“At ilində 5 nazirimiz və deputatlar siyasi səhnədən gedəcək”
2013-cü il yekunlaşmaq üzrədir. Astroloji hesablamalara görə, İlan ili öz yerini At ilinə verməyə hazırlaşır. Şərq ulduz falına əsasən 2014-cü il Göy Atların ili olacaq. Amma astroloqların bəziləri ilin təqvim üzrə - yanvar ayında yox, martın ikinci yarısında dəyişəcəyini bildirirlər. Yəni qarşıdakı üç ay ərzində də İlan ilinin “qayda-qanun”ları hökm sürəcək. Bəs, At ilində bizi nələr gözləyir? İl hansı bürclər üçün düşərli olacaq?
Bu suallarla astroloq Səbuhi Rəhimliyə müraciət etdik. Müsahibimizdən ilk öncə At ilinin həyatımıza konkret olaraq hansı gün girəcəyini soruşduq. S.Rəhimli 2014-cü ilin yanvarın 31-i saat 02:39-da qədəm qoyacağını dedi: “2014-cü il göy rəngli, ağac ünsürlü At ilidir. Bəzən buna göy taxta at ili də deyirlər. Bəzi mənbələrdə deyirlər ki, il Novruzdan başlayır. Bu, tamam yanlışdır. Novruzdan başlayan il də var, amma bu, Zərdüştlük astrologiyasıdır. Avesta qoroskopuna görə, dünya Novruzda təzələnir, yeni il gəlir. Amma Çin qoroskopuna görə, hər ilin özünün başlanma vaxtı var. 12 illik dövr Yupiterin hərəkətinə uyğun hazırlanıb. İslamda 28 günlük Ay təqvimi olduğu kimi, Çin qoroskopunda da Yupiterin hərəkətinə görə təqvim var. Yupiter sutökən bürcünün aralığında dəyişir. Yəni yanvarın 20-dən fevralın 19-a qədər. Məsələn, 2014-cü il yanvarın 31-i 02:39-da başlayacaq. 2015-ci il fevralın 18-i isə keçi ili başlayacaq”.
S.Rəhimli gələn ilin heç də sakit keçməyəcəyini dedi: “Göy At ilinin gəlişi heç də firavanlıqdan xəbər vermir. Əgər yola saldığımız İlan dövrünün ən qalmaqallı hadisələri Suriyada baş verənlər olmuşdusa, bu dəfə daha qorxulu olaylar mümkündür. "Avesta" təqviminə görə, bu il Xeyirlə Şər qüvvələri bərabərləşəcək. Bu isə qızğın mübarizənin gedəcəyinə zəmin yaradacaq. Təxminən may ayınadək sürəcək mübarizədə ədalət tərəfdarları üstünlüyü ələ alacaq, amma onu saxlamaq çox çətin olacaq. İlin astronomik işarəsi olan Atın göy rəng daşıması ictimai-siyasi prosesləri nəzarətdən çıxarmağa çalışacaq və əksər hallarda buna nail olacaq. Məhz göstərilən amili əsas götürən qədim insanlar Göy Ata ehtiyatla yanaşır, onu şər qüvvə adlandırır, onun yalnız bədbəxtlik gətirdiyini zənn edirdilər. Astroloji mənbələrə görə, Göy At ilinin üzərinə düşən başlıca vəzifə milli, dini və mistik məsələlərin həllidir. İnsanları narahat edən qlobal problemlər, dünyanın gərdişi, insanların birləşməsi, vətənimiz olan Yerin qorunması 2014-cü ilin əsas öhdəliklərindən olacaq. Bir amili də nəzərinizə çatdıraq ki, At ilində daha çox öz yolu olan konkret məslək daşıyıcıları, ədalət tərəfdarları, yüksək bilik sahibləri, incəsənət xadimləri, ilahi missiyaya xidmət edənlər, bir sözlə Allaha sığınanlar üçün uğurlu keçəcək. Əgər hər kəs “Avesta”da deyildiyi kimi xeyirxah fikrə, xeyirxah sözə və xeyirxah əmələ xidmət etsə, onun bəxti gətirəcək. Bu sıraya Allahın kamilliyindən bəhrələnən, İlahi qaydaları pozmayan öncəgörənlər də şamildir. Ötən dövrlərin sözügedən illərində həddindən ziyadə qanlı hadisələr olub. Elə bu səbəbdən əhali arasında təşviş var. Düşünürlər ki, il çapar At ilində təsvir olunduğundan müharibələr, çoxsaylı qırğınlar, təbii fəlakətlər geniş vüsət alacaq. Düzdür, narahatçılığa xeyli səbəblər var, amma bəla çəkənlərin çoxu günahkarlar olacaq. Unutmayaq ki, At illərində qəfil yüksəlişlər və qəfil enişlər baş verir. Həyatın dibində çabalayan, buna baxmayaraq qəlbində Allah sevgisi gəzdirənlər heç kimin gözləmədiyi zirvələri fəth edəcək: “Firavan ömür sürüb Allahını unudanlar, hamıya yamanlıq edənlər, hətta ölkələrə rəhbərlik etsə belə, zəlil günə qalacaqlar. Bax, Atın belə xüsusiyyətləri də var”.
Ümumilikdə ilin necə keçəcəyinə gəlincə isə S.Rəhimli ilin birinci yarısının çox çətin keçəcəyini bildirdi. O, Bu dövrdə qlobal dəyişikliklər, standartdan kənar olaylar, reallığa bənzəməyən situasiyaların mümkün olduğunu dedi: “Qalib olmaq üçün çox və riskli öhdəliklər götürülməmək, məsuliyyət hissini artırmaq lazımdır. Bir sözlə, insanlar baş verən halların məntiqi gedişatını anlamaqda çox çətinliklər çəkəcəklər. Dünyanı idarə edən gizli və nəhəng qüvvələr arasında ciddi qarşıdurmalar olacaq. Heç kimin gözləmədiyi liderlərin meydandan getməsi, zəif bilinən insanların isə siyasət meydanında parlaması nəzərə çarpacaq. Yeni liderləri də görəcəyik. Bir sözlə, dünyanın siyasi mənzərəsi kifayət qədər dəyişəcək”.
Astroloqun fikrincə, ilin ikinci yarısı qismən sakit keçəcək: “Evlənmək, ailə problemlərini həll etmək, tikinti və təmir üçün çalışmaq yaxşı olar. Amma Şərqin qaynarlığı, alovları da tədricən Qərbə doğru sürüşəcək. Lakin bu hal hələ təməl müstəvisində olacaq, çünki əsas səsin 2015-ci ilə keçəcəyi proqnozlaşdırılır. İlin bu dövründə dini və texnoloji yönümdə tərəqqini də müşahidə edəcəyik”.
S.Rəhimli At ilində ölkəmizdə 5 nəfərə yaxın nazirin, deputatın sensasiyalı gedişinin gözlənildiyini söylədi: “Azərbaycana gəlincə, heç də sakit ilin şahidi olmayacağıq. Yaz aylarında ölkədə gərginliyin şahidi ola bilərik. Bu, təkcə siyasət, məsələn, müxalifət iqtidar müstəvisində deyil, cəmiyyət-hakimiyyət müstəvisində də nəzərə çarpacaq. Xarici müdaxilələr də qabarıq şəkildə özünü göstərəcək. Gözlənildiyi kimi olmasa da, qismən bahalaşma olacaq. Bu il Veneranın təsir imkanları artması səbəbindən evliliyin sayı daha çox olacaq. Sevgi üzərində qurulmayan izdivacların pozulması halları isə artacaq”.
Gələn ilin daha çox Tərəzi və Buğa bürcü üçün düşərli olacağını deyən S.Rəhimli At ilinin hava və torpaq ünsürü olan bürclər üçündə rahat keçəcəyini bildirdi: “İl venera ilində təhvil olunduğuna görə sevgidə, izdivacda uğur gətirəcək. Sevgi ilə qurulan evliliklər daha çox olacaq. Məqsədli evliliklərdə isə ayrılıqlar olacaq. Veneranın himayəsində iki bürc var, tərəzi və buğa. Buğanı gündüz idarə edir, tərəzini gecə. Ona görə bu iki bürcü üçün daha uğurlu ildir. Ümumilikdə hava və torpaq ünsürlü bürclər üçün at il daha yaxşı keçəcək. Amma bu, o demək deyil ki, digər bürclər üçün il pis keçəcək. Sadəcə olaraq hava və torpaq ünsürlülər üçün il daha rahat olacaq”.
S.Rəhimli At ilinin ən incə detallarını - uğurlu, uğursuz günləri, saatlarını da açıqladı:
İlin müddəti: 31.01.2014-18.02.2015
İlin planeti: Venera
İlin uğurlu ayları: may, oktyabr
İlin uğursuz ayları: aprel, noyabr
İlin düşərli günü: cümə, şənbə
İlin ağır günü: çərşənbə axşamı, bazar
İlin düşərli təqvimləri: 2, 4, 6, 7, 8, 9, 15, 19
İlin numeroloji rəqəmi: 7
İlin uğurlu saatları: 04:00-06:00; 12:00-14:00; 20:00-22:00
İlin uğursuz saatları: 00:00-02:00; 08:00-10:00; 16:00-18:00
İlin aparıcı bürcləri: Buğa, Tərəzi
İlin aparıcı işarələri; At, Pələng, İt
İlin rəngi; göy, yaşıl, mavi
İlin daş-qaşı; sapfir, opal, almaz, mirvari
İlin metalı; mis, bürünc
İlin çiçəyi: bənövşə, qızılgül
İlin talismanı: yapalaq, ürək
İlin aktiv əraziləri: Qafqaz, Yaxın və Uzaq Şərq, Rusiyanın Sibir hissəsi, Avstriya, Avstraliya, İsveçrə.
Günel MANAFLI






