İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrofəalların ekofəallara qarşı fəaliyyəti

1396 21.12.2022 11:19 Yazarlar A A

Belə bir məşhur, bir az da trivial ifadə var ki, həqiqət mübahisə zamanı meydana çıxır. Düz fikirdir.

Amma bu ibarə küçə-məhəllə “isborlaşma”sına yox, elm, siyasi mübahisələrə, polemikalara aiddir. Küçə “polemika”larında ortaya çıxan şey adətən həqiqət olmur, bıçaq-filan olur. Onun da axırı yaxşı qurtarmır.

Biz mübahisə sevən camaatıq, qoyasan 7/24 öcəşək, çəkişək, qarşımızdakını “haqsız” çıxaraq, öz yanlışımızı yeridək və s. Ən pisi odur ki, biz aksiomları da mübahisə predmeti edə bilirik. Mədəni ölkələrdə bunu çoxdan etmirlər.

Məsələn, Yerin kələ-kötür olsa da, kürə formasında olması və Günəşin başına fırlanması, yağışın, qarın atmosfer çöküntüsü olması, ildırımın, tornadonun, eləcə də digər təbiət hadisələrinin Allahın işi olmaması uzun zamandan bəridir çox yerdə mübahisə mövzusu deyil. Bizdə isə hələ də bu xüsusda mübahisə gedir.

Mədəni ölkələrdə qızqaçırma hadisəsi adam oğurluğu kimi tövsif olunur, ağır cinayət sayılırsa, bizdə ailə qurmağın bu üsulunun tərəfdarları N qədərdir. Əksər ölkələrdə motivindən asılı olmayaraq adam öldürmək ağır cinayət əməli sayılır və bütün cəmiyyət tərəfindən mühakimə olunursa, bizdə istisnalar var: pis adamları, “barıqa”ları, söyüş söyənləri, xəyanət edən qadınları öldürmək olar. Belə şəxsləri dövlət qanunları mühakimə etsə də, cəmiyyət “qanunlar”ı qınamayacaq: “Yaxşı eləyib öldürüb. Ölməli adamıydı”.

Eyni fikir müəllim-şagird, heyvansevərlik, valideyn-övlad və bir çox məsələlələr aiddir. Belə mövzularda mübahisə predmeti olmayan, “qızıl orta”nın çoxdan tapıldığı məsələlər var, “iki iki dörd edər”, vəssalam, ta buna görə təzədən nə mübahisə edəsən?

Vətənsevərlik məsələsində də aksiomlar var: vətəndaşı olduğun dövlətin, bağrından çıxdığın millətin təəssübünü çəkmək, haqqını müdafiə etmək dünyanın heç yerində ayıb iş deyil. Dövlətin nə dərəcədə demokratik olub-olmamasının, onu hansı partiyanın idarə etməsinin məsələyə dəxli yoxdur.

Amma bizdə bəzi adamlarda belə bir qənaət var ki, ölkəni idarə edənlər başqa partiyadandırsa, o dövlət heç nədə haqlı ola bilməz, hətta düşmənlə vuruşanda da onu haqsız saymaq, ona qarşı olmaq mümkündür. Bu xüsusda hazırda ölkədə böyük mübahisə panelləri açılıb.

Məsələn, Azərbaycanın ortasında özlərinə qondarma “respublika” qurmuş ermənilər Laçın yolundan “neytral sular” kimi istifadə etmək, ölkəmizin qanunlarına, ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına məhəl qoymamaq xətti yeridirlər. 30 ildir belədir və dünyada bunun analoqu yoxdur. Heç bir dövlət bu cür haqq-hesaba təhəmmül etməz. İndi bizim fəallar, nəhayət, onların bu özbaşınalığına qarşı çıxır, aksiya keçirirlər. Ermənilər haray-həşir salıb. Bizim avrofəallar isə ekofəallarımızı ağ yuyub-qara sərirlər, dövlətimizi qınayırlar ki, nədən ermənilərin xətrinə dəyirsiniz. Mübahisə, ironik ələ salma, etiraz ərşə qalxıb. Adamın qarşısına elə statuslar çıxır ki, imzaya baxmasan, elə bilərsən, bunu erməni nasisti yazıb.

Halbuki bu, mübahisə mövzusu ola bilməz. Azərbaycan unitar dövlətdir, ərazi bütövlüyü toxunulmazdır, sərhədinin üstündən yalnız quş uça bilər (yeri gəlmişkən, Laçın yolundakı aksiyada səhhətində problem yaranmış quşa görə başlanan hay-küy də əsasən həmin avrofəalların əməyinin nəticəsiydi).

Bilən adamlar deyir ki, bu kimi mübahisələr durduq yerdə ortaya çıxmır və öz millətinə, dövlətinə qarşı qeydlər yazan adamlar bunu öz iradələri ilə etmirlər, xaricdəki ağalarının diktəsi ilə edirlər, ənam, qrand üçün belə şeylər yazırlar. Güman ki, belədir. Yoxsa ağıllı-başlı, informasiyalı adamlar birdən-birə niyə qlobal haqsızlığa uğramış doğma xalqını qoyub, aqressiv, irticaçı düşmənin qahmarına çevrilsin? Ağla sığacaq şey deyil.

Bu günümüzün ən absurd durumudur: başqa dövlətlərə işləyənlər, casusluq, “5-ci kolon”luq edənlər öz xalqının, dövlətinin təəssübünü çəkənləri linç edir, pisikdirir, başına töhmət qoyur.

P.S. “Avrofəallar” deyərkən söhbət təkcə Avropa qitəsindəki qüdrətli dövlətlərə rəğbət bəsləyənlərə yanaşı, həmin iqtisadi məkanda dövriyyədə olan eyni adlı (avro) pul vahidinə sitayiş edənlər nəzərdə tutulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR