaye sektoruna qazın xüsusi hərraclarda satışını təşkil etmək, elektrik enerjisi istehsalında qazdan istifadəni minimuma endirmək, ev təsərrüfatlarında elektrik enerjisindən istifadəni azaltmaq, fövqəladə vəziyуətlər üçün Avropa ölkələri arasında əlaqələndirməni təkmilləşdirmək lazımdır.

Beləliklə, Avropa öz tarixinin ən ağır qışına hazırlaşır. Bu hazırlıq “qoca qitə”nin diqqətini indiyədək olmadığı səviyyədə Rusiyadankənar enerji mənbələrinə yönəldib. Belə mənbələr arasında Azərbaycanın xüsusi yeri var. Belə ki, ölkəmiz uzun illərdir Avropa üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. İndiyədək Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılmasını təmin edən 2 böyük layihə həyata keçirilib: Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycan rəhbərliyinin, bilavasitə Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin təntənəsi hesab oluna bilər. Belə ki, Azərbaycan “Şahdəniz” yatağından hasil olunacaq qazı Avropaya çatdırmaq üçün dəhlizin yaradılması ideyasını irəli sürəndə Avropa Rusiyadan ucuz qazı rahatlıqla alırdı. Hətta 2014-cü ildə Rusiya Ukrayna ərazisinin bir qismini işğal etdikdən sonra da Avropa İttifaqının qaz təchizatını şaxələndirmək planı quru sözlərdən irəli getmədi. Azərbaycan isə həmin vaxtlarda Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşməsinə dəstək almağa çalışırdı. Avropa İttifaqı siyasi dəstək versə də, maliyyə dəstəyini təqdim etmədi. Lakin Azərbaycan uzaqgörənliklə layihənin icrasını davam etdirdi, addım-addım irəliyə getdi.

Bu gün Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaş olduğunu ən yüksək səviyyədə bəyan edir. Təsadüfi deyil ki, Azərbaycana səfər etdiyi gün Avropa Komissiyasının sədri “Twitter”də maraqlı paylaşım edib. O, Avropa İttifaqının daha etibarlı enerji təchizatçılarına müraciət etdiyini yazıb və Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib. Ursula Fon der Lyayen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır: “Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”.

photo_2022-07-19_12-51-09 (2).jpg (105 KB)

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ilə münasibətlər həmişə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında olub. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir.

Azərbaycan-Aİ əlaqələrinin hazırkı siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci ilin iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sabiq prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilə qədər uzadılıb. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.

Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzərində danışıqlar davam edir. Layihənin əksər hissəsi razılaşdırılıb. İyulun 28-də imzalanan memorandumdan sonra bu saziş üzərində işlərin də tezliklə bitəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın hüquqi bazasını aşağıdakı sənədlər təşkil edir:

- 2006-cı ildə Brüsseldə imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”;

- 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə;

- 2018-ci ildə qəbul edilmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri (2018-2020) sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunub.

2015-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılıb. İndiyədək Şuranın 8 iclası keçirilib. Sonuncu iclasda - bu ilin 4 fevralında Prezident İlham Əliyev və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson arasında görüş zamanı Aİ və Azərbaycan arasında yeni enerji dialoqunun təsis edilməsi barədə razılıq əldə olunub.

Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP kəməri ilə Azərbaycandan Avropaya təbii qazın nəqli 31 dekabr 2020-ci il tarixindən başlanıb. 2021-ci ildə TAP kəməri ilə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin yanvar-iyun aylarında isə 5,4 milyard kubmetr təbii qaz ixrac olunub.

Bu gün Avropa İttifaqı “daha etibarlı tərəfdaş” kimi Bakıya üz tutub. Bu isə Cənub Qaz Dəhlizinin hər iki seqmentinin – həm TANAP, həm də TAP-ın genişləndirilməsi prosesinə tam dəstəyin təmin olunması deməkdir. Belə dəstək genişləndirilmə prosesinə yalnız siyasi deyil, həm də maliyyə dəstəyinin verilməsini nəzərdə tutur.

İyulun 18-də imzalanan “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nda tərəflər bir-birinin ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə və suverenliyinə hörmət və dəstəklə bağlı öhdəliklərini xüsusi vurğulayırlar.

Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Avropa İttifaqına çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün diversifikasiyasını dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və potensial olaraq Qərbi Balkan ölkələrinə daşınmasından gedir. Əsas hədəf kimi 2027-ci ilə kimi Avropa İttifaqına ən azı illik 20 milyard kubmetr qazın ixrac edilməsi götürülür.  

photo_2022-07-19_12-51-09.jpg (118 KB)

Memorandumda tərəflər istehsalçılar, ixracatçılar və infrastruktur sahibləri üçün tələbin təhlükəsizliyini, eləcə də idxalçılar və alıcılar üçün təchizat təhlükəsizliyini dəstəkləmək məqsədilə uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayırlar.

Aydın məsələdir ki, uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələr hasilatçı ölkə kimi Azərbaycanın maraqlarına tam cavab verir. Memorandumda tərəflərin Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərəcəyini qeyd etməsi məhz buna hesablanıb. O da aydındır ki, siyasi cəhətdən Aİ tərəfindən dəstəklənən belə geniş regional layihələrə beynəlxalq maliyyə institutları və nəhəng özəl şirkətlər sərmayə yatırmağa tərəddüd etməyəcəklər. 

Avropa İttifaqı Azərbaycandan yalnız neft-qaz deyil, yaşıl enerji də almağı hədəfləyir. Uzunmüddətli planda tərəflər arasında enerji əməkdaşlığının məhz yaşıl enerji üzərində fokuslanması real perspektivdir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, ölkəmiz xüsusilə külək enerjisi baxımından nəhəng potensiala malikdir. Bu potensial həm quruda, həm də dənizdə mövcuddur və artıq Avropa şirkətlərinin bu sahəyə marağının sürətlə artması müşahidə olunur.  

Bu baxımdan, memorandumda bərpa olunan enerji sahəsində tərəflər arasında mümkün əməkdaşlığın qeyd olunması Avropa İttifaqını ölkəmiz üçün yeni marketə çevirə bilər. İşğaldan azad olunan ərazilərdə alternativ və bərpa olunan enerji mənbələrinin, həmçinin Xəzər dənizində külək enerjisinin geniş potensialını nəzərə alaraq, bu, Azərbaycan üçün bərpa olunan enerjinin də Aİ-yə ixrac olunması imkanları yaradır.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha da güclənməkdədir. Bu prosesdə enerji ehtiyatlarının rolu mühümdür. Azərbaycanda “Şahdəniz” ilə yanaşı, çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, onun Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolunu daha da artıracaq. “Qoca qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayı sürətlə artır. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan interkonnektoru ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər.

Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir.

Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da, bütövlükdə İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu, Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR