| “Bugünlərdə PKK-lılar Ağrı üsyanının ildönümünü qeyd eləmək üçün silahları ilə bərabər dağdan endilər, mərasim keçirdilər. PKK tarixində ilk dəfə belə güclü bir mövqeyə sahib olub. Bu gün Türkiyə iqtidarı güney-doğu Anadoluya nəzarət etmir. Ordu, polis öz mövqeyinə çəkilib olanları seyr edir. PKK-lılar yol kəsirlər, maşın yandırırlar, insan oğurlayırlar, vergi adı altında insanlardan xərac toplayırlar, məhkəmə qururlar, Türkiyə rəsmi qurumları buna müdaxilə etmir” |
Atilla Kaya: “Ərdoğan prezident kürsüsünə yaralı vəziyyətdə çıxıb”
Türkiyə parlamentinin üzvü, MHP İstanbul millət vəkili Atilla Kaya Azərbaycana qısamüddətli səfər edib. Məqam tapıb "Yeni Müsavat" qəzetini ziyarət edən A. Kaya musavat.com-a geniş açıqlama verib.
- Atilla bəy, prezident Ərdoğan “balkon qonuşması”nda 77 milyonun prezidenti olacağı vədini verdi. Bu vədin gerçəkləşməsi hiss olunurmu?
- Hələlik, bu mesajın bir işarəsi görünmür. Məncə, prezident 77 milyonu bağrına basacaq bir zehniyyətin alt yapısına sahib deyil. Rəcəb Tayyib Ərdoğan indiyə qədər qütbləşmə üzərindən siyasət yeridib. O, Ana Yasanın tələblərini pozaraq baş nazirlikdən və millət vəkilliyindən imtina etməyərək prezident seçkisinə getdi. 15 gün Türkiyə Ana Yasadan kənar idarə olundu. Prezident seçiləndən sonra AKP-nin qurultayındakı çıxışında da Ərdoğan yenə də hər zamankı bölücülüyünü davam etdirdi. Onun hətta AKP qurultayına qatılması belə artıq tərəf olduğuna işarə idi. Qurultaydakı çıxışını Ərdoğan başdan-ayağa ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasını, Milliyyətçi Hərəkat Partiyasını suçlamaq üzərində qurdu. Bu suçlamaları səsləndirən insanının “balkon qonuşması”nda nə söyləməsinin heç bir anlamı yoxdur.
- Son günlər Türkiyədə çox sayda polis həbs edilib. Bu kütləvi həbslərin arxasında nələr dayanır, MHP-nin bu məsələyə təpkisi olacaqmı? Bu insanlar niyə həbs edilir?
- 17 və 25 dekabr 2013-də o zamankı baş naziri, onun ailə üzvlərini, bir neçə naziri hədəf alan əməliyyat həyata keçirildi. Demokratik sistemlə idarə olunan ölkələrin hansındasa bu olayın 1 faizi belə baş versəydi, həmin şəxslər bir an belə hakimiyyətdə qala bilməzdilər. Nəinki hakimiyyətdən, siyasətdən birdəfəlik getmək məcburiyyətində qalardılar. 15- 27 dekabr olaylarına Türkiyədə birmənalı münasibət yoxdur. AKP bu hərəkəti çevriliş cəhdi kimi dəyərləndirir. Son həbslərdə saxlanılan yüksək rütbəli polislərə dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb. Cəmiyyətin bəlli bir kəsimi isə düşünür ki, bu əməliyyat korrupsiyaya qarşı mübarizədir. MHP olaraq bizim mövqeyimiz isə belədir - Böyük Rüşvət əməliyyatı dövlətin içərisində təşkilatlanma olduğunu göstərdi, dövlət içərisində irimiqyaslı korrupsiya faktlarını ortaya çıxardı. İstefa edən nazirlərdən biri – Ərdoğan Bayraktar açıq şəkildə bildirdi ki, bunların hamısı baş nazirin təlimatları ilə olub, biz istefa ediriksə, baş nazir də istefa etməlidir. Bu hadisələr ortaya çıxdığı zaman indi nazir olan AKP millət vəkillərindən biri “paralel yapı milli orduya tələ qurmuşdu” ifadəsini işlətmişdi. Bunu o partiyanı üzvləri deyir ki, əməliyyata qədər həmin düşərgə ilə iç-içə idilər. Yəni ortada milli orduya qurulan bir tələ varsa, o tələni quranlar sırasında AKP də var. Bu şəxslər güc strukturuna AKP iqtidarı dönəmində yerləşdirilib. Bundan öncəki seçimlərdəki “balkon qonuşması”nda Ərdoğan dəfələrlə Pensilvaniyaya (Pensilvaniya ştatında mühacirətdə olan Fətullah Gülən nəzərdə tutulur- red.) təşəkkür etmişdi. 17 dekabrdan sonrakı çıxışında “nə istədiniz ki vermədik” deyən də o zamanın baş naziri idi. Bu qədər olaydan sonra AKP “bizi aldadıblar, bizim səmimiyyətimizi istismar ediblər”, deyərək bu işin içərisindən sıyrıla bilməz, əlbəttə. Ortaya çıxan sualların cavabı məhkəmədə verilməlidir. Rəcəb Tayyib Ərdoğan prezident kürsüsünə çıxıb, amma yaralı vəziyyətdə çıxıb. Prezidentin əlində yandaş medianın həvəslə təbliğ etdiyi “Yeni Türkiyə” modelini qurmaq üçün imkan yoxdur. Seçkinin nəticələrini nəzərə alsaq, Ərdoğanı ölkə vətəndaşlarının 38 faizi dəstəkləyir. Seçkilərdə topladığı 51,8 faiz seçkiyə gələnlərə nisbətən ortaya çıxan rəqəmlərdir. Ortada uzun illər Türkiyəni idarə edən bir qrupla, onların ən yaxın ailə çevrələri ilə bağlı ciddi korrupsiya suçlamaları var. Baş nazirin ailə üzvləri ilə telefon danışıqları bu mənzərənin nə qədər vahiməli olduğunu sübut edir. Bu faktlar üzrə açılan cinayət işinə müdaxilə isə miqyassız iqtidar basqıları ilə yadda qaldı. Türkiyə Böyük Millət Məclisində 17 dekabrla bağlı komissiya yaradılıb. Ancaq hələ də həmin komissiya işə başlamayıb. Sənədlər dəfələrlə komissiyaya göndərilib və geri alınıb. İndi yeni istintaq materialları göndərilib. Həmin sənədlərdə nələrin olmasından heç kimin xəbəri yoxdur. İqtidar istintaqı aparmaq üçün yeni məhkəmələr qurub. Yeni məhkəmələr yaxın zamanlarda ləğv edilən növbətçi məhkəmələri əvəz edəcək. Bir zamanlar növbətçi məhkəmələr iqtidarın göstərişi ilə Türkiyə Ordusunun ali rütbəli zabitlərinə qarşı həbs qərarları çıxarırdı. Yeni məhkəmələrə təyin edilən hakimlərin hamısı AKP-yə yaxınlıqları ilə tanınır, onların hansı qərar çıxaracağı indidən bəllidir.
- Ana müxalifət CHP içərisində hərəkətlilik var, partiya yeni başqan arayışındadır. Sizin proqnozlarınız necədir, Müharrem İncə CHP başqanı seçiləcəkmi?
- Böyük ehtimalla Kılıçdaroğlu başqan olaraq qalacaq. Müherem İnce TBMM-dəki davranışları, çıxışları ilə toplumun simpatiyasını qazanmış bir şəxsdir. Ancaq Kılıçdaroğlunu partiya rəhbərliyinə keçirənlər onun gedişinə rahatlıqla imkan verməz.
- Kılıçdaroğlunu partiya rəhbərliyinə keçirənlər kimlərdir?
- İqtidarın CHP-nin keçmiş sədri Dəniz Baykala qarşı düzənlədiyi skandal əməliyyatdan sonra Kılıçdaroğlu bu posta gətirildi. Kılıçdaroğlu CHP-yə liderlik etməyə başlayandan sonra partiyanın prinsipial məsələlərdəki mövqeyində çox ciddi dəyişikliklər oldu. AKP-nin “çözüm sürəci” dediyi xəyanət sürəcində CHP-nin parlamnetdəki davranışları çox gözlənilməz oldu. AKP-nin təklifi ilə müzakirəyə çıxarılan bir neçə maddəlik qərara CHP səs verdi. Bu davranış CHP-nin ona qədər sərgilədiyi davranışlarla 180 dərəcə tərsdir. Burada müəmmalı məqamlar hədən artıq çoxdur.
- Ərdoğanın Bakı səfərində verdiyi mesajları necə dəyərləndirirsiniz?
- Türkiyənin xarici siyasətində seçkilərdən sonra ilk səfərin Azərbaycan edilməsi ilə bağlı ənənənin davam etdirilməsi çox yaxşıdır. Türkiyə dövlət başçısı ilk olaraq Quzey Kıbrıs Türk Cümhuriyyətinə, ordan da Azərbaycana səfər edir. QKTC-nin hələlik beynəlxalq müstəvidə haqq etdiyi yeri tuta bilmədiyi üçün ilk xarici səfər ünvanı kimi Azərbaycana qəbul edilir. Bu Türkiyə diplomatiyasında Azərbaycanın önəmini vurğulayan bir addımdır. Ancaq münasibətlərdə bizi narahat edən bir məqam var. 2015-ci ildə Türkiyədə həm parlament seçkisi ilidir, həm də saxta erməni soyqırımı iddialarının 100-cü ildönümüdür. Bu ildönümü ilə bağlı Türkiyəyə beynəlxalq basqılar güclənə bilər. Azərbaycan da belə basqılarla üzləşə bilər. Türkiyədən Ermənistanla münasibətlərini normallaşdırması istəniləcəyi gözləniləndir. Ərdoğanın andiçmə mərasiminə Ermənistan prezidentini dəvət etməsi, Ermənistanın Türkiyə dövlət başçısını mart ayında İrəvanda keçiriləcək törənə çağırması, baş nazir Davudoğlunun Ermənistanla diplomatik əlaqələri normallaşdırmaq təklifləri narahatlıq yaradan məqamlardır. Rəsmilər bu məsələni hər nə qədər Qarabağ məsələsinə bağlasalar da hər halda gözlənilməz durumlar ortaya çıxa bilər.
- Sürix sazişlərinin yenidən gündəmə qayıtması haqqında danışılır. Siz bunu nə qədər real sayırsınız? Türkiyə sanki demək istəyir ki, biz bu sərhədləri açmaq istəyirik, ancaq Azərbaycan görə açmırıq. Yəni diplomatik davranışlarda bir qədər minnət tonu var. Sizcə, Ermənistanla münasibətlərin bərpası Türkiyəyə lazımdırmı?
- Türkiyənin xarici ticarətinin həcmi 2-3 milyard dollardır. Bu ticarətin hamısını Türkiyə ilə aparsa belə bu, bizim iqtisadiyyat üçün faktiki görünməyən rəqəmlərdir. Türkiyə Suriya qaçqınlarına humanitar dəstək olaraq artıq 2-3 milyard dollar xərcləyib. Türkiyə onsuz da Ermənistanla ticarət əlaqələrini davam etdirir – Gürcüstan üzərindən oraya mal göndərilir. Ermənistana gedənlər deyir ki, Türkiyə məhsulları Ermənistanda ağırlıqdadır. Baş nazir olarkən Ərdoğan bildirmişdi ki, Türkiyədə qaçaq olaraq yaşayan 70 min erməni var. Hökumət buna da göz yumur. Aydındır ki bu, siyasi məsələdir. Sərhədlərin açılmasının heç bir iqtisadi təməli yoxdur. Türkiyə deyir ki, Azərbaycanla savaş apardığına görə sərhəddi bağlayıb. Ancaq savaş gedərkən sərhəd qapısı açıq idi. Yalnız Kəlbəcərin işğalından sonra – 1992-ci ilin yazında sərhəd qapadıldı. Ondan sonra da işğal genişləndi. İndi də bu durum dəyişmədiyi üçün sərhədlərin açılmasına səbəb yoxdur. Prezident Ərdoğan Bakıda dəfələrlə Azərbaycan ictimaiyyətinə işğal dayanmasa sərhədlər açılmayacaq sözü verib. 2015-ci ildə prezident seçkisi ili olduğu üçün bu sərhədlərin açılma ehtimalı son dərəcə aşağıdır. Ancaq ondan sonrakı durumu seçimin sonucları bəlli edəcək.
- Türkiyənin yeni hökumətinin planına ilk dəfə kürd açılımı məsələsi də salınıb. Nələrin nəzərdə tutulduğundan xəbərdarsınızmı?
- Yaxın günlərdə Türkiyə Silahlı Qüvvətlərinin Baş Qərargah rəisi Necdət Özel dedi ki, açılımın mahiyyətindən xəbərsizdir. Türkiyə ordusu 30 ildir terrorla mücadilə aparan əsas qurumdur. Orduya rəhbərlik edən şəxs bunu bilmirsə, demək, ortada bir şeylərin millətdən gizli saxlanması istəyi var. Müxalifət olaraq biz də bu açılımın içərisində nələrin olmasından xəbərsizik. İqtidarın millət vəkilləri də bilmir. PKK lideri Abdullah Öcalan saxlandığı İmralı həbsxanasından mediaya xəbər göndərir ki, açılım mənim görüşlərimə uyğundur. Demək bu açılım haqqında bilgili olan şəxslər prezident, terrorçubaşı Apo və ortadakı bir neçə vasitəçidir. Bugünlərdə PKK-lılar Ağrı üsyanının ildönümünü qeyd eləmək üçün silahları ilə bərabər dağdan endilər, mərasim keçirdilər. PKK tarixində ilk dəfə belə güclü bir mövqeyə sahib olub. Bu gün Türkiyə iqtidarı güney-doğu Anadoluya nəzarət etmir. Ordu, polis öz mövqeyinə çəkilib olanları seyr edir. PKK-lılar yol kəsirlər, maşın yandırırlar, insan oğurlayırlar, vergi adı altında insanlardan xərac toplayırlar, məhkəmə qururlar, Türkiyə rəsmi qurumları buna müdaxilə etmir. AKP-nin nəzərdə tutduğu açılım yəqin ki, bu nəzarətsizlik, qanunsuzluq şəraitinin daha da genişlənməsidir. Bölgədə muxtariyyət hazırlıqları gedir. İndiyə qədər iqtidar millət bu işin tam mənasını anlamasın deyə gizli proses yürütməkdədir. Belə görünür ki, bu planı sona çıxarmaq üçün daha geniş fəaliyyətə başlamağı planlaşdırırlar. Bu sürəc davam edərsə, terror lideri Öcalan azadlığa çıxacaq. Türk millətinin bu məsələdə ortaya ciddi təpki qoymasına ehtiyac var.
- AKP-nin “Gülən” hərəkatının sonuna çıxmaq şansı nə qədərdir?
- Hər hansı bir cameəni tamamilə sıradan çıxarmaq asan məsələ deyil. İqtidar onların hamısını hədəf almır. Liderləri zərərsizləşdirmək, aşağıları isə öz tərəfinə çəkmək üçün cəhdlər edir. “Camaat” indiyə qədər toplumun gözündə çox şişirdilib. Təbii, bu iqtidarın istəyi ilə baş verib. “Hizmət” hərəkatını az qala nəhəng bir güc kimi təqdim edirdilər. Ancaq indi görünür ki, bu təsəvvür son dərəcə şişirdilib. Sadəcə bir zamanlar bu şəxslər AKP-nin istəyi ilə istihbarat sisteminin bir neçə qoluna yerləşdirilib. İndi də həmin insanlar yerləşdirildiyi yerlərdən götürülür. Bu yaxınlarda Hakimlər və Prokurorlar Yüksək Qurumuna seçkilər keçiriləcək. Bu qurumda hərəkatın xeyli ismi var. Onlar yəqin ki, tutduqları mövqedən uzaqlaşdırılacaq. Çox ciddi bir mübarizə gedir. Çünki bu günə qədər “camaat”ın tamamilə sıradan çıxarılmasının qarşısını alan önəmli qurum SPYQ idi. Burada işlər AKP-nin planlarına uyğun davam etsə, hərəkat üzvlərinin durumu bir az da çətinləşəcək. Faktiki olaraq bu gün Türkiyəyə yaxın zamana qədər iqtidarı paylaşan iki qüvvənin çarpışması davam edir. Təbii, bu ölkəyə, xüsusən insanlardakı ədalət duyğusuna böyük ziyan verir. Bu gərilmələr insanların məhkəmə sisteminə inamını öldürüb. Ədalətin olmadı yerdə də sabitlik, təhlükəsizlik, rifah ola bilməz.
Aygün Muradxanlı






