İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞURA - QİYAMƏTƏDƏK YAŞAYACAQ MƏKTƏB

954 23.11.2012 09:12 Yazarlar A A

Rəsulallahın (s) insanlığa Hüseyn (ə) xəbərdarlığı

Dünyada coğrafiyasından asılı olmayaraq harada ki, İmam Hüseyni (ə) sevənlər var, Məhərrəm ayı gələn kimi o toplumun halı dəyişir, ruhiyyəsi əvəzlənir, ovqatı dəyişir, hətta geyimi də dəyişir. Bir, iki, on il deyil, əsrlərlə insanların içərisində belə bir hal var. İnsanların içərisində bir həratər, sızıltı var. İmam Hüseynin (ə) adı gələndə həmin sızıltı, hərarət onu hərəkətə gətirir. Əziz İslam Peyğəmbəri (s) bu istiqamətdə çox nurani bir xəbərdarlıq edir. Əziz Rəsulallah (s) insanlığa, bəşərə xəbərdarlıq edib ki, imanı olan insanların içərisində xüsusi hərarət mövcud olar. Həmin hərarət Əba Əbdillah (ə) ilə bağlıdır. Həmin hərarət heç bir zaman sönmür və soyumur. Qiyamət gününə qədər həmin istilik və hərarət öz təsirini göstərməkdədir. Həzrət Peyğəmbər (s) mübarək hədisdə buyurur: “Möminlərin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı bir hərarət var ki, heç vaxt sönməyəcək və soyumayacaq”. Həzrət Peyğəmbərin (s) İmam Hüseyn (ə) barədə xəbərdarlıq etdiyi istilikdir ki, indi bizi əzadarlıq məclislərinə aparır. Həmin hərarətdir ki, İmam Hüseyni (ə) sevəni Məhərrəm ayı daxil olarkən hərəkətə gətirir.

Hüseyn (ə) əzadarının halı dəyişər

Əxlaq ustadları, ariflər Məhərrəm-Səfər əyyamı ilə bağlı xüsusi tövsiyələr edir. Xüsusilə onların tövsiyələri əyyamın birinci ongünlüyü ilə bağlıdır. Dəyərli tövsiyələrdə buyurulur: “Bu ongünlükdə məqsədəuyğundur ki, Əhli-beyt (ə) dostlarının halı dəyişsin, qəlblərində və üzlərində böyük və ağrılı müsibətin qəminin və ağrısının əlamətləri görsənsin. Allaha və Rəsuluna (s) sevgi, vəfadarlıq və iman buna hökm edir”.
Bəli, gərək bu ayda hallarımız dəyişsin. Qəlblərimizdə, üzlərimizdə bu böyük və ağrılı müsibətin qəminin və ağrısının əlamətləri görsənsin. Əgər iman sahibiyiksə, içərimizdə bu istilik və hərarət varsa, bu hərarət hallarımızın dəyişməsinə səbəb olacaq. Biz onsuz da həmişə bu dünyanın məşğuliyyətləri, cürbəcür əyləncələri ilə başımızı qatırıq. Dünyanın işləri hamımızı məşğul edib. Kimsə düşünürsə ki, beş işi olacaq və onları qurtarandan sonra Allaha bəndəlik edə biləcək, yanılır. O beş işi görüb qurtardıqdan sonra insan görəcək ki, daha on beş işi çıxıb. Bunlar niyə həll olub qurtarmır? Çünki, insanın içərisində sönməyən nəfsani istəklər var. Onlar şölələnir, alovlanır, alovlandıqca da insanı müxtəlif işlərin ardınca olmağa motivləşdirir.

Daxilimizdə də bir kərbəla var

Gedək Kərbəla səhnəsinə... Kərbəla səhnəsinin tərəfləri bəllidir. Bir tərəfdən Həzrət Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn - Əba Əbdillah (ə), digər tərəfdə isə Yezid (lən).
Amma bu səhnə həm də bizim içərimizdə mövcuddur. Müsbət daxili tutumumuz, ağlımız, mənəvi halətimiz bir şeyi deyir, nəfsani istəklər isə insanı başqa istiqamətə aparır. Bunlar hər gün içərimizdə toqquşur, hər gün içərimizdə savaş gedir. Bizim daxilimdə də bir Kərbəla var. Hər zaman ki, nəfsani istəklər qalib gəlir, o zaman içərimizdəki Yezid (lən) qalib gəlir. O zaman insanın öz müsibəti başlayır. Biz hər gün bu müsibəti yaşayırıq. Bir tərəfdən daxilimizdəki mənəvi hal bizi müsbətliklərə doğru aparır, digər tərəfdən isə nəfsani istəklər bizi uçuruma doğru aparır. Bunlar hər gün içərimizdə toqquşur. Bəzən vəziyyət o qədər pisləşir ki, içərimizdəki yezid (lən) daha çox hallarda qalib gəlir.
İnsan hər şeyə vaxt çatdırır, bircə özündən başqa. İnsan özü ilə məşğul olmur. Zaman baxımından Ərəbistan coğrafiyasında da vəziyyət o cür idi, indi də bu cürdür. Texnoloji inkişaf vəziyyəti bir qədər də qəlizləşdirib. Nəfsani istəklər bir qədər də rəngarəngləşib. Hər şey daha əlçatan olub.
Əba Əbdillah (ə) və Əhli-beytin (ə) böyüklüyü bundadır ki, savaşlarında əql və mənəvi tutumları həmişə, hər zaman qalib gəlib. Onlar nəfsani istəklərini nəzarətə ala biliblər, daima cilovlaya biliblər. Bu nəfsani istəkləri nəzarətə aldıqdan sonra mənəvi tutum üstün gəlir. Əgər nəfsani istəklərin dəyəri olsaydı, onların həyatımızda üstünlük təşkil etməsinin həyatımıza müsbət təsiri olsaydı, Əba Əbdillah (ə) onları seçərdi. Əgər Əhli-beyt (ə) nəfsani istəklərin üstünlüyünü, onların prioritetliyini seçməyiblərsə, deməli, onların heç bir dəyəri yoxdur. Tarixin sözün ən müsbət mənasında ən zirək insanı Həzrət Əmirəlmöminindir (ə) - İmam Əlidir (ə). Amma Əmirəlmöminin (ə) bunları seçməyib. Dünya özünü təqdim edəndə də Həzrət Əli (ə) bunu seçmir.

Xalqın hər il yaşadığı iradəvi kədər

Bizi tərbiyə edəcək pak və mübarək Məhərrəm-Səfər əyyamının xüsusiyyətlərindən biri budur ki, biz bir neçə baxımdan düzələ bilərik. Birinci tərəfdən, içərimizdə olan istilik işə düşür. Əba Əbdillahın (ə) adı gələndə istər-istəməz hərəkətə gəlirik.
İnsanları bir çox başqa şeylər ətrafında toplaya bilirlər. Bütün televiziya, təbliğat vasitələri bunun üçün işləyir, amma uğur qazana bilmirlər. Amma əsrlərdir ki, xalqın, elin içərisində Əba Əbdillaha (ə) əzadarlıq məclisləri yaşadılır. Bu xalq doğurdan da böyük xalqdır. Dünyada neçə belə xalq var ki, Məhərrəm ayı gələn kimi şadlıqlarını, toylarını dayandırır? Bu hələ o durumda baş verir ki, televiziyalar bu xalqın ixtiyarında deyil. Əgər xalqa xidmət etsəydi, xalqın duyğuları ilə yaşasaydı, onlar da iki ay müddətinə ən azından ədəb-ərkana riayət edərdilər.
Əba Əbdillah (ə) məktəbini hər zaman xalq, el-oba yaşadıb. Daxildən istilik olub və bu istilik insanları hərəkətə gətirib.

Əgər dünyanın bir dəyəri olsaydı...

Bu müsibətin yaşadılmasının ikinci tərəfdən tərbiyəedici xüsusiyyəti var. Əba Əbdillaha (ə) baxan insan anlayır ki, əgər dünyanın bir dəyəri olsaydı, İmam Hüseyn (ə) Mədinədən yola çıxıb bu işləri görməzdi. Əgər İmam Hüseyn (ə) dünya dalıyca olsaydı, altı aylıq balası Əli Əsğərin, (r.ə), Əli Əkbərin (r.ə) Aşurada nə işi var idi? Əgər İmam Hüseyn (ə) dünya dalıyca olsaydı Həzrət Zeynəbi (s.ə) niyə Kərbəlaya gətirirdi?
Bu məktəbi yaşatmaq və diri saxlamaq ona görə də hər bir insanın borcudur. Xüsusilə gənclərin Kərbəla məktəbinin yaşadılmasında böyük rolu var. Bu irs illər ərzində yaşadılaraq, bizlərə təhvil verilib. İndi bizim, xüsusilə gəncliyin borcudur ki, Kərbəlanı yaşatsın, ona sahib çıxsın. Bəzi insanlar olacaq ki, mərsiyənin, növhənin, rövzənin, sinə vurmaların lazım olmadığını iddia edəcək. Tarixən də belə insanlar olub. Bunların hamısı Kərbəla məktəbini aradan aparmaq üçündür.

Bizə çatan bərəkətlər Kərbəladandır

Böyük alimlərimizdən biri tövsiyələrində buyurur: “O sünnəti rövzələri və o müsibətləri diri saxlayınız. Bizə çatan nə bərəkət varsa, onlardandır. Bu bərəkətlər Kərbəladandır. Kərbəla və Seyyiduş-Şühədanın (ə) mübarək adını diri saxlayınız ki, onun diri qalması ilə İslam diri qalır”. Rövzə və mərsiyələri diri saxlamaq - o deməkdir ki, onları qorumalıyıq, yaşatmalıyıq. Əzadarlıqlar təşkil olunmalı və həmin əzadarlıqlarda İmam Hüseynin (ə) Kərbəla müsibəti insanlara çatdırılmalıdır. Necə ki, İmam Hüseyn (ə) Kərbəlanı yaşamaqla İslamı diriltdi, onu bir din olaraq aradan getməyə qoymadı, eləcə də Kərbəla müsibətini diri saxlamaqla İslam dininin diri qalmasına səbəb olarıq. Bizim əldə etdiyimiz bütün bərəkətlər İmam Hüseynin (ə) əzadarlığındandır.

İmam Hüseyn (ə) Kərbəlanı özü belə tanıdır

Təbərrük üçün İmam Hüseynin (ə) müsibətinin bir neçə məqamına da diqqət yetirmək yerinə düşər. Seyyid ibni Tavus nəql edir: “Əba Əbdillah (ə) çatanda soruşdu ki, bu yerin adı nədir? Kərbəla adını eşidən zaman buyurdu: ”Bu yer bizim yerə endiyimiz və bizim qanımızın yeri və qəbirlərimizin yeridir. Bu xəbəri cəddim Rəsulallah (s) bizə vermişdir. Bura çətinlik və bəla yeridir. Bura miniklərimizi oturtduğumuz bir yerdir. Karvanlarımızın yükünü saldığımız yerdir. Kişilərimizin qətligahı, qanlarının tökülən yeridir. Bura - Kərbəladır. Bura bir yerdir ki, burada Aşura günü bir səhnələr yaşanacaq ki, insan, bəşərriyyət o səhnələri hər zaman dərk edəndə dəhşətə gələcək, heyrətlənəcək".
Aşuranı dərk etmək üçün dünyada qəbul olunmuş müvəqqəti dəyərlərə söykənən məntiqlər yetərli olmur. Bu dəyərlərlə Aşuranın niyə baş verdiyini anlamaq olmur. Müvəqqəti, ötəri dəyərlərə söykənən nəsnələrlə Əli Əsğərin (r.ə), Əli Əkbərin (r.ə), Həzrət Zeynəbin (s.ə) Aşurada nə işinin olduğunu anlaya bilmək olmur. Bu dəyərlərlə Əba Əbdillahın (ə) öz ailəsi ilə birlikdə Mədinədən çıxıb Kufəyə yola düşməsini, oradan Kərbəlaya getməsini, burada şəhid olmasını anlamaq olmur. Bu gün dünyanın naqis dəyərlər sistemində bəndəlik, Allahın razılığı anlayışları tükənib. Bəndəlik anlayışı olmayan yerdə Kərbəla, Aşura günü baş verənlər anlaşıla bilməz.

Yalnız Allah bəndələrinin dərk edə biləcəyi bir müsibət

Əba Əbdillah (ə) sözünün mənası çox zaman bəziləri tərəfindən anlaşılmır. Alimlər deyir ki, bu heç də “hansısa Abdullah adında olan bir insanın atası” mənasında deyil. Burada söhbət bir keyfiyyət daşıyıcılığından gedir. Əba Əbdillah (ə) - yəni “Allah bəndəsinin atası”. Allaha bəndəlik məktəbi var. İmam Hüseyn (ə) Allah bəndələrin atasıdır. Bu Allah bəndəliyi məktəbinin şagirdlərinin atası İmam Hüseyndir (ə). İmam Hüseyn (ə) bəndəliyin ən yüksək nümunəsidir. Necə ki, uşaq öz tərbiyəsini düzəltmək üçün atasına baxar, elə də Allaha bəndə olmaq istəyən vücudi atası olan İmam Hüseynə (ə) baxar. Bəndəlik məktəbinin körpələri, uşaqları, şagirdləri Kərbəla məktəbinə baxaraq bəndəliyi öyrənir. Kərbəla - başdan-başa bəndəlik məktəbidir. Burada hər bir şey bəndəlik anlayışı olan zaman anlaşılır. O zaman biz Əba Əbdillahın (ə) niyə Kufəyə getməsini, oradan niyə Kərbəlaya gəlməsini, ən yaxınlarını, ailəsini özü ilə gətirməsini anlayırıq. Anlamaq olur ki, necə özü susuz olduğu bir vaxtda Yerzidin (lən) qoşununun əsgərinə su içizdirir.
Həzrət Əbəlfəzli (r.ə) də anlamaq üçün bəndəlik məktəbinin şagirdi olmaq lazımdır. Özü susuz olan halda su əldə etməyən böyük şəxsiyyətin bu davranışını dərk etmək üçün bəndə olmaq gərəkdir. Hürrü anlamaq üçün bəndəlik yolunu getmək lazımdır. Maddi səadətə çatmağın bir astanalığında Hürr anlayır ki, mənəvi zəlalətə yuvarlanır. Hürr bəndəlik və Allahın razılığı baxımından anlayır ki, hansı qələtləri edib. Əba Əbdillahın (ə) yanına gəlir və tövbə edir. Hürr gerçək peşmançılığın dərsini bizə keçir.
Bu ongünlük həm də gerçək tövbələr zamanıdır. İçərimizdə olan yezidə (lən) nə qədər qələbə çalmağa imkan vermişik? İndi daxilən paklanmaq, qəsavətlərimizi yumaq zamanıdır. Bu məktəbin şagirdləri əsl eşqi anlayar.

Hər mənada dərs götürülməli səhnələr

Aşuranın zöhründən sonra baş verənləri yalnız Alllah bəndəlik, eşq məktəbinin şagirdləri anlayar. Allah bəndəsi vücudən Əba Əbdillahın (ə) tikə-tikə doğranmış bədəninə nəzər salanda, onun yanağından öpən Həzrət Rəsulallahı (s) yada salar. İndi həmin yanaqlar doğranıb, Peyğəmbərin (s) öpdüyü boğaz kəsilib. Rəsulallahın (s) gül balası olan Hüseyni (ə) ən şiddətli zülm ilə qətlə yetiriblər.
Əslində insanın İslamın mahiyyətini dərk etmək üçün baxmalı olduğu səhnələrdir. İnsan baxmalıdır ki, özü həyatında eyni səhvləri təkrarlamasın. Baxmalıyıq ki, içərimizdə hər gün gedən savaşda mənəvi tutumumuzun qalib gəlməsinə imkan yaradaq. Çünki İmam Hüseyni (ə) Kərbəlada qətlə yetirənlər, bir zaman öz daxilində olan yezidlərin (lən) qalib gəlməsinə imkan verənlər idi.
Allahım, bizlərə Kərbəlanın bəndəlik məktəbini dərk etməyi və yaşamağı nəsib et! Allahım, bizlərə öz daxilimizdə olan yezidə (lən) - nəfsi istəklərimizə qalib gəlməyi nəsib et! Amin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR