İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atəşkəsə Ermənistanın xahişi ilə razılıq verdik” – prezident təmas xəttində işğalçının ağır durumunu anlatdı

2919 03.05.2016 07:45 Gündəm A A
Xəbər verildiyi kimi, mayın 1-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev öncə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib, burada hərbi hissənin qərargahı ilə tanış olub.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib. Daha sonra dövlət başçısı hərbi hissənin yeməkxanası ilə də tanış olub. Hərbi hissə ilə tanışlıqdan sonra Ali Baş Komandan şəxsi heyətlə görüşüb və onun qarşısında çıxış edib.

“Ordu quruculuğu siyasətimizin prioritetidir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib” deyən prezident artıq beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı artıq tam məlumatlı olduğunu söyləyib: “Biz bu illər ərzində bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik. Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırım törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir. Bu məsələ ilə məşğul olan Minsk Qrupunun həmsədrləri də son vaxtlar dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır... Bizdə olan məlumata görə, Ermənistana həmsədr ölkələr tərəfindən ciddi təzyiqlər göstərilir. Düzdür, onlar bunu açıq şəkildə bəyan etmirlər. Onlar həmişə çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən tərəf Ermənistandır. Bunu görərkən əlbəttə ki, onlar növbəti təxribatlara əl atmağa qərar verdilər. Bu da aprelin əvvəlində baş verdi. Yenə də onlar silahlı təxribat törətmiş, bizim mövqelərimizə hücum çəkiblər. Azərbaycan ordusu böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu və təmas xəttində bizim mövqelərimiz daha da möhkəmləndi. Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin”.

Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq”


Ölkə rəhbəri bir daha Azərbaycanın məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: “Lakin görüntü naminə danışıqların aparılmasının da heç bir mənası yoxdur. Əfsuslar olsun, Ermənistan yenə də özünü qeyri-səmimi aparır və aprelin 5-dən bu günə qədər elə gün olmur ki, atəşkəsi pozmasın. İlk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub. Mülki şəxslər həlak olub, yaralanıb. 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da yandırılıb. Bax budur, erməni faşizminin eybəcər sifəti. Onlar birinci Qarabağ müharibəsində də belə hərəkətlər edirdilər, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib. Bu gün də döyüş meydanında görəndə ki, gücü çatmır, dinc əhalini hədəfə götürür”.

“Azərbaycan dövləti mülki əhali ilə müharibə aparmır”


Ölkə başçısı, bununla belə, Azərbaycan dövlətinin, Azərbaycan ordusunun heç vaxt mülki əhali ilə müharibə aparmadığını xatırladıb: “Ancaq eyni zamanda Azərbaycan ordusu öz vətəndaşlarını qorumalıdır, qoruyur və qoruyacaq. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsin. Mən yenə də ümid edirəm ki, onların işğalçı siyasəti sona çatacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr də bunu bir daha göstərdi. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycanla sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular”. 

Prezidentin sözlərinə görə, dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. O,  bir daha düşməni xəbərdar edib: “Əgər bizə qarşı növbəti silahlı təxribat törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Çünki bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənib, artıb. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan ordusu maddi təchizat baxımından güclü ordular sırasındadır. Orduda nizam-intizam, döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu göstərdi. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib... Həm döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizat, silah, texnikanın alınması, vətənpərvərlik ruhu, hərbçilərimizin peşəkarlığı, məharəti, aprel döyüşlərində göstərdikləri şücaət və qəhrəmanlıq bizim böyük sərvətimizdir”.

*    *    *

Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar. Sakinlərlə söhbət zamanı prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.

Dünyada heç bir ölkə ərazi bütövlüyümüzü şübhə altına almır...”


Sonra dövlət başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəliblər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində olublar. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb. Sakinlərlə söhbət zamanı prezident bildirib ki, ordumuz döyüş meydanında öz qüdrətini göstərib, lakin ermənilər mülki əhaliyə atəş açırlar. Dövləti başçısı qeyd edib ki, bu kənddə də düşmən güllələrinin və mərmilərin törətdiyi fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.

Ermənistan nə qədər tez anlasa ki, ancaq Azərbaycanla sülh şəraitində inkişaf edə bilər, münaqişəyə bir o qədər tez son qoyular”


Prezident və xanımı daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəliblər. Burada onlar Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar. Sakinlərlə görüş zamanı Ermənistanın təxribatına Azərbaycan ordusunun layiqli cavab verdiyini deyən prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğulayıb və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirib, dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.

Həmin gün ölkə başçısı və xanımı Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə də baş çəkiblər. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini burada müalicə olunur. Dövlət başçısı və xanımı onların vəziyyəti ilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıblar.

Hazırladı: Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR