Bir daha Qərbdə Türkiyəyə qarşı münasibətin kökündə dayanan səbəblər haqqında
“Qərb cəbhəsində” həftənin hadisəsi Türkiyə və NATO arasındakı gərginlik oldu. Artıq hadisə ilə bağlı NATO baş katibi Türkiyədən üzr istəyib. Ancaq bu hadisə son illərdə onsuz da soyuyan Qərb-Türkiyə əlaqələrinə daha bir “yara” oldu.
Hadisə Norveçdə yerləşən NATO birgə Hərbi Mərkəzində 8-17 noyab tarixlərində keçirilən “Trident Javelin” adlı NATO təlimlərində baş verib. Təlimlərin sonuncu günü simvolik “düşmən qüvvələri” ölkə liderləri fotoları sırasında Mustafa Kamal Atatürkün fotosu yerləşdirilib. Bundan başqa təlimlərlə bağlı sosial media paylaşımında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adından saxta hesab açılıb və rəqib qüvvələri dəstəkləyən ifadələr verilib.
Bu detallar təlimlərə qatılan Türkiyə ordusu zabitləri tərəfindən aşkarlanıb. Hadisə barədə Türkiyə Baş Qərargahı məlumatlandırılıb və bundan sonra Türkiyə heyəti təlimlərdən geri çağırılıb. Ardınca Türkiyə prezidenti NATO-dakı hərəkəti sərt tənqid edərək bu hərəkətin müttəfiqliklə bir araya sığmadığını bildirib.
Bundan sonra NATO baş katibi Yens Stoltenberq Türkiyədən üzr istəyib. Eyni zamanda NATO-dan verilən yazılı açıqlamada hadisədə əli olan Norveç ordusu zabiti və bir texniki işçinin işdən atıldığı, eləcə də barələrində təhqiqat başladıldığı bildirilib.
Türkiyə prezidenti isə olaya sərt reaksiya verib, “belə ittifaq, belə müttəfiqlik olmaz” deyib. Türkiyə prezidenti haqlıdır əslində. Çünki birincisi, bu ilk hadisə deyil. Daha əvvəl də bənzər hadisələr olub. İkincisi isə nədənsə bu cür “texniki qüsurlar” məhz Türkiyəyə qarşı üzə çıxır. Digər tərəfdən, hesab eləmək olar ki, son illərdə Türkiyə-Avropa münasibətləri və Avropada Ərdoğan əleyhinə əks-təbliğat nəticəsində NATO-da çalışan “texniki işçi”nin də Türkiyə prezidentinə qarşı antipatiyası olub. Və bunu ilk fürsətdə beynəlxalq hərbi qurumda büruzə verib. Axı, Atatürk fərqlidir. Hətta Atatürk bu gün Avropanin özündə Ərdoğan tənqid olunarkən əks füqur olaraq zikr olunur. Türkiyədə modern, demokratik respublikanın, həm də Avropa ilə müttəfiqliyin əsasını qoymuş bir şəxsdir Atatürk. Məntiqlə, “avtoritarlaşan Türkiyənin simvolu Ərdoğana" münasibətlə Atatürkə münasibət fərqli olmalıydı. Avtoritar Ərdoğanı sevməyən bir avropalı Atatürkə hörmət bəsləməliydi.
Amma göründüyü kimi, NATO zabiti “hədəf taxtasına” Atatürkü də çıxarıb. Bu həm də Avropada türk düşmənliyinin Türkiyənin indiki hakimiyyətli ilə bağlı olması haqqında fikirləri, necə deyərlər çürüdür. Bu, təmiz türk düşmənliyidir. Avropalı şüurunda (hətta kütləvi olmasa belə - K.R.) yer alan türk nifrəti hələ də güclüdür. Əlbəttə, son hadisədə cəmi iki nəfər ifşa olunub və deyildiyi kimi barələrində təhqiqat başladılıb. Ancaq o da ayrı sualdır ki, NATO kimi hərbi qurumda bu cür məsələlər bir nəfərin əlindən çıxır. Yoxsa məlum “texniki xətalardan” başqalarının da xəbəri olub, amma göz yumub.
Aydın məsələdir ki, son illərdə Türkiyə və Qərb qurumları arasında soyuqluq var. Xüsusən də 2014-cü ildən sonra Türkiyə və Qərb ölkələri, xüsusən də ABŞ arasında Suriya mövzusunda fikir ayrılığı yarandı. Və ilk dəfə məlum oldu ki, Türkiyə və ABŞ Suriyada müttəfiq deyillər. Bunun ardınca Vaşinqtonun kürdləri dəstəkləməsi də göstərdi ki, Vaşinqtonun strateji maraqları nəinki Ankara ilə üst-üstə düşmür, əksinə ziddiyyət təşkil edir. Daha sonra qaçqınlar məsələsi, Rusiya ilə yaxınlaşma, Hava Hücumundan Müdafiə sistemləri mövzuları Türkiyə və Qərb arasında soyuqluğu dərinləşdirdi. Bu gün isə Avropa Birliyi Türkiyəyə üzvlük öncəsi yardım proqramını xəttilə ayrılan maliyyə yardımını 105 milyon avro azaldıb. Bu, ilk dəfə olaraq Türkiyəyə qarşı siyasi səbəblərlə sanksiya tətbiq olunması hadisəsidir.
Görünən odur ki, Türkiyə Avropa münasibətləri getdikcə pisə doğru yuvarlanır. Ancaq bunu yalnızca Türkiyənin indiki hakimiyyətinin üzərinə yıxmaq da insafdan deyil. Sadəcə ümumi mənzərə belə deməyə əsas verir ki, Türkiyə artıq Qərbin əvvəlki sözəbaxan müttəfiqi olmaq istəmir.






