İnsanlara hürriyət, millətlərə istiqlal!

Astara Rayon Təhsil Şöbəsindən katibə ilə direktor arasındakı qalmaqalla bağlı AÇIQLAMA

1181 30.01.2023 16:34 Ölkə A A


Astara rayon təhsil şöbəsi rayonun  F. Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Ülviyyə Bayramova ilə həmin məktəbin kargüzarı Validə Məmmədova arasında yaranan mübahisə ilə bağlı Musavat.com-un sorğusuna cavab verib. 

Yada salaq ki, 6 saylı tam orta məktəbdə 23 il katibə işləyən Validə Məmmədova Musavat.com-a müraciət edərək çalışdığı məktəbdə təzyiqlərə məruz qaldığını bildirib və bu məsələnin araşdırılmasını xahiş etmişdi. Musavat.com-da yayımlanan “Astara şəhər 6 saylı orta məktəbdə katibə ilə direktor arasında qalmaqal” yazısında hər iki tərəfin mövqeyi dərc olunmuşdu.

Astara rayon Təhsil Şöbəsinə ünvanlandığımız sorğuya cavabda bunlar qeyd edilir: “Astara şəhər F. Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Ülviyyə Bayramova ilə həmin məktəbin kargüzarı arasında yaranan münaqişə ilə bağlı xəbər saytlarında yer alan məlumata aydınlıq gətirmək üçün Astara rayonu üzrə təhsil sektoru əməkdaşları tərəfindən təkrar araşdırılma aparıldı. Bayramova Ülviyyə Aydın qızı direktorların işə qəbul müsabiqəsindən keçərək Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə 03.02.2020-ci ildən Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib.

Məktəbin kargüzarı Məmmədova Validə Məcid qızı direktora oğlu Nəcəfov Səid Halik oğlunun işə götürülməsi ilə bağlı müraciət edib. Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və  müharibə iştirakçılarından  müraciət edən olmayacağı təqdirdə Validə Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib. Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi Validə Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub. Validə Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq, direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları qanuna müvafiq olaraq araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən  sui-istifadə,  rüşvətxorluq  və korrupsiya hallarının olmadığı müəyyən edilib. Direktor Ülviyyə Bayramova dəfələrlə əsassız olaraq şərəf və ləyaqətini təhqir etdiyinə görə  Validə Məmmədova barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Validə Məmmədova məhkəmənin ona bəraət vermədiyi halda apelyasiya şikayəti verəcəyini bildirib: “Mənim həyat yoldaşım da Birinci Qarabağ Savaşında vuruşub. Amma mən budan heç zaman istifadə etməmişəm. Oğlumu da həmin qadının yerinə işə düzəltməyə xahiş etməmişəm. Deyilənlərlə razılaşmıram, mübarizəmi davam etdirəcəyəm”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR