İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrasiya Birliyinə üzvlük Azərbaycana lazımdırmı? – Türkiyə harda, biz də orda!..

2428 21.02.2021 18:42 Gündəm A A

Azərbaycanın işğaldan azad edilmiş ərazilərini az öncə ziyarət edən rusiyalı tanınmış politoloq Sergey Markov jurnalistlərə açıqlamasında bir maraqlı fikir söylədi. “Kremlin danışman”larından sayılan Markov dedi ki, Avropa Birliyindən (AB) şərqdə yerləşən ölkələr Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmalıdır. Markov bu ölkələr sırasına Türkiyəni, Moldovanı, Azərbaycanı, Gürcüstanı və Ukraynanı aid elədi.

Xatırladaq ki, AİB 2014-cü ildə Rusiya, Belarus, Qazaxıstan tərəfindən təsis edilib və az sonra (həmin il) Ermənistan da ona qoşulub.

Azərbaycanın bu quruma üzvlüyü Rusiyanın çoxdankı arzusudur. Ən azından, özünün cənub hüdudlarının sakitliyi, Güney Qafqaz regionunun “kənar güclər”in nəzarətinə keçməsini effektiv önlənməsi baxımından. Lakin rəsmi Bakı zaman-zaman bu məsələni işğal problemi ilə əlaqələndirib. Ermənistanla birgə regional iqtisadi qurumda təmsil olunmağı mümkünsüz hesab edib.

avrasiya-ittifaqi.jpg (64 KB)

Gerçəkdən də AİB-ə üzvlük avtomatik şəkildə işğalçı Ermənistanın iqtisadi blokadadan çıxması, güclənməsi və Dağlıq Qarabağ məsələsində daha sərt mövqe tutmasına gətirərdi. Kremlin digər geosiyasi layihəsi, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT, “Rus NATO-su”) qoşulmaqdan da Bakı eyni motivlə imtina edib (KTMT-nin hazırkı üzvləri: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan. Təsisçilərdən olan Özbəkistan bir müddət sonra bloku tərk edib).

Lakin indi ola bilsin, Markov Qarabağ probleminin, işğal faktorunun artıq aradan qalxmasını, ortada olan 10 noyabr və 11 yanvar üçtərəfli sazişlərini əsas götürərək, Bakının nəhayət, təklifə müsbət cavab verəcəyini güman edir. Belədirmi? Azərbaycanla Ermənistan arasında Qarabağ, işğal mövzusu qapanıbmı?

Müşahidələr göstərir ki, xeyr. Ermənistan kapitulyasiyaya imza atdıqdan sonra da ölkəmizə qarşı əsassız ərazi iddiasını gizlətmir, ərazi bütövlüyümüzü tanımaqdan israrla imtina edir. Bunu Ermənistan XİN-in Dağlıq Qarabağda separatçı hərəkatın başlamasının 33-cü ildönümü ilə bağlı dünən yaydığı bəyanat bir daha sübut edir. İki ölkə arasında sülh müqaviləsinin bağlanması isə üfüqdə belə görünmür. Halbuki Azərbaycan və Türkiyə Ermənistana 10 noyabrdan sonra dəfələrlə əməkdaşlıq təklifi edib...

AİB-ə üzvlüyün iqtisadi avantajlarını iqtisadçılar daha yaxşı hesablaya bilər. Aydındır ki, iqtisadi-ticari əlaqələr, mal-məhsulların hərəkəti, bazarlara çıxış, tranzit baxımından bizim üçün müəyyən üstünlüklər yaranacaq. Bəs milli təhlükəsizliyimiz?

Qeyd edildiyi kimi, AİB də, “Rus NATO-su” da Kremlin geosiyasi layihələridir və müstəsna olaraq Qərbə qarşı koalisiya, güc mərkəzi yaratmaq, daha uzaq perspektivdə isə SSRİ-ni hansısa formada bərpa eləmək niyyəti güdür. Şübhə yox ki, AİB-yə qoşulmağın ardınca KTMT-yə üzvlük də avtomatik şəkildə gündəmə gələcək. Bununla ölkəmiz hərbi təhlükəsizlik baxımından da Rusiya orbitində yer almış olacaq. Bu isə Bakının həmin birliklər, daha dəqiqi, Moskva qarşısında yeni və konkret öhdəliklər götürməsi demək olacaq və qardaş Türkiyə ilə hərbi, hərbi-texniki əməkdaşlığımızı dar çərçivəyə salacaq.

Azərbaycanın stabil inkişafının, müstəqilliyinin və təhlükəsizliyinin yeganə qarantı isə – Rusiya ilə strateji tərəfdaşlığa əsaslanan normal qonşuluq münasibətləri fonunda qardaş Türkiyə ilə strateji müttəfiqlikdir. Yəni Rusiya ilə tərəfdaşlıq, Türkiyə ilə müttəfiqlik. Bu yanaşmanın doğruluğu ərazilərimizin cəmi 44 gündə hərbi yolla işğaldan azad edilməsində özünü bariz şəkildə göstərdi. Özünü təsdiqləyən, sınaqdan çıxan bu formula hansısa düzəlişlər eləməyə, bizcə, lüzum yox. Ən azı yaxın perspektivdə.

21.jpg (5 KB)

Başqa yandan, balanslı xarici siyasət yürüdən Azərbaycan hazırda 120 ölkəni birləşdirən, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvü və 3 illiyə dönəm sədridir (2022-ci ildə sədrlik bitir). O təşkilat ki, Qarabağ həqiqətlərinin dünya birliyinə çatdırılmasında az rol oynamayıb. Eyni zamanda, II Qarabağ müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında əleyhimizə hazırlanan qətnamə layihəsini əngəlləyib.

Odur ki, yüz ölçüb bir biçməliyik. Rusiya 10 noyabrdan sonra hərbi baxımdan onsuz da Azərbaycandadır və bu mövcudluqdan dolayı hələ də bəzi suallar açıq qalıb. Bundan artığı Türkiyə ilə müttəfiqliyimizi və milli təhlükəsizliyimizi zədələyə bilər.

Bütün hallarda biz belə təkliflərə qardaş Türkiyənin də maraqları prizmasından baxmalıyıq. “Bir millətin ikinci dövləti” kimi. Türkiyə harda, biz də orda...

Zahid Səfəroğlu, "Yeni Müsavat"

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR